Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib.
Görüşdə xidmətin əməkdaşı Rahib Kərimov iştirakçılara əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, onların hüquq və azadlıqları, əməkçi miqrantların hüquqları, onların vəzifələri və məsuliyyəti haqda məlumat verib. O deyib ki, Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüquqları vardır. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud həbs olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində hərəkət edə və yaşayış yeri seçə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırılıb ki, hərəkət etməyə və yaşayış yeri seçməyə məhdudiyyətlərə ancaq Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yol verilir. Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr ilə digər qaydalar müəyyən olunmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək münasibətlərində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlardan istifadə edir, eyni vəzifələri daşıyırlar. Azərbaycan Respublikasına müəyyən müddət əmək fəaliyyəti ilə məşğul olmaq üçün gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək fəaliyyəti ilə müəyyən olunmuş qaydada məşğul ola bilərlər. Müəyyən vəzifələr tutmaq, yaxud müəyyən fəaliyyət növləri ilə məşğul olmaq Azərbaycan Respublikası vətəndaşlığı ilə şərtləndirildiyi hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər.
Tədbirdə slaydlar vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə onların toxunulmazlıq, Azərbaycan Respublikası ərazisində hərəkət etmək və yaşayış yeri seçmək, əmək, investisiya və sahibkarlıq fəaliyyəti, nikah və ailə münasibətləri, istirahət, sağlamlığın qorunması, sosial təminat, mənzil hüququ, vicdan azadlığı, təhsil hüququ, ictimai birliklərdə iştirak etmək hüququ və digər hüquq və vəzifələr haqda ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda görüş iştirakçılarına “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı paylanıb.
Xəbərlər şöbəsi