Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Ölkəmizdə prokurorluq orqanlarının əsası 1918-ci il oktyabrın 1-də qoyulsa da, onun müstəqil dövlət orqanı kimi fəaliyyəti və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunmuş, qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi milli dəyərlər və beynəlxalq prinsiplər əsasında təmin edilmişdir. Bu tədbirlərin tərkib hissəsi olaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.
Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. Prokurorluq orqanlarının qanunçuluğun təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu təsisata çevrilməsi, fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. “Prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir”, – deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması üçün hüquqi zəmin formalaşdırmış, prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Sonralar “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir.
Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilmişdir. Hazırda ölkəmizdə prokurorluq orqanları ilə ictimaiyyətin əlaqələri qarşılıqlı etimad prinsipi əsasında qurulmuş, vətəndaşların müraciətlərinin vaxtında araşdırılması və zəruri tədbirlərin görülməsi, bütövlükdə isə ölkə Konstitusiyasında təsbit olunmuş vətəndaşların müraciət etmək hüququ yüksək səviyyədə təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənir. Muxtar respublika prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmiş, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət mühakimə icraatı zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müstəqil dövlətin əsas sütunu onun hüquq-mühafizə orqanlarıdır. Hər bir ölkənin ümumi sabitliyi, sosial-iqtisadi inkişafı, ilk növbədə, həmin ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılıdır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir”.
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları yüksək dövlət qayğısını daim öz üzərində hiss etmişdir. Ötən dövrdə muxtar respublika prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa Rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli və Sədərək Rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Şəhər və Babək Rayon prokurorluqları üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.
Cinayət hadisələrinin qarşısının vaxtında alınmasında profilaktik tədbirlərin həyata keçirilməsi mühüm amildir. Muxtar respublikanın prokurorluq orqanları işçiləri hüquqi maarifləndirmə və profilaktik tədbirlərin keçirilməsini diqqət mərkəzində saxlayırlar. Bunun nəticəsidir ki, son illər Naxçıvan Muxtar Respublikasında cinayət hadisələrinin sayı dəfələrlə azalmışdır.
Prоkurоrluq оrqаnlаrınа işə qəbulun şəffаf şərаitdə, müsаbiqə yolu ilə kеçirilməsi prоkurоrluğun kаdr tərkibinin sаvаdlı hüquqşünаslаr hеsаbınа təkmilləşdirilməsinə səbəb olmuşdur. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqələrin keçirilməsi qaydalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna muxtar respublika ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsləri prokurorluq orqanlarına işə qəbul etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətdən istifadə edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aşkarlıq və şəffaflıq şəraitində test imtahanları keçirilmiş, gənc hüquqşünaslar prokurorluq orqanlarına işə qəbul olunmuşlar.
Öz üzərlərində yüksək dövlət qayğısını daim hiss edən prokurorluq orqanları əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsi