“Böyük Ermənistan” xülyası ilə yaşayan xəstə təfəkkürlü ermənilər bu fikirlərini regiondakı dövlətlərin torpaqları hesabına reallaşdırmağa çalışırlar. Vaxtilə havadarlarının köməyi ilə Qərbi Azərbaycan torpaqları üzərində erməni dövləti qurmağa nail olan bədnam qonşularımız digər ərazilərimizi də ələ keçirmək məqsədilə 1988-ci ildən bu tərəfə bütün vasitələrə əl atmışlar. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə onun gücsüzlüyündən istifadə edən düşmən Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal etmişdir. Bunlar arasında Xocavənd rayonu da var.
Ermənistan işğal siyasətini insanlığa sığmayan bir şəkildə həyata keçirmişdir. 1992-ci ilin fevral ayında Xocalı şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədilmişdir. Dünya ermənilərinin, muzdluların, keçmiş sovet ordusunun, xüsusilə Xankəndidə yerləşən 366-cı alayın birbaşa və ya bilavasitə köməyi ilə şəhərlərimiz, kəndlərimiz işğal olunur, yandırılaraq talan edilirdi. Dağlıq Qarabağın digər yaşayış məntəqələri kimi, Xocavənd rayonu da ermənilərin hücumuna məruz qalmışdır. Erməni qəsbkarları və muzdlu döyüşçülərlə gedən qeyri-bərabər döyüşlərdə rayonun kəndləri qarış-qarış, addım-addım itirilmişdir. 30 oktyabr 1991-ci ildə rayonun qədim Tuğ və Salakətin kəndləri, 1991-ci ilin 15 noyabrında Xətai, 19 noyabr 1991-ci il tarixdə Xocavənd, 1992-ci il yanvar ayının 9-da Haxullu kəndləri işğal edilmişdir.
1992-ci il fevralın 17-də ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törətmiş, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirmişlər. 1992-ci il oktyabr ayının 2-də Əmirallar, Muğanlı və Kuropatkino, 1993-cü il iyulun 23-də isə Günəşli kəndləri Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən işğal edilərək yandırılmışdır.
Xatırladaq ki, Xocavənd rayonu Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən yaradılmışdır. Rayonun ərazisi 1458 kvadratkilometrdir. Rayonun inzibati ərazisində bir şəhər, 2 qəsəbə və 81 kənd var idi. Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəddir. İqtisadiyyatında üzümçülük, heyvandarlıq, quşçuluq və bostançılıq üstünlük təşkil etmişdir. Füsunkar təbiəti ilə fərqlənən Ziyarət, Kirs və Ərgünəş yaylaqları Kiçik Qafqazın əsrarəngiz təbiət gözəlliklərini özündə əks etdirir. Xocavənd rayonu üzümü və yaşıl mərməri ilə məşhur olmuşdur. Rayon ərazisindəki Bağırxan, Qırmızı Bazar, Mədə bulağı, Baba bulağı kimi istirahət zonaları minbir dərdin dərmanı idi.
Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər və yeni dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş qoç heykəllərə, ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə hər yerdə rast gəlinirdi.
Qeyd edək ki, Xocavənd ərazisində 72 dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələrimiz var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirən abidələrdir. Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid alban kilsəsi, I-V əsrlərə aid alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli abidələri göstərmək olar.
1992-ci il oktyabr ayının 2-də Azərbaycanın bu tarixi məkanı Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilmiş, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılmışdır. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə yerlə yeksan edilmişdir. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolları, 32 körpü və 316 kilometr su kəməri xətti dağıdılmış, talan edilərək yararsız hala salınmışdır. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəymişdir. Belə ki, rayonun 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilmişdir.
Xocavənd rayonunun işğalı ermənilər üçün o qədər də asan olmamışdır. Ermənilərə qarşı inadlı müqavimət göstərilmiş, bu torpaqların hər qarışı uğrunda qanlar tökülmüş, şəhidlər verilmişdir. Bu qeyri-bərabər döyüşlərdə rayonun cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak etmişlər. Xocavənd rayonunun təkcə Qaradağlı kəndi ermənilərlə qeyri-bərabər mübarizədə 4 ay tam mühasirə şəraitində qalmış, səkkiz yüz nəfər sakini olan kənddə 91 nəfər şəhid olmuşdur. Bu, kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir.
Ümummilli lider Heydər Əliyev 1994-cü il aprelin 10-da Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə görüşmüş, igid Vətən oğullarına öz təşəkkürünü bildirmiş, bir neçə cəsur döyüşçünü isə yüksək mükafatlarla təltif etmişdir.
Bu görüşdən ruhlanan əsgərlərimizin böyük şücaət və qəhrəmanlıqları sayəsində Xocavənd rayonunun – Dağlıq Qarabağın 14 min hektar ərazisi düşməndən azad edilmişdir. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
Bu gün talelərinə məcburi köçkünlük həyatı yaşamaq qisməti düşən xocavəndlilər Azərbaycan dövlətinin böyük qayğı və diqqəti ilə əhatə olunublar. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Məcburi köçkün soydaşlarımızın rahat yaşamaları üçün bütün infrastruktura malik olan yeni qəsəbələr tikilmiş, insanlar hər cür rahatlığı olan evlərdə məskunlaşmışlar.
Bu gün xocavəndlilər inanırlar və əmindirlər ki, tezliklə xalqımız və dövlətimiz doğma yurdlarımızı, şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs torpaqlarımızı düşmən işğalından azad edəcək. O zaman işğal tarixlərini deyil, qələbəmizin ildönümlərini doğma Qarabağda qeyd edəcəyik. Çox qısa zamanda bu, reallığa çevriləcəkdir. Çünki ölkəmizin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistan qlobal əhəmiyyətə malik bütün layihələrdən təcrid edilmiş, bu və digər səbəblərdən iqtisadiyyatı iflasa məruz qalmışdır. Ölkəmiz isə əksinə, daha da güclənmiş və Cənubi Qafqaz regionunun aparıcı dövlətinə çevrilmişdir. Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır.
Rəsmi İrəvan bu gün də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Əgər biz bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaqdır və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Çünki beynəlxalq hüquq da daxil edilməklə bütün faktlar, meyarlar belə deməyə əsas verir ki, bu məsələnin başqa həlli yolu ola bilməz. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaqdır. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xocavənd və digər işğal edilmiş rayonlarımız erməni işğalçılarının tapdağından xilas ediləcək və biz yaxın vaxtlarda Azərbaycanın bu füsunkar diyarına geri qayıdacağıq. Bu barədə danışan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır”. O gün isə uzaqda deyil...
Rauf Əliyev