23 Dekabr 2024, Bazar ertəsi

2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müşavirə keçirilib. 

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq nazirlik tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı artıq bir neçə ildir, qazanılan təcrübə qışa hazırlığı vaxtında yerinə yetirməyə, mövsümü təhlükəsiz şəkildə başa vurmağa imkan yaradır. Nazirliyin balansında olan inzibati binaların qızdırılması üçün məhkəmələr üzrə 10, tabe qurumlar üzrə 9 qazanxana, 2 kombi sistemi quraşdırılıb. Bütövlükdə, quraşdırılan 19 qazanxana və 2 kombi istilik sistemi yenidir. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində su qızdırıcıları yenilənib və relyefə dözümlü avadanlıqlarla əvəz olunub.

Payız-qış mövsümünə hazırlıqla bağlı görüləcək işlər barədə danışan nazir qeyd edib ki, cəzaçəkmə müəssisələrinin bütün tələbatları nəzərə alınaraq məhkumların isti geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı üzrə istifadəsi diqqət mərkəzində saxlanılmalıdır. Şəxsi heyətin qış mövsümü ilə bağlı geyim dəstləri ilə təminatına önəm verilməli, onların vaxtında xidmət yerinə gedib-qayıtması üçün avtobus saz vəziyyətdə olmalıdır. Nazirliyin, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin inzibati binalarının istiliklə fasiləsiz təmin edilməsi üçün tədbirlər həyata keçirilməlidir. Qazanxanaların təlim keçmiş və bu barədə sertifikat almış əməkdaşlar tərəfindən istismar edilməsinə diqqət yetirilməlidir. Nazirliyin balansına daxil olan bütün avtomaşınların sazlığı yoxlanılmalı, texniki cəhətdən qışa hazırlıq ən yüksək səviyyədə hə­yata keçirilməlidir. Qazdan və elektrik enerjisindən səmərəli istifadə olunmalı, qış mövsümünə uyğun ərzaq məhsullarının tədarükü təmin edilməli, yerli məhsullara üstünlük verilməlidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi, ədliyyə polkovniki Şahin Təhməzov çıxış edərək bildirib ki, 15 inzibati və yardımçı binadan ibarət olan, sahəsi 25 hektara yaxın penitensiar müəssisələr kompleksində qazanxanaların fasiləsiz işləməsi, məhkumların isti geyimlə, keyfiyyətli ərzaqla təmin olunması, o cümlədən onların sağlamlığının qorunması istiqamətində bu günədək bir sıra işlər görülüb, bu sahədə tədbirlər davam etdirilməkdədir. Müəssisələrin istilik sistemini, ümumilikdə, 4 ədəd qazanxana təmin edir. Qazanxanaların işlədilməsi üçün qazanxana maşinisti kurslarını bitirmiş əməkdaşlardan və məhkumlardan istifadə olunur. Qazanxanaların, su nasoslarının, istilik xətlərinin daim saz vəziyyətdə olması üçün lazımi işlər görülüb. Bu il yataqxana və kameralarda, eləcə də tibbi-sanitar hissənin yoluxucu bölməsində, bütün rejim korpuslarında, klublarda, yeməkxanalarda cari təmir işləri aparılıb. Yanacaq ehtiyatı yaratmaq məqsədilə əlavə olaraq 4000 litr dizel yanacağı alınaraq çənlərə doldurulub, yay mövsümü ərzində işlədilmiş qaz balonlarının yenidən doldurulması təmin olunub. Qış vaxtı yolların bağlanma ehtimalı nəzərə alınaraq anbarlarda quru çörəyin – lavaşın tədarük olunması oktyabr-noyabr aylarının ərzaq sifarişi cədvəlinə salınıb. Məhkumların qış mövsümündə keyfiyyətli ərzaqla, isti geyim dəstləri ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Ərzaqların payız-qış mövsümünə uyğunlaşdırılması, əsasən yerli məhsullardan istifadə olunması ilə əlaqədar “Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanıb.
Müşavirədə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Qəzənfər Mahmudovun, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, ədliyyə polkovnik-leytenantı Möhbalı Tağıyevin çıxışları olub, Mühafizə Taqımının komandiri Rəşad Cəlil­ovun, İstintaq Təcridxanasının rəisi Mahir Hümbətovun hesabatları dinlənilib. Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərov payız-qış mövsümü ilə əlaqədar nazirliyin tədbirlər planı ilə tədbir iştirakçılarını tanış edib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR