23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərs keçilib.
Muzeyin direktoru Ramil Oruc­əliyev açıq dərsdə bildirib ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş bu dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaradıb, ölkəmizin müstəqilliyinin əldə olunması, qorunması və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edib, respublikamızı inkişaf yoluna çıxarıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin prinsipiallığı, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılaraq Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqilliyimiz xeyli çətinliklərlə qarşılaşıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siya­si mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəlilə­yən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərimizin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən qurtulub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda siyasi və milli-ideoloji birliyin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib.
Vurğulanıb ki, dövlət quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir. Məhz dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Qeyd olunub ki, bu gün Azərbaycan regionun çox mühüm öl­kə­sidir. O, Cənubi Qafqazda həll­edici geosiyasi əhəmiyyətə malikdir. Azərbaycan həm də Şərqə və Mərkəzi Asiyaya açılan “geosiyasi pəncərə”dir. Bu gün respublikamızın inkişafı dünyanın aparıcı dövlətləri ilə müqayisə olunur, Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan daha da güclənir, beynəlxalq aləmdə nüfuzumuz durmadan artır. Biz bütün bu nailiyyətlərə Heydər Əliyevin işıqlı yolunun uğurla davam etdirilməsi nəticəsində nail olmuşuq.
Sonra tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, muzeydə Naxçıvan Dövlət Texniki və Musiqi kolleclərinin tələbələri üçün də açıq dərs keçilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR