23 Dekabr 2024, Bazar ertəsi

Sülh bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Çünki sülh olmazsa, əmin-amanlıqdan, bərabərlikdən, sosial, iqtisadi, mədəni inkişafdan da söhbət gedə bilməz. Təəssüflər olsun ki, dünya inkişaf etdikcə münaqişələrin də sayı artmaqda davam edir. Bu münaqişələrin nəticəsində onlarla, yüzlərlə, bəzən isə daha çox insan terror və müharibələrin qurbanına çevrilir. Bütün bunların qarşısının alınmasında isə sülhün böyük rolu var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sülh amilini yüksək qiymətləndirərək demişdir: “XXI əsr barış əsri, sülh əsri olmalıdır. Bütün münaqişələr, müharibələr aradan götürülməlidir. Artıq dünya sülh yolu ilə, tərəqqi yolu ilə getməlidir, inkişaf etməlidir”. 

Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarixboyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə Qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.

Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının qorunmasını, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. Çünki sülh, eyni zamanda sabitlik və inkişafın təməlidir. Bu proses hər ölkədə onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir. Ən yaxın tarixdən də məlumdur ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Bu həm dövlətimizin sülh arzusunun ifadəsi, həm də həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması yolunda ardıcıl tədbirlər görülmüşdür. Bu tədbirlərin əməli nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Ancaq işğalçı ölkə indiyədək beynəlxalq hüququn tələblərini pozaraq işğal siyasətini davam etdirir.
Xatırladaq ki, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində Dağlıq Qarabağ münaqişəsinin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdu.
Azərbaycan xalqı hər zaman sülhsevər olmuşdur. Bunu onunla izah etmək olar ki, tarixən Azərbaycanda azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də mehribancasına yaşamış və hazırda da yaşayırlar. Ölkəmizin yüksək tolerantlığa sahib olması indi bir çox ölkələr üçün əsl nümunədir. Eyni zamanda xalqımızın bu mental xüsusiyyəti aparılan dövlət siyasətinin də əsas prioritetini təşkil edir. Ulu öndərin rəhbərliyi ilə hazır­lanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində “ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək” Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyul tarixli Sərəncamı ilə 2001-2010-cu illər Azərbaycan Respublikasında “Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyi” kimi geniş qeyd olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə elan olunan bu onilliklə bağlı hazırlanmış Manifesti ilk imzalayan dövlət başçılarından biri də məhz ümummilli liderimiz Heydər Əliyev olmuş, ulu öndərimizin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünyada yüksək qiymətləndirilmişdir. Ulu öndərin 1999-cu ildə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi faktı bunun bariz nümunəsidir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan edərək demişdir: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Bu zərurət həm də onunla bağlıdır ki, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və əsassız ərazi iddiaları müstəqil dövlətimiz və xalqımız üçün böyük problemlər yaratmışdır. Ərazimizin 20 faizi işğal olunmuş, on minlərlə insan öldürülmüş və yaralanmış, yüzlərlə qadın, uşaq və qoca əsir və yaxud girov götürül­müş, 1 milyondan çox insan tarixi-etnik torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. Təcavüz nəticəsində xalqımızın böyük mənəvi və maddi itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan Respublikası daxili və xarici siyasətində demokratiya və müstəqil dövlətçilik prinsiplərinə, eyni zamanda beynəlxalq hüquqi normalara daim sadiqlik nümayiş etdirir. Biz bu yolda xalqımızın sülhsevərlik, humanizm və dözümlülük kimi yüksək mənəvi dəyərlərinə arxalanırıq”.
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazın həm iqtisadi, həm də hərbi baxımdan ən güclü ölkəsinə çevrilmişdir. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır”, – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.
21 sentyabr – Beynəlxalq Sülh Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunur. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 20 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan yaradılmış ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir, yeni uğurlara imza atır. Aparılan düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası planetin ən təhlükəsiz guşələrindən biridir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünün sülh yolu ilə təmin edilməsinin tərəfdarıdır. Çünki ölkəmiz problemin həllinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunmasını istəyir. Bu istək isə Azərbaycanın hüquqi dövlət kimi bir daha sülhməramlı siyasətə sadiqliyindən irəli gəlir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR