23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 23-cü ildönümü münasibətilə sentyabrın 19-da Milli Təhlükəsizlik Nazirliyində tədbir keçirilmişdir. 

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin nazirliyin inzibati binasındakı barelyefi önünə gül dəstəsi qoyaraq Onun əziz xatirəsini ehtiramla yad etmiş, sonra nazirlikdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baxmışlar.
Daha sonra tədbir nazirliyin akt zalında davam etdirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov şəxsi heyəti nazirliyin yaradılmasının 23-cü ildönümü münasibətilə təbrik etmiş, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.

Vəli Ələsgərov nazirliyin yaranması haqqında ətraflı danışaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyin bərpası uğrunda apardığı siyasi fəaliyyətində ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildiyi üçün muxtar respublikanın sosial-iqtisadi inkişafı, siyasi cəhətdən möhkəmlənməsi ilə yanaşı, milli təhlükəsizlik məsələlərini də diqqət mərkəzində saxlayaraq xüsusi xidmət və hüquq-mühafizə orqanlarının yenidən qurulması işini özünəməxsus peşəkarlıqla həyata keçirmişdir. Ulu öndər xüsusi xidmət orqanlarımıza rəhbərlik etdiyi və Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrlərdə milli təhlükəsizlik orqanlarının daim yenilənməsini, formalaşmasını yüksək peşəkarlıqla həyata keçirmiş, milli dövlətçilik ənənələrini yaşadacaq gələcək nəsillər üçün müqəddəs və zəngin irs yaratmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı naminə qətiyyətli və yorulmaz fəaliyyəti nəticəsində blokada şəraitində olmasına baxmayaraq, bu gün muxtar respublikamız dinamik sosial-iqtisadi, elmi inkişafa nail olaraq tərəqqi yolunda uğurla irəliləməkdədir. Bu inkişaf, tərəqqi bütün sahələrlə yanaşı, xüsusi xidmət orqanlarımızı da əhatə etmiş, milli təhlükəsizliyimizə yönələn təhdidlərin, həmçinin cinayətkar fəaliyyətlərin qarşısının alınmasında mühüm rol oynamışdır. Muxtar respublika rəhbərinin qayğısını daim üzərində hiss edən nazirliyin fəaliyyətinin səmərəliliyinə xidmət edən bütün zəruri tədbirlər həyata keçirilmişdir. Nazirliyin maddi-texniki bazası davamlı olaraq gücləndirilmiş, yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Bununla yanaşı, kadr heyətinin vətənpərvər, ixtisaslı, savadlı gənclərlə komplektləşdirilməsi, bacarıqlı kadrların irəli çəkilməsi, işin günün tələbləri və dəyişən əməliyyat şəraitinə uyğun qurulması xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinə və aparılmasına şərait yaratmışdır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi keçən dövr ərzində hərtərəfli və dinamik inkişafa aparan uğurlu siyasi, sosisal-iqtisadi siyasətin həyata keçirilməsində və sabit ictimai-siyasi mühitin yaradılmasında digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmişdir. Keçən dövr ərzində nazirlik fəaliyyətinin bütün istiqamətləri üzrə əməliyyat şəraitini diqqət mərkəzində saxlamış, narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya və mütəşəkkil cinayətkarlıqla bağlı digər sahələrdə də mübarizə ardıcıl olaraq davam etdirilmişdir.
Sonra çıxışlar olmuşdur.
Tədbirin sonunda xidməti fəaliyyətlərində fərqlənmiş əməkdaşlar mükafatlandırılmış, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR