Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyеv: Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir.
“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün çox iş görülməlidir. Bundan ötrü isə Azərbaycanın daxilində ictimai-siyasi sabitlik, bütün qüvvələrin, bütün təbəqələrin, bütün vətəndaşların milli birliyi, həmrəyliyi lazımdır”, – deyən ulu öndər Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra Azərbaycanda özbaşınalığa, anarxiyaya, xaosa son qoymaqla sosial sabitlik strategiyasını həyata keçirmiş, müstəqil respublikamızı zəiflədən bütün amillərin aradan qaldırılmasına nail olmuşdur. Beləliklə, uçuruma yuvarlanan, yox olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan 1969-cu ildən başlanan quruculuq, inkişaf, yüksəliş xəttinə qayıtmışdır.
Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin 1969-1982-ci illərini əhatə edən birinci mərhələsi tarixdə sosial-iqtisadi tərəqqi dövrü kimi qalmışdır. Həmin illərdə Azərbaycanda sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılmışdır. Azərbaycan sovet məkanında bütün sahələrdə qabaqcıl yer tutmuş, respublikamızın şöhrəti yüksəlmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə milli ruhun oyanışına təkan verilmiş, dilimizin, xalqımızın unudulmaqda olan adət-ənənələrinin, milli dəyərlərinin qorunub yaşadılması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Bir sözlə, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinə əsaslı zəmin yaradılmışdır.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos və anarxiya hökm sürürdü. Dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin olunması və nəhayət, Azərbaycanın parçalanmaqdan xilası həllini gözləyən ən mühüm vəzifələr idi. Daxili və xarici siyasətdəki uğursuzluqlar nəticəsində ölkənin müxtəlif bölgələrində separatçı qüvvələr baş qaldırmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Bundan fərqli olaraq ulu öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edir, burada müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atırdı. Ulu öndərin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir. Bu dövrdə görkəmli dövlət xadiminin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də qədim Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsi oldu. Naxçıvanın müdafiəsi sahəsində mühüm addımlar atıldı. Keçmiş sovet qoşunları bütün əmlakı və silah-sursatı saxlanılmaq şərtilə muxtar respublikadan çıxarıldı.
Naxçıvanda dövlətçiliyin, müstəqilliyin qorunub saxlanılması sahəsində tədbirlərin həyata keçirildiyi dövrdə bunun əksinə olaraq ölkəmizin digər bölgələri faktiki olaraq vətəndaş müharibəsinin astanasında idi. Artıq mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan cana doymuş xalq ölkənin xilasını yalnız dahi rəhbər Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Azərbaycanı müstəqilliyə hazırlayan ulu öndərimiz isə deyirdi: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur”.
Azərbaycanın belə bir ağır vəziyyətində xalqımız müstəqilliyimiz üçün yaranan təhlükədən xilas yolunu dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən ali hakimiyyətə qayıdışında gördü. Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasətə qayıdan ulu öndər Heydər Əliyev bacarıqlı dövlət xadimi kimi ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas etdi. Ümummilli lider zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkənin dünya birliyinin müstəqil subyekti olmaq hüququnu özünə qaytarmışdır. 1993-cü il iyunun 15-dən başlayaraq dahi rəhbərimizin qətiyyəti sayəsində Azərbaycan dinamik inkişaf yoluna çıxdı. Ölkə məhv olmaqdan xilas edildi, müstəqilliyimiz qorundu, ordu quruculuğuna start verildi, iqtisadiyyat gücləndirildi, torpaqlarımızın işğalının qarşısı alındı.
Ulu öndərin Naxçıvandan Bakıya qayıdışından 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərinə qədər keçən üç ay müstəqillik tariximizin çox çətin bir dövrü idi. 1991-ci il oktyabrın 18-dən 1993-cü il iyunun 15-nə qədər yaşadığımız ağır və məhrumiyyətlə dolu günlərin arxada qalacağına inam və ümid yaranmışdı. 1993-cü ilin 3 oktyabr seçkiləri ərəfəsində insanlar bir-birlərinə xəbərdarlıq edirdilər: “Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, indi qalır müstəqilliyin qorunması”, “Heydər Əliyevdən başqa heç kəs bizim azadlığımızı qoruyub saxlaya bilməyəcək”, “Budəfəki seçkilərdə tarixi şansı əldən versək, ölkəmiz parçalanacaq, müstəqilliyimiz isə məhv olacaqdır”... Məhz bu çağırışlarla seçkiyə gedən Azərbaycan xalqı oktyabrın 3-də öz qətiyyətli sözünü deməyi bacardı. Həmin seçkilər, sözün həqiqi mənasında, Azərbaycan xalqının qarşısında duran ağır sınaq idi. Xalq bu sınaqdan da üzüağ çıxdı. Xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan bu seçkidə ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix həm də Azərbaycan xalqının öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlinin qoyulduğu gün kimi əlamətdardır.
Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndərimiz 1993-cü ilin 10 oktyabrında dövlətə və xalqa sədaqət andı içərək demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Təsadüfi deyil ki, müstəqil Azərbaycanın bu gün beynəlxalq aləmdə qazandığı istənilən uğur barədə söz açan xarici ekspertlər, ilk növbədə, ulu öndər Heydər Əliyevin adını çəkir, bugünkü Azərbaycanın məhz onun əsəri olduğunu söyləyirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır”.
Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, atəşkəs əldə edildi, torpaqlarımızın işğalının qarşısı alındı, Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Ölkə daxilində yaranmış sabitliyin, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inamın nəticəsi olaraq 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Bununla da, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi olan neft strategiyasının əsası qoyuldu.
Ulu öndər Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi. Xalqımızın böyük oğlunun uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən qanunvericilik bazası yaradıldı, demokratik cəmiyyət formalaşdırıldı.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də, qeyd etdiyimiz kimi, ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunması idi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlığın əsası qoyuldu. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrinin icraçısına çevrildi.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızı həqiqi müstəqilliyə, Azərbaycan dövlətini isə inkişaf və tərəqqiyə qovuşdurdu. Ötən 22 il bir daha təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin yeganə təminatı ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir”.
Bəli, 1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsini biz bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında görürük. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına yüksəldib. Bu gün Azərbaycan yoxsulluğun və işsizliyin azaldılmasına, adambaşına düşən ümumi daxili məhsul istehsalının həcminə, beynəlxalq aləmə inteqrasiya və bir çox göstəricilərə görə dünyanın öncül dövlətləri sırasındadır. Ölkəmiz regionda söz sahibinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP kimi beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın dünyadakı siyasi və iqtisadi qüdrətini günbəgün artırmaqdadır.
Artıq Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən, insan hüquq və azadlıqlarının sözdə yox, real həyatda təmin olunduğu ölkədir. Azərbaycan güclü dövlətçiliyə və iqtisadiyyata malikdir. Azərbaycanda geniş sosial infrastruktur vardır. Ən nəhayət, Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirildiyi, xalq-dövlət birliyinin mövcud olduğu sabitlik adasıdır.
Ulu öndərin inkişaf strategiyasının reallaşdırılması Naxçıvanı da çiçəklənən diyara çevirmişdir. Naxçıvan Muxtar Respublikası hazırda ulu öndərimizin adına və arzularına layiq şəkildə inkişaf etdirilir, yenidən qurulur. Son illər muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin təcəssümüdür. Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi rayonları arasında inkişaf dinamikasına görə öncül mövqedədir. Bu gün muxtar respublikada inkişafdan kənarda qalan sahə yoxdur. Bütün infrastruktur yeniləşdirilmiş, xüsusi zövqlə, diqqət və qayğı ilə yenidən qurulmuş, müasir tələblər səviyyəsinə çatdırılmışdır. Bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri, eləcə də digər şəhər, qəsəbə və kəndlərimiz yeniləşmə və inkişaf dövrünü yaşayır. Hərtərəfli və dinamik inkişafın real təzahürləri hər addımda göz oxşayır, könül açır. Vətənə böyük məhəbbətlə görülən işləri hər kəs rəğbət və minnətdarlıqla qarşılayır. Bütün bunlar isə 1993-cü il oktyabrın 3-də xalqımızın müdrik seçiminin bəhrələridir.
“Şərq qapısı”