1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinə seçkilər günüdür
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir
Namizədin qeydə alınması
Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 7 gün, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə isə 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
* Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyalar bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.
Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir.
İmtina üçün aşağıdakılar əsas
ola bilər:
- imzaların toplanması zamanı Seçki Məcəlləsinin 57.1-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 53.1-ci maddəsinin tələblərinin pozulması;
- Seçki Məcəlləsinin 57-ci, 58-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 53-cü və 54-cü maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;
- namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun Seçki Məcəlləsinin 57-ci, 58-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 53-cü və 54-cü maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın);
- namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması;
- namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun);
- Seçki Məcəlləsinin 55-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 51-ci maddəsinin tələblərinin siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyalar bloku və ya namizəd tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin – bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa);
- Seçki Məcəlləsinin 60.2-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 56.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır;
- Seçki Məcəlləsinin 60.2.2 və 60.2.4-cü və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 56.2.2 və 56.2.4-cü maddələrində göstərilən səbəblər olduqda səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır;
- namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq-mühafizə orqanlarına göndərir.
Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir.
Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə gününə ən azı 15 gün və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, Seçki Məcəlləsinin 98.3-cü və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 85.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər.
Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir.
Qeydə alınmış namizəd və onun səlahiyyətli nümayəndələri və yaxud onun vəkil edilmiş şəxsləri seçki komissiyalarının fəaliyyətini izləyə bilər:
- seçki komissiyasının iclaslarını;
- məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri ilə işin aparılmasını;
- səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri ilə işin aparılmasını;
- səslərin hesablanmasını;
- səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını;
- seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək;
- dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla ) surətlərini almaq.
Seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələrinin surəti tələb oluna bilməz
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası