Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov məruzə ilə çıxış edib. Bildirilib ki, 28 avqust 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə meşə fondu ərazilərində qurumuş ağacların təmizlənməsi, yeni yaşıllıqların salınması, bitki və heyvanat aləminin qış aylarında qorunması üçün vaxtında müvafiq işlərin görülməsi sahəsində tapşırıqlar verilib.
Qeyd olunub ki, bu ilin payız mövsümündə həyata keçiriləcək əkin və əkin-bərpa, yaşıllaşdırma işlərinin mütəşəkkil keçirilməsi üçün sentyabr, oktyabr aylarında əkin aparılacaq ərazilərin sxem-planları hazırlanıb, ting ehtiyatı yaradılıb, torpaq hazırlığı işləri aparılıb, texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilib.
Nazir bildirib ki, muxtar respublika ərazisində qış mövsümü sərt şaxtalarla müşayiət olunur. Bu isə, öz növbəsində, iqlim şəraiti haqqında vaxtında və dəqiq məlumatlara tələbatı artırır. Bu sahə ilə əlaqədar dövlət orqanlarının, vətəndaşların hidrometeoroloji, aqrometeoroloji məlumatlarla təmin edilməsi üçün nazirliyin Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi və Hidrometeorologiya İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir, texniki avadanlıqlarla təchizat yaxşılaşdırılır.
Qış mövsümündə ərazilərin qarla örtülməsi heyvanat aləminin qida ehtiyatının azalmasına səbəb olur. Ona görə də hər il xüsusi mühafizə olunan təbiət ərazilərində və digər təbiət ərazilərində biotexniki tədbirlər həyata keçirilir. Bu ehtiyatların bir qismi nazirliyin təsərrüfat ərazilərindən toplanır və aidiyyəti idarələr tərəfindən tədarük edilir. Nazirliyin Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi və aidiyyəti xüsusi mühafizə statuslu idarələr vaxtında qida ehtiyatının yaradılması üçün tədbirlər görməli, daşduz ehtiyatı yaradılmalıdır. Bu tədbirlərin eyni zamanda yeni salınmış yaşıllıq sahələrində keçirilməsi diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli müəssisələrinin rəhbərləri aid inzibati binalarda, meteoroloji stansiyalarda, gözətçi məntəqələrində qışa hazırlıqla bağlı zəruri tədbirlər həyata keçirməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi