Muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyəti qurumlar tərəfindən icra edilir.
Avqust ayının 28-də keçirilmiş analoji müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş tapşırıqlar standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların muxtar respublikaya gətirilməsinə və istismarına yol verilməməsindən, eləcə də bu barədə istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılmasından ibarətdir.
Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi, ilk növbədə, məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün müvafiq səlahiyyətli orqan, yəni Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı əsasdır.
Standartlara uyğunluğu müvafiq dövlət orqanı tərəfindən təsdiqlənməmiş qızdırıcı elektrik və qaz cihazlarının idxalına icazə verilməməsi məhz istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Çünki qanunvericilik uyğunluq sertifikatı təqdim olunmadan təhlükəsizliyi təmin edilməli olan malların gömrük-buraxılış məntəqələrindən keçirilməsinə yol vermir. Bununla bağlı sərhəd-keçid məntəqələrində vətəndaşlara yazılı, şifahi və elektron qaydada xəbərdarlıqlar olunur, xaricdən qaz sobası gətirmək istəyən fiziki və hüquqi şəxslərə qanunvericiliyin tələbləri izah edilir. Uyğunluq sertifikatı olmadan gətirilən qızdırıcı elektrik və qaz cihazları sərhəd-keçid məntəqələrində saxlanılır.
Vətəndaşlar bilməlidirlər ki, gömrük orqanları insanların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi malların standartlara uyğunluğunu, təhlükəsizliyini vizual şəkildə müəyyənləşdirə bilməz. Bunun üçün inandırıcı və keçərli olan yeganə əsas aidiyyəti dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatıdır.
Xaricdən uyğunluq sertifikatı olmadan gətirilən qaz sobalarının gömrük orqanları tərəfindən saxlanılması təhlükəsizliyin təmin olunmasına, vətəndaşlara dəyə biləcək maddi və mənəvi ziyanın qarşısının alınmasına xidmət edir. Əhalinin böyük əksəriyyətinin kəndlərdə yaşadığını, muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artdığını nəzərə alsaq, əlbəttə ki, fərdi yaşayış evlərində xüsusən də qazla işləyən cihazların rolu və əhəmiyyəti danılmazdır. Mavi yanacaq nə qədər sərfəli və rahatdırsa, təhlükəsizlik təmin olunmadıqda bədbəxt hadisələr qaçılmaz olur.
Hadisələrin ekspertizası zamanı məlum olur ki, xaricdən gətirilən sobaların heç də hamısı standartlara cavab vermir. Bu isə, öz növbəsində, yanğın, partlayış, zəhərlənmə və ölüm hallarına gətirib çıxara bilir. Xaricdən alınmış ucuz, keyfiyyətsiz qaz sobalarının təhlükəsizliyinə isə heç bir dövlət orqanı zəmanət vermir. Yeri gəlmişkən qeyd edək ki, standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli olanda qazın sobaya girişini avtomatik olaraq dayandıran xüsusi qurğu olur. Üstəlik, hər hansısa bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar avtomatik qaz kranı, yəni qaz requlyatoru ilə təchiz edilir. Bütün bunlar isə əhalinin təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətlidir. Müşahidələr göstərir ki, xarici uyğunluq sertifikatı olan bəzi qaz sobaları vardır ki, maya dəyərinin aşağı salınması və ya hər hansısa başqa bir səbəbdən onların üzərində bu qurğular olmur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası il əlaqədar xaricdən gətirilən, o cümlədən satışa çıxarılan qızdırıcı elektrik və qaz cihazlarının milli sertifikatlaşmaya uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daxili bazarda birgə reydlər təşkil olunur. Məqsəd standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz cihazlarının istismarına yol verilməməsindən və satış dövriyyəsindən çıxarılmasının təmin edilməsindən, o cümlədən sahibkarlıq subyektlərinin hüquqi cəhətdən maarifləndirilməsindən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə xaricdən gətirilən və milli sertifikatlaşmadan keçməyən elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən bu tip cihazların gətirilməsinə icazə üçün yeganə sənəd aidiyyəti dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatıdır.
Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti