Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda 199-cu məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndərin hakimiyyətə qayıdışından əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətdən, dahi rəhbərin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi xilaskarlıq missiyasından danışıb.
Rektor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Dahi şəxsiyyət deyirdi ki, milli dəyərləri qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Saleh Məhərrəmov dövlətimiz tərəfindən hər zaman milli-mənəvi dəyərlərimizə yüksək qayğı və diqqət göstərildiyini nəzərə çatdırıb.
“Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı məruzə ilə çıxış edən universitetin Fənlərin tədrisi, metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, professor Elbəyi Maqsudov ümummilli liderin milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həmçinin dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini bildirib. O qeyd edib ki, 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi çətinliklərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirib, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırıb. Dahi rəhbər xalqı öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra da xalqımızın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlərlə sübut edib.
Professor vurğulayıb ki, bütün görülən işlərlə yanaşı, müdrik rəhbərimiz Heydər Əliyevin böyük qayğı və diqqəti nəticəsində 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin YUNESKO xətti ilə beynəlxalq miqyasda təntənəli qeyd edilməsi də ümummilli liderin milli-mənəvi dəyərlərimizə olan hörmət və ehtiramının növbəti parlaq təcəssümü idi.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik kursunun, strateji inkişaf konsepsiyasının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə olan qayğıkeş münasibəti bu gün hər bir azərbaycanlı tərəfindən alqışlarla qarşılanır. Bu baxımdan ölkə başçısının xalqımızın mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” bu il fevral ayının 20-də imzaladığı Sərəncam da diqqəti cəlb edir.
Mina QASIMOVA