Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimat mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültənin dekanı, professor Zeynal Həsənalıyev altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitabın əhəmiyyətindən danışıb, onu ali məktəb tələbələri üçün faydalı dərslik kimi təqdim edib. Bildirilib ki, Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunan kitabda, eyni zamanda beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxsahəli əlaqələrinə də geniş yer ayrılıb.
Tədbirdə çıxış edən dosent Nərgiz Məmmədzadə bildirib ki, kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub ki, bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.
Dosent Qurban Məmmədov kitabın digər bölmələrinə diqqət çəkib. Qeyd edilib ki, kitabın “Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi maraqlı mövzular üzrə təqdim olunur. Burada dünya siyasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR, Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə də ətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə siyasi-diplomatik, təhsil, turizm, səhiyyə, idman, eləcə də mədəni və ədəbi əlaqələrindən ətraflı bəhs edir. Kitabın “Koreya Respublikası dünya siyasətində” adlanan xüsusi fəslində Koreya Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlardakı nüfuzu, dünya siyasətindəki mövqeyi, həmçinin Azərbaycanın bu ölkə ilə əlaqələri sistemli şəkildə təhlil olunur.
Dosent Kərəm Məmmədov bildirib ki, müəllif dünya siyasətində gedən proseslərin fonunda Sinqapur, Malayziya və Vyetnam kimi ölkələri siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr baxımından geniş təhlil edib. Qeyd olunan ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələləri geniş araşdırmaya cəlb edilib.
BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəyli müəllif tərəfindən Azərbaycan Respublikasının Çin, Yaponiya, Koreya, Sinqapur, Malayziya və Vyetnam kimi Asiya ölkələri ilə əməkdaşlığına xüsusi diqqət yetirilməsinin əsərin maraq doğuran cəhətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Bildirilib ki, kitabda ayrıca yarımfəsillərdə ölkəmizin qarşılıqlı iqtisadi, siyasi, diplomatik, eləcə də mədəni və ədəbi əlaqələri elmi təhlil süzgəcindən keçirilib. Rza Talıbov Asiya ölkələrinin Azərbaycan Respublikası ilə əlaqələrindən bəhs edərkən bu istiqamətdə ölkəmizdə müstəqillik dövründə ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini geniş şərh edib. Kitabın mənbəşünaslıq bazası geniş və zəngindir.
Sonda çıxış edən müəllif Rza Talıbov kitabların davamının olacağını bildirib, çıxışlarda qaldırılan məsələləri gələcək araşdırmalarında nəzərə alacağını diqqətə çatdırıb.