Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Bəhruz Kəngərli Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, Bəhruz Kəngərli realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmişdir. Dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərmişdir. O, Azərbaycanın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılmışdır. 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilmişdir. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilmişdir. Bütün varlığı ilə sevdiyi Vətəninin gözəlliklərini kağıza köçürən rəssamın əsərləri dəyərli eksponatlardır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Bəhruz Kəngərli Muzeyini ziyarət etmişlər. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Xatirə Muzeyində olmuşlar.
Şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də muxtar respublika mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da müvafiq olaraq rayonlarda fəaliyyət göstərən muzeyləri ziyarət etmişlər.
“Şərq qapısı”