Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı olduqca aktual bir mövzuya həsr olunmuşdur. Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki əhəmiyyəti, yeri və mövqeyi araşdırılmışdır.
Kitab Asiya ölkələrinin beynəlxalq siyasətdəki yerinin müəyyənləşdirilməsi baxımından bu sahədə mövcud boşluğu aradan qaldıran əhəmiyyətli tədqiqat materialıdır. Əsər bir çox cəhətdən aktual və əhəmiyyətlidir. Hər şeydən əvvəl ona görə ki, dünya əhalisinin yarıdan çoxunun Asiyada cəmləşməsi bu qitənin cazibə qüvvəsini artırmışdır. Artıq Asiya ölkələri beynəlxalq münasibətlərin ön sırasında çıxış edən ciddi və əhəmiyyətli dövlətlərdir. Asiya qitəsini, Asiya ölkələrini öyrənmək müasir dünya siyasətini, beynəlxalq münasibətlərin yeni mənzərəsini dolğun, əhatəli və obyektiv şəkildə təsəvvür etməkdə mühüm əhəmiyyətə malikdir. Məhz bu baxımdan Rza Talıbovun əsəri Asiya ölkələrinin beynəlxalq siyasətdə oynadığı rolun müəyyənləşdirilməsində alim və tədqiqatçılara işıq tutan dəyərli elmi mənbədir.
Kitab 6 fəsildən ibarətdir. Üç yarımfəsildən ibarət olan birinci fəsildə Çin Xalq Respublikasının beynəlxalq münasibətlər sistemində oynadığı rol, tutduğu mövqe və nüfuzu araşdırılmışdır. Müəllif bu fəsildə çox incə məqamlara xüsusi diqqət çəkmiş, ölkənin keçmişi və bu günü haqda oxucuda dolğun təəssürat yarada bilmişdir.
Məlum olduğu kimi, Uzaq Şərq XIX əsrdə müstəmləkəçiliyin iki aktiv sahələrindən biri idi. Sənaye inqilabını tamamlamış dövlətlər bu regionda daim münaqişə içərisində olmuşdular. Uzaq Şərqin ən böyük dövlətlərindən olan Çinin Avropa ilə əlaqələri XIII əsrə qədər gedib çıxır. Lakin Orta əsrlərdən başlayaraq Çinin Avropa ilə əlaqələri kəsildi. Bu dövlət öz qapılarını Qərbə bağladı, bunun da əsas səbəbi Qərb dövlətlərinin Çində xristianlığı yaymaq adına apardıqları təbliğat və missionerlik fəaliyyətləri ilə əlaqədar idi. Bu fəaliyyətlərə sərt reaksiyalar verən Çin Qərb dövlətləri ilə olan bütün əlaqələrini ən aşağı səviyyəyə endirdi. Ticarət aparılan bütün limanlar (Kanton limanı istisna olmaqla) bağlanmış, əcnəbi düşmənçiliyi güc qazanmışdı. Lakin Avropa dövlətləri tədricən sənayeləşməyə başlayınca bu ölkələrin xammala və bazara olan ehtiyacı da artmışdı. Çin o dövrdə tiryək bazarı baxımından son dərəcə vacib ölkə idi.
İkinci Dünya müharibəsindən sonra Çin müstəmləkə dövlətlərinin rəqabət meydanından çıxaraq dünyanın ən güclü dövlətlərindən birinə çevrildi. Hal-hazırda sahib olduğu torpaqları, əhalisi, təbii zənginlikləri, daim artan iqtisadiyyatı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında veto hüququ, malik olduğu nüvə silahları və beynəlxalq sistemə təsir gücü ilə Çin Xalq Respublikası beynəlxalq münasibətlərin ən önəmli faktoruna çevrilmişdir.
İkinci fəsil dünya siyasətinin cazibə qüvvəsi kimi Yaponiyanın beynəlxalq münasibətlər sistemindəki yerinə həsr edilmişdir. Bu fəsildə oxucu çox maraqlı faktlarla qarşılaşır. Elmi ədəbiyyatda Gündoğar ölkə kimi tanınan Yaponiya vaxtilə sioqunluq və samuraylıq ənənələri əsasında həyat tərzi keçirirdi. Lakin XIX əsrin sonlarında Qərbə açılmaqla dünyanın strateji gücləri arasında seçilib-sayılan dövlətə çevrildi və “Sarı irq millətçiliyi”ni ortaya ataraq Uzaq Şərqin lider dövləti oldu. Samuraylar ölkəsi kimi də tanınan Yaponiya qılınc sistemindən çıxmaqla XIX əsrin sonlarında sənaye inqilabını tamamlayaraq Avropa dövlətləri ilə rəqabət aparan dövlətə çevrildi və özünə hərbi yol cızdı. Vaxtilə eynilə Çin kimi Qərb dövlətlərinin rəqabət meydanına çevrilən Yaponiya 40 il içərisində inkişaf edərək Avropa dövlətlərinin qarşısına müstəmləkələşmiş bir dövlət kimi yox, müstəmləkəçi dövlət olaraq çıxdı, Çin və Rusiya ilə müharibələr apararaq onların üzərində böyük qələbələr qazandı. Daha sonra torpaqlarını Mancuriya və Çinə qədər genişləndirdi və ABŞ-ın İkinci Dünya müharibəsinə qatılmasına səbəb oldu. Müharibədən sonra ticarət dövləti olma strategiyasını ortaya qoyan Yaponiya 1990-cı illərdə dünyanın ən böyük ikinci iqtisadi gücünə çevrildi. Hal-hazırda dünya siyasətinin əsas cazibə mərkəzlərindən və qüvvələrindən biri olan Yaponiya beynəlxalq proseslərdə özünün siyasi rolunu gücləndirməyə çalışır.
Kitabın üçüncü fəslində Koreya Respublikasının dünya siyasətində tutduğu yer və mövcud vəziyyət araşdırılmışdır. Bu fəsildə Koreyanın tarixi proseslərdə qarşılaşdığı məsələlər, keçmişi və müasir vəziyyəti ilə bağlı oxucunun diqqətini çəkən maraqlı məlumatlar yer almaqdadır. Koreya Respublikasının dünya siyasətində yerinin və mövqeyinin müəyyənləşməsi, bu ölkənin beynəlxalq təşkilatlarda təmsil olunması XX əsrdə baş vermiş müxtəlif tarixi proseslərlə və iqtisadi islahatlarla bağlıdır. XIX əsrin sonlarında Çin-Yapon müharibəsinə səbəb olan, İkinci Dünya müharibəsinə qədər Yaponiyanın müstəmləkəsi sayılan Koreya beynəlxalq güclərin toqquşması nəticəsində 1954-cü ildə ikiyə bölündü. Yaxın keçmişdə digər dünya ölkələrindən yardımlar almaqla yaşayan Koreya Respublikası hal-hazırda donor dövlət olaraq qrantlar ayırır. Ölkənin sürətli iqtisadi inkişafı xalqın güclü iradəsi və çalışqanlığı ilə əlaqədardır. Tarix baxımından çox da böyük olmayan zaman ərzində Koreya Respublikası siyasi böhrandan çıxmış, inkişaf etməkdə olan ölkədən inkişaf etmiş dövlət səviyyəsinə gəlib çatmışdır. Hazırda Koreya Respublikası dünyanın ən güclü 20 dövləti sırasında xüsusi yer tutur.
Dörd yarımfəsildən ibarət olan 4-cü fəsil Sinqapurun dünya siyasətində oynadığı rola həsr olunmuşdur. Müəllif dünya siyasətində gedən proseslər işığında Sinqapurun vəziyyətini təhlil edərək göstərir ki, Malayziyanın cənubunda yerləşən və Cənub-Şərqi Asiyanın şəhər-dövləti olan Sinqapur XIX əsrin əvvəllərinə qədər Malayziyanın bir hissəsi kimi mövcud olmuşdur. Vaxtilə Britaniya və Yaponiyanın işğalına məruz qalan Sinqapur 1963-cü ildə Malayziya Federasiyasının tərkibinə daxil olmuş, 1965-ci ildə müstəqilliyini elan etmişdir. Dəniz yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün bu ölkə Cənub-Şərqi Asiyanın qapısı hesab edilir. Sinqapur Cənubi Koreya, Tayvan və Honkonq ilə birlikdə “Şərqi Asiyanın aslanları” qrupuna daxildir. Bu ölkələrlə birlikdə Sinqapur 30 il ərzində inkişaf edən ölkələrin sırasından ayrılaraq inkişaf etmiş ölkələrin arasına qatılmaqla nəhəng iqtisadi sıçrayış etmişdir. İqtisadi baxımdan London, Nyu-York və Honkonqdan sonra dünyada dördüncü aparıcı maliyyə mərkəzinə çevrilmişdir.
Müəllif Cənub-Şərqi Asiyanın, həmçinin Sakit okean hövzəsinin ən böyük müsəlman ölkələrindən biri olan Malayziyaya da öz əsərində geniş yer ayırmış və qeyd etmişdir ki, bu ölkə 1957-ci ilə qədər Britaniya imperiyasının tərkib hissəsi olmuş, 1963-cü ildə federativ dövlətə çevrilmişdir. Müstəqilliyini əldə etdikdən sonra Asiyanın ən sürətli inkişaf edən dövlətinə çevrilən Malayziya BMT, İslam Əməkdaşlıq Təşkilatı, ASEAN, ATEC, Qoşulmama Hərəkatı da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların üzvü kimi bu təşkilatlarda böyük nüfuza malikdir. Malayziyanın beynəlxalq sistemdə mövqeyi regionalizmə əsaslanır. Bu ölkə dünyada, xüsusən də regionda nüvə silahının və digər kütləvi qırğın silahlarının yayılmasına qarşı çıxış edir, tərk-silah tərəfdarı olan dövlət kimi tanınır. Malayziyanın beynəlxalq münasibətlər sistemində istinad etdiyi prinsiplərdən biri də inkişaf etməkdə olan ölkələrin beynəlxalq siyasi münasibətlərə cəlb olunması məsələsidir. Malayziya eyni zamanda “sivilizasiyalı İslam” konsepsiyasının tərəfdarıdır və dünyada yanlış olaraq formalaşmış müsəlman dünyasının obrazını düzəltmək tərəfdarıdır. Bu konsepsiya özünü dini siyasətinin nümunəsində və beynəlxalq təşkilatlarda dinə münasibətlərində göstərir.
Əsərin sonuncu fəsli isə Vyetnam Sosialist Respublikasının dünya siyasətindəki yerinə həsr olunub. Burada müəllif tarixi proseslər işığında ölkədə baş vermiş hadisələri təhlil edərək göstərir ki, Cənub-Şərqi Asiya regionu kimi Vyetnamın tarixində sülh dövrləri çox az olmuşdur. Bu ölkə qədim, lakin münaqişələr və müharibələrlə zəngin bir tarixə malikdir. Qanlı münaqişələr və üzücü müharibələr ölkə iqtisadiyyatına ağır zərbə vurmuş, əhalinin sosial-iqtisadi şəraitini ağırlaşdırmışdır. İkinci Dünya müharibəsindən sonra ərazisi iki yerə parçalanan Vyetnam Soyuq müharibə boyunca geosiyasi rəqabət meydanına çevrilmişdir. Lakin 1990-cı illərdə Vyetnam bir çox regional və beynəlxalq iqtisadi layihələrdə yaxından iştirak etməyə başlamışdır.
Yekun olaraq müəllif belə bir nəticəyə gəlmişdir ki, dünya siyasətində beynəlxalq münasibətləri, Asiya faktorunu nəzərə almadan irəli getmək, uğur qazanmaq qeyri-mümkündür. Həqiqətən də XX əsrin dünya miqyasında ən böyük hadisəsi Asiyanın oyanması hesab olunur. Oyanmış Asiya son yüzillikdə dünyanın yenidən qurulmasında və inkişafında mühüm rol oynamışdır. XXI əsrdə Asiya öz inkişafının miqyasına görə planetin ən mühüm hadisəsinə çevrilmişdir. Hal-hazırda ÇXR, Yaponiya, Cənubi Koreya, Malayziya, Sinqapur dünyaya müasir inkişafın yeni modellərini təqdim edirlər.
Ümumilikdə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbovun Asiya ölkələrinin beynəlxalq siyasətdə oynadıqları rola, tutduqları mövqeyə və qazandıqları nüfuza diqqət çəkməsi hər bir oxucuda dolğun təəssürat yaratmaqdadır. Müəllif eyni zamanda beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi kimi Azərbaycan Respublikasının da Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə yer vermiş, Azərbaycan Respublikasının Asiya qitəsində tutduğu yerin öyrənilməsinin aktuallığını geniş şərh etmiş, Şərq ilə Qərb sivilizasiyaları arasında yerləşən Azərbaycan Respublikasını “qızıl körpü” kimi xarakterizə etmiş və bu sahədə oynadığı rolu xüsusilə vurğulamışdır. Bu qiymətli əsər həm dövlətimizin beynəlxalq münasibətlər sistemində tutduğu yerin və oynadığı rolun öyrənilməsi, həm də siyasətşünaslıq elmimizdə yaranmış boşluğu doldurmaq baxımından xüsusi aktuallıq kəsb edir.
Ali təhsil müəssisələrində bakalavr və magistrlərin ehtiyaclarını ödəmək baxımından da zəruri olan “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı bu ölkələr üzrə araşdırma aparan bütün tədqiqatçıların istisnasız olaraq yararlana biləcəkləri ilk mənbədir. Elmimizə layiqli töhfəsinə görə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbovu təbrik edir və gələcək tədqiqatlarında ona uğurlar arzulayırıq.
Emin Şıxəliyev
tarix üzrə fəlsəfə doktoru