Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin Naxçıvan Muxtar Respublikasına səfərinin ikinci günü maraqlı tanışlıqlarla yadda qaldı.
Dünən fransalı səfirin ilk baş çəkdiyi ünvan Naxçıvan Biznes Mərkəzi oldu. Burada səfirə məlumat verildi ki, Biznes Mərkəzi muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Burada qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri haqqında məlumat alan fransalı səfir daha çox yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları ilə maraqlandı.
Qeyd edildi ki, bu məhsullar yüksək keyfiyyəti ilə seçilir. Bu, ilk növbədə, məhsulların hazırlandığı müəssisələrin ən müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, indi muxtar respublikada bir çox sahələrdə istehsal olunan məhsullara dünya bazarında böyük tələbat vardır. Naxçıvanda istehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanı qida, sənaye və digər məhsullarla tam təmin edir, idxaldan asılılığı minimuma endirir.
Daha sonra fransalı səfir Naxçıvan Avtomobil Zavodunda oldu. Bildirildi ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın 11-də istifadəyə verilib. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə müxtəlif modellərdə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomatik ötürücü sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir.
İstehsal olunan avtomobillər nəzarət şöbəsindən keçdikdən sonra satış sahəsinə buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal xəttinin icraçıları və nəzarətçiləri xarici mütəxəssislər idisə, hazırda istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı da yüksək səviyyədə qurulub, Naxçıvan və Bakı şəhərlərində satış mərkəzi, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazası yaradılıb. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilməklə avtomobillərin satışı nağd və sərfəli kredit şərtləri ilə aparılır. Zavodda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda muxtar respublikamızda, Bakı, Sumqayıt və Neftçala şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.
“Gəmiqaya Mineral Sular”MMC, “Gəmiqaya Mebel Fabriki” MMC, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də fransalı səfirə bu müəssisələrin istehsal gücü, istehsal olunan məhsulların çeşidi və ixrac imkanları haqda ətraflı məlumat verildi.
Günün ikinci yarısında isə Paskal Mönye Əshabi-Kəhf ziyarətgahında oldu. Səfirə məlumat verildi ki, Azərbaycanda inanclı insanların pənah apardığı məşhur ziyarətgahlar çoxdur. Onlardan biri də Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarasıdır. Əshabi-Kəhf təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də Əshabi-Kəhfin adı çəkilir.
Əshabi-Kəhf ziyarətgahı ilə tanışlıqdan sonra səfir Ordubad şəhərini gəzib, rayon Tarix-Diyarşünaslıq Muzeyindəki eksponatlarla tanış olub.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin Naxçıvan Muxtar Respublikasına səfəri dünən başa çatıb.
Səbuhi Hüseynov