23 Dekabr 2024, Bazar ertəsi

“Milli-mənəvi dəyərlərimizin yaşadılmasına daim əhəmiyyət verən ümummilli liderimiz Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliği və dünyada tanıdılması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. 1975-ci ildə məhz ulu öndərin tapşırığı ilə Azərbaycanın tanınmış sənət adamlarının iştirak etdiyi “Dədə Qorqud” bədii filmi çəkilib. 2000-ci ildə yenə də ulu öndərin fərmanı ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi dünya türkoloqlarının və türkdilli ölkə başçılarının iştirakı ilə yüksək səviyyədə qeyd edilib”.
Bu fikirlər sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 67-ci məşğələsində səsləndirilib.
Məşğələni giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda milli dəyərlərin inkişaf etdirilməsi və beynəlxalq arenada təbliği sahəsində gördüyü genişmiqyaslı işlərdən ətraflı söhbət açıb.

“Ümummilli lider Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” dastanları” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, dahi rəhbər müstəqil Azərbaycana rəhbərliyi dövründə də “Kitabi-Dədə Qorqud”a böyük dəyər verib, onun təbliğini diqqət mərkəzində saxlayıb. Ümummilli liderin 1997-ci il aprelin 20-də imzaladığı Sərəncam əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilib, respublikamızda və bir sıra xarici ölkələrdə elmi konfranslar təşkil olunub. 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə böyük töhfə verib. 2000-ci ildə ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nın nəşri də bu baxımdan böyük önəm daşıyır.
Vurğulanıb ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da “Kitabi-Dədə Qorqud”la əlaqədar çoxsaylı işlər görülüb və görülməkdədir. Hələ 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsinin ucaldılması təkcə xalqımızın müdriklik rəmzi olan bu böyük ozana deyil, bütövlükdə, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsi kimi mühüm dəyərə malikdir. Müstəqillik dövrü Azərbaycan qorqudşünaslığında ortaya çıxmış mühüm əsərlər sırasında naxçıvanlı alimlərin tədqiqatları da özünəməxsus yer tutur.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda da sistem­li işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına əsasən, bu yubiley geniş şəkildə qeyd olunur. Keçiri­lən elmi konfranslar, kütləvi in­formasiya vasitələrində verilən müvafiq materiallar bu baxımdan təqdirəlayiqdir.
Məşğələyə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR