23 Dekabr 2024, Bazar ertəsi

Ordubad şəhəri haqqında indiyədək çox deyilib, çox yazılıb. Zəngəzur dağlarının ətəyində yerləşən bu qədim yurd təkcə Qafqazın deyil, bütövlükdə Şərqin və Avrasiyanın köksündə özünə əbədi yuva qurmuş müasir Azərbaycan şəhəridir.

Ordubad elə bir şəhərdir ki, əsrlərboyu bura yolu düşən səyyahların, coğrafiyaşünasların marağına səbəb olub, haqqında xatirələr yazılıb, şəninə təriflər deyilib. Mənə görə indiyədək Ordubad haqqında yazılmış hər bir xoş kəlmə, sadəcə, tərif deyil, bu yerin xüsusiyyətlərini özündə birləşdirən real təsvirdir. Məsələn, ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”. Və yaxud XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. XIX əsrdə polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma, XVII əsrdə türk səyyahı Övliya Çələbi və başqaları öz yazılarında bu gözəlliyi vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər. Ordubad həm də elə bir unikal yerdir ki, haqqında bəhs edərkən onun tarixi keçmişinə toxunmaya bilmirsən. Çünki bu keçmişə, özünəməxsusluğa sadiqlik Ordubadın müasir vizit kartının əsasını təşkil edir. Buna görə də müasir Ordubad şəhərinin inkişafına keçmişin səhifələrini vərəqləməklə nəzər salaq.

Arxeoloqlar qazıntılar zamanı əldə olunmuş abidələri tədqiq edərkən Ordubadın tarixinin 7 min il əvvələ gedib çıxdığını öyrəniblər. Müxtəlif dövrlərdə burada aparılmış araşdırmalar şəhərin zəngin mədəniyyətə malik olduğunu üzə çıxarıb. Ordubadı dünyaya tanıtdıran isə məşhur ipəyi və dadlı meyvələri olub. Mənbələrdə göstərilir ki, Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısından etibarən avropalıların məişətində əvəzedilməz parça kimi tanınıb. Hələ 1875-ci ildə şəhərdə buxar mühərriki ilə işləyən ipəksarıma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarıma müəssisəsi fəaliyyət göstərib. XIX əsrin ikinci yarısı, 1920-ci illərin əvvəllərində Rusiya bazarlarını da yüksəkkeyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən Ordubad şəhəri mühüm ticarət mərkəzlərindən olub. Burada istehsal edilən keyfiyyətli ipək beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Ordubadda yetişən meyvələrin dadı isə tam ayrı bir aləmdir. Ordubad əriyi, şaftalısı, limonu Azərbaycan brendi kimi məşhurlaşıb. Ordubad şaftalısı 1861-ci ildə ABŞ-da təşkil edilmiş meyvəçilik sərgisində, eləcə də Almaniya və İtaliya kimi Avropa ölkələrində öz layiqli yerini alıb. Əbutalibi əriyi isə 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb. Bundan əlavə, Ordubad meyvələri sovet dövründə Moskvada keçirilən ümumittifaq kənd təsərrüfatı sərgilərində yüksək dəyərləndirilib. Ordubadın kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində də meyvəçiliyin və ipəkçiliyin inkişafı mühüm rol oynayıb. Buradan Rusiyaya, Avropaya daim ipək və quru meyvə aparılıb. Şəhərin mərkəzində yerləşən Buzxana binası Ordubadın orta əsrlərdən üzü bəri əsas meyvəçilik mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Eyni zamanda Ordubad şəhəri həm də sənətkarlığın inkişaf etdirildiyi şəhərlərdən olub. Tarix boyu burada müxtəlif sənət sahələri formalaşıb, əmtəə istehsalı genişlənib. Bu da şəhərin həm də mühüm sənətkarlıq mərkəzinə çevrilməsinə imkan verib. Burada Şərq memarlığına məxsus mühəndislik elementlərindən istifadə edilməklə müxtəliftəyinatlı tarixi tikililər, çoxsaylı çeşmələri ilə əhalinin su təminatını ödəyən yeraltı su xətləri, hər məhəlləyə aid məscid və meydanlar vardır.
Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə bu qədim Azərbaycan şəhərində müasir dövrün tarixini özündə əks etdirən obyektlər yaradılıb. Son 20 ildə şəhərdə onlarla yeni obyekt inşa edilərək istifadəyə verilib, yollar, körpülər salınıb, enerji, rabitə, su infrastrukturu yeniləşdirilib. Rayon İcra Hakimiyyətinin binası müasir standartlara cavab verə biləcək şəkildə təmir edilib, Qaz İstismarı İdarəsi, Vergilər Şöbəsi, Mədəniyyət Evi üçün yeni binalar inşa edilib. Ordubad şəhərində aparılan quruculuq tədbirləri bunlarla məhdudlaşmayıb. Şəhərdə rayon Elektrik Şəbəkəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi, 7 saylı Dairə Seçki Komissiyası, Ordubad Şəhər Uşaq musiqi məktəbi üçün binalar inşa edilib. Nəqliyyat infrastrukturunun yeniləşdirilməsi istiqamətində konkret addımlar atılıb, şəhərdə müasir tələblərə cavab verən avtovağzal kompleksi əhalinin istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının, rayon Polis Şöbəsinin, prokurorluğun, rayon məhkəməsinin, Kompüter Təlim-Tədris Mərkəzinin, Yusif Məmmədəliyevin ev-muzeyinin, Məmməd Səid Ordubadinin ev-muzeyinin, uşaq bağçasının, şahmat məktəbinin yeni inşa edilmiş və ya müasir tərzdə yenidən qurulmuş binaları da son illərin quruculuq ərməğanlarındandır. Rayon Mərkəzi Xəstəxanasının binası isə öz görünüşünə və avadanlıq təminatına görə Naxçıvan şəhərindəki səhiyyə müəssisələrindən fərqlənmir. Şəhər ərazisindəki bərpaya ehtiyacı olan tarixi abidələr də həyata keçirilən tədbirlərdən nəsibini alıb. Belə ki, Ordubad şəhərində indi Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyət göstərdiyi Qeysəriyyə binası, qədim məbəd, iki yeraltı abidə, bir neçə tarixi kəhriz bərpa edilərək əvvəlki görünüşünə qaytarılıb. 2015-ci ildə də şəhərdə az iş görülməyib. Bu il martın 29-da müasir tələblərə cavab verən Ordubad şəhər 3 nömrəli tam orta məktəbin binası müəllim və şagirdlərin istifadəsinə verilib. Avqustun 25-də isə görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin doğulub boya-başa çatdığı şəhərdə ev-muzeyinin açılışı olub. Elə həmin gün Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi də istifadəyə verilib. Mərkəzdə yaradılmış müasir şərait avtomobillərin texniki sazlığını nəzarətdə saxlamaq üçün geniş imkanlar açır.
Ordubad şəhərində quruculuq işləri bu gün də davam etdirilir. Hazırda şəhərdə Texniki-Peşə və Sürücülük Məktəbi üçün binada yenidənqurma işləri aparılır. Bu təhsil ocağında xalçaçılıq, dərzi, çilingər, traktorçu-maşinist, bərbər və sair peşələr üzrə kadrlar hazırlanacaq. Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən öyrənirik ki, M.F.Axundov küçəsində 3 mərtəbəli 36 mənzilli binada əsaslı təmir işləri aparılıb, Dədə Qorqud, Sərşəhər, Mənsur ağa küçələrində 2 kilometr məsafəyə yeni asfalt salınıb. “Dübəndi” Ailəvi İstirahət Mərkəzinin ətrafında genişhəcmli abadlıq işləri görülüb. Yaşıllıq tədbirləri çərçivəsində isə şəhər ərazisində 2,4 hektar sahədə ağac əkini həyata keçirilib.
Bəli, bu gün 10500-dən çox sakinin yaşadığı qədim Ordubad şəhərinin hər addımlığında tarixlə bərabər, müasirlik də nəfəs alır. Keçmişinə sadiq bu müasir şəhəri digərlərindən fərqləndirən həm də odur ki, ümummilli liderimiz Heydər Əliyev Ordubadı Azərbaycanın incisi adlandırıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR