23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyеv: Milli Təhlükəsizlik Nazirliyində işləmək, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir.


Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının inkişafı, bu sahədə fəaliyyətin xalqımızın milli maraqlarına uyğun qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı kimi qəbul olunur. Böyük şəxsiyyətin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində kadr potensialının formalaşdırılması, təhlükəsizliyin təminatında xalqımızın milli maraqlarının ön plana çəkilməsi və qorunması məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndər xalqımızın mənafelərini, milli-mədəni irsini, milli dəyərlərini sovet rejiminin amansız təhdidlərindən qorumaq naminə böyük iradə və dəyanət nümayiş etdirmişdir.
Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən hərc-mərclik, silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması, separatçılıq meyillərinin güclənməsi, digər tərəfdən Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və o dövrdəki ölkə rəhbərlərinin səriştəsizliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında siyasi, sosial-iqtisadi, hərbi sahələrdə yaşanan böhran vəziyyəti daha da ağırlaşdırmışdı. Bu ağır və məşəqqətli dövrdə ulu öndər Heydər Əliyevin öz doğma yurdu Naxçıvana qayıtması və siyasi fəaliyyətə başlaması xalqın itən inamını özünə qaytardı. Həmin dövrdə Ermənistan tərəfdən işğal təhlükəsi ilə üzləşən, blokadaya alınan muxtar respublikanın siyasi-iqtisadi tənəzzüldən çıxarılması, hərbi təhdidlərdən xilas edilməsi yalnız ulu öndərin Vətən sevgisi, həyata keçirdiyi çevik və uğurlu siyasət nəticəsində mümkün olmuşdu.

Ümummilli lider Heydər Əliyev həmin dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafı, siyasi cəhətdən möhkəmlənməsi ilə yanaşı, təhlükəsizlik və müdafiə problemlərinin həllinə də xüsusi diqqət yetirir, bu məqsədlə xüsusi xidmət orqanlarında mühüm islahatlar həyata keçirirdi. Belə ki, 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tabeliyində olan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyəti dayandırıldı. Qısa müddətdən sonra, 1992-ci il sentyabrın 20-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılması haqqında qərar qəbul edildi.
Yeni yaradılan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət istiqamətləri müəyyənləşdirildi, onun qarşısına muxtar respublika ərazisində Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına qarşı olan təhdidlərin, xarici dövlətlərin xüsusi xidmət orqanlarının və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətlərinin qarşısının alınması, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması, transmilli mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə kimi mühüm vəzifələr qoyuldu. Başqa sözlə, milli maraqların etibarlı qorunması və təhlükəsizliyin hərtərəfli təmin edilməsi nazirliyin əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə yaradılmışdır. 2004-cü ildə nazirliyin əsasnaməsi və strukturu təsdiq edilmişdir. Yeni əsasnaməyə uyğun olaraq, nazirlik və onun rayon şöbələri qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdir. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir”.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi ötən dövr ərzində dövlət siyasətinin həyata keçirilməsində və sabit ictimai-siyasi mühitin yaradılmasında uğurlu fəaliyyət göstərmiş, dövlətimizin milli mənafelərinin qorunmasını təmin etmişdir. Bu gün nazirlik milli təhlükəsizliyin keşiyində dayanmaqla yanaşı, həm də yeni dövrün çağırışlarına hazır olmaqla gələcəyin təminatçısı funksiyasını yerinə yetirir. Ötən dövr ərzində nazirliyin əməliyyat fəaliyyətinin bütün aparıcı istiqamətləri üzrə həyata keçirilən tədbirlər nəticəsində təhlükəsizliyimizə və milli maraqlarımıza qarşı yönəlmiş cinayətkar əməllərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. Xüsusi xidmət orqanlarına xas spesifik kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətindən başqa, dövlət sirri təşkil edən məlumatların qorunması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, odlu silahın və döyüş sursatının, ikili təyinatlı malların qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə sahəsində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Həyata keçirilmiş əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirləri nəticəsində muxtar respublikada casusluq yolu ilə hərbi, iqtisadi və digər sahələrə dair məlumatlar toplanmış, Azərbaycan Respublikasının maraqlarına qarşı yönəlmiş pozuculuq fəaliyyətinin qarşısı müvəffəqiyyətlə alınmış, ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə yol verilməmişdir.
Dövlət quruculuğu prosesində yaxından iştirak edən Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni mühitinin inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətləri üzrə işin səmərəli təşkilində, ən başlıcası, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında digər dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu gün nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hüquq-mühafizə orqanları qarşısında mühüm vəzifə kimi qoyduğu ümumprofilaktik tədbirlərin keçirilməsi işini də daim diqqət mərkəzində saxlayır. Əməkdaşlar tərəfindən gənc nəslin milli və əxlaqi dəyərlərə, adət-ənənələrimizə, dövlətçiliyimizə sadiq, sağlam vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparılır, onlara ölkə vətəndaşlarını şirnikləndirici, aldadıcı vədlərlə qanunazidd və cinayətkar əməllərə sövq etməyə çalışan ayrı-ayrı təşkilatlar, eləcə də son dövrlər beynəlxalq aləmi təhdid edən radikal, qeyri-ənənəvi dini qruplaşmalar və onların pozucu­luq fəaliyyətləri barədə ətraflı məlumatlar verilir.
Bu gün milli maraq və təhlükəsizliyin müasir səviyyədə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Ötən dövrdə nazirliyin maddi-texniki bazası davamlı olaraq gücləndirilmiş, rayon şöbələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı, kadr heyətinin vətənpərvər, ixtisaslı, savadlı gənclərlə komplektləşdirilməsi, bacarıqlı kadrların irəli çəkilməsi, işin günün tələbləri və dəyişən əməliyyat şəraitinə uyğun qurulması xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinə və aparılmasına şərait yaratmışdır.
Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq nüfuzunun artması, mötəbər tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi son dövrlər bəzi xarici dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Bu da milli təhlükəsizlik məsələlərinin ölkəmiz üçün daha mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Ölkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir”.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti bundan sonra da dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin və mövcud sabitliyin qorunması istiqamətində bütün qüvvəsini, imkan və gücünü səfərbər edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR