23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu 2015-ci ildə fəaliyyətini bu istiqamətdə qurmuş, gənclərin intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılmış, aidiyyəti qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirmişdir. Hər il olduğu kimi, bu il də fevralın 2-də Gənclər Günü münasibətilə gənclərlə ənənəvi görüş keçirilmişdir. Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 400-ə yaxın fəal gənc iştirak etmiş, geniş konsert proqramı təşkil olunmuş, təhsildə, dövlət qulluğunda, ictimai işlərdə və digər sahələrdə fərqlənən 85 gənc mükafatlandırılmışdır. Həmçinin iyulun 14-də Gənc­lər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərlə növbəti görüş keçirilmiş, 82 fəal gənc mükafatlandırılmışdır.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, təhsil alması, bu kateqoriyadan olan istedadlı uşaqların üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə martın 6-da sağlamlıq imkanları məhdud uşaqlar arasında bədii qiraət, martın 13-də isə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda vətənpərvərlik mövzusunda rəsm müsabiqələri keçirilmişdir. Hər iki müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu gənclərin intellektual inkişafı məqsədilə müxtəlif intellektual oyunlar, yaradıcılıq müsabiqələri təşkil edir. Bu ilin ötən dövründə “Nuh yurdu” intellektual oyununun Şərur, Babək, Culfa və Ordubad rayon birincilikləri keçirilmişdir. Bundan başqa, aprelin 6-dan mayın 6-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, gənclərin ulu öndərimizin dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü, Naxçıvanın muxtariyyətinin qorunması və müasir inkişafı yolunda gördüyü misilsiz xidmətləri barədə bilikləri yoxlanılmış və möhkəmləndirilmişdir. 100-ə yaxın inşa yazının təqdim olunduğu müsabiqədə münsiflər heyəti gənclərin bu sahədə biliklərini və yaradıcılıq qabiliyyətlərini yüksək qiymətləndirmiş, qalib gələn 13 gənc mükafatlandırılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda yeniyetmə və gənc­lər arasında ikinci muxtar respublika yazı və rəsm müsabiqəsinin keçirilməsi də gənc istedadların yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Müsabiqəyə 80-dən artıq rəsm əsəri və inşa yazısı təqdim edilmiş, 20 gəncin işi qənaətbəxş hesab olunmuşdur.
Gənclərin yaradıcılıq müsabiqələri bu gün də davam etdirilir. Gənc­lər Fondu mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu ilə birlikdə “Naxçıvan: müstəqillik illərində” mövzusunda gənclər arasında yaradıcılıq müsabiqəsi elan etmişdir. Publisistika və teleradio materialları, rəsm əsərləri, ədəbi nümunələr, musiqi əsərləri və elmi-tədqiqat işləri kateqoriyalarında keçirilən yaradıcı­lıq müsabiqəsi noyabrın 30-na qədər davam edəcəkdir.
Gənc istedadların iştirakı ilə tədbirlərin və konsert proqramlarının təşkil edilməsi onların gələcək fəaliyyətinə stimul verir. Bu tədbirlərin davamı olaraq may və iyun aylarında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Penitensiar Xidmətin Qarışıq­tipli Cəzaçəkmə Müəssisəsində Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi və bədii sənətkarlıq məktəbləri şagirdlərinin konsert proqramı təşkil olunmuşdur.
Gələcəyimiz olan gənclərə vətənpərvərlik hislərinin aşılanması onların layiqli vətəndaş kimi böyüməsində mühüm əhəmiyyət kəsb edir. Hər il bu istiqamətdə ardıcıl tədbirlər görülür, gənclər muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda təşkil edilən müxtəlif tədbir və tamaşalara cəlb olunurlar. Təsdiq edilən tədbirlər planına uyğun olaraq, bu il Naxçıvan, Şərur və Culfa şəhərlərində, həmçinin Culfa rayonundakı N saylı hərbi hissədə Həsənalı Eyvazlının “Araz sahilində doğan günəş”, Babək Rayon Mədəniyyət Evində Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Naxçıvan şəhərindəki Zabitlər Evində və Ordubad şəhərində İftixar Piriyevin “Qurtuluş dastanı” tamaşaları gənclərə, əsgər və zabitlərə təqdim olunmuşdur. Həmçinin 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələri tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, əsgər və zabitlər üçün “Əsgər atası” və “Uzaq sahillərdə” filmləri nümayiş olunmuşdur. Bundan başqa, “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan şəhərindəki Zabitlər Evində və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında tədbirlər keçirilmiş, görkəmli sərkərdənin həyat və fəaliyyətindən bəhs edən filmə baxış olmuş, onun Naxçıvan şəhərindəki ev-muzeyində məktəblilərin iştirakı ilə açıq dərslər keçirilmişdir.
Çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması və onların vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması da görülən işlərin mühüm tərkib hissəsidir. Gənclərlə əsgərlərin görüşlərinin keçirilməsi, hərbi hissələrdə konsert proqramlarının təşkil edilməsi 2015-ci ildə də davam etdirilmiş, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Culfa rayonunda yerləşən N saylı hərbi hissədə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında gənclərin əsgər və zabitlərlə görüşü olmuş, Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivinin, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Kəngərli Rayon Mədəniyyət Evinin xalq çalğı alətləri ansamblının hərbi hissələrdə konsertləri təşkil olunmuşdur.
Son illər muxtar respublikada təbiətin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür, geniş yaşıllıqlar salınır. Bu sahədə gənclərimiz də fəallıq göstərir, ətraf mühitin qorunmasının əsl təşəbbüskarı kimi çıxış edirlər. 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində gənclərin iştirakı ilə Şahbuz Dövlət Təbiət Qoruğunda “Ətraf mühiti qoruyaq”, Uzunoba gölü ətrafında “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizləri altında aksiyalar keçirilmiş, eləcə də gənclər Ordubad Milli Parkına ekskursiya etmişlər. Həmçinin 200-dən çox yeniyetmə və gəncin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında muxtar respublikada təbiətin qorunması ilə bağlı dəyirmi masa keçirilmişdir.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzi bu gün gənc nəslin ən çox üz tutduğu müasir ünvanlardan biridir. Burada gənclərin intellektual inkişafı, xüsusilə də xarici dil biliklərinin möhkəmləndirilməsi üçün hərtərəfli şərait vardır. 2014-cü ilin aprel ayından başlayaraq mərkəzdə keçirilən ingilis, rus və fransız dilləri üzrə hazırlıq kurslarında yüzlərlə gənc iştirak etmişdir. Bu il fevralın 23-dən 59 gəncin iştirakı ilə növbəti xarici dil kursları fəaliyyətə başlamışdır. 5 ay davam edən kurslarda yazılı və şifahi olmaqla, iki mərhələdən ibarət sertifikat imtahanı keçirilmiş, 35 nəfər imtahanlarda iştirak etmək hüququ qazanmışdır. Onlardan 19-u imtahandan müvəffəqiyyətlə keçərək sertifikat almışdır. Kurslarda iştirak edən 8 muzey işçisindən 7-si sertifikat alanlar sırasında olmuşdur.
Asudə vaxtın səmərəli təşkili də gənclərin hərtərəfli inkişafında mühüm rol oynayır. Hər il olduğu kimi, 2015-ci ildə də yay tətili günlərində Ağbulaq İstirahət Mərkəzində yay məktəbinin təşkil olunması məhz bu məqsədə xidmət etmişdir. Bu il keçirilən yay məktəblərində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 150 gənc iştirak etmişdir. Yay məktəbi günlərində müxtəlif müsabiqələr, idman və intellektual oyunlar, ekskursiyalar təşkil olunmuş, Azərbaycan filmləri nümayiş etdirilmişdir.

Ümumiyyətlə, 2015-ci ilin ötən dövrü ərzində keçirilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə 6 minə yaxın gənc iştirak etmiş, 250-yə yaxın gənc mükafatlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri yanında Gənclər Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR