Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar muxtar respublikada həyata keçirilən tədbirlər davam etdirilir. Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətini məktəblilərə aşılamaq məqsədilə təhsil ocaqları da bu işdə fəallıq göstərirlər.
Culfa Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin ikinci turuna yekun vurulub. Məktəblilər yazdıqları inşalarda ulu öndərin hər bir azərbaycanlı üçün örnək olan həyat və fəaliyyətini, dahi rəhbərin Azərbaycan üçün etdiklərini özlərinə məxsus ifadə tərzi ilə qələmə alıblar. Ümummilli liderin Azərbaycanda təhsilin inkişafı, gənclərin intellektual və savadlı yetişməsi, onların dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda böyümələri üçün həyata keçirdiyi tədbirlər barədə şagirdlərin fikirləri inşalarda əksini tapıb.
Müsabiqəyə təqdim olunmuş 28 yazı işinə münsiflər heyəti tərəfindən verilən rəyə əsasən, Əbrəqunus kənd tam orta məktəbinin X sinif şagirdi Gültən Əlizadə I, Saltaq kənd tam orta məktəbinin XI sinif şagirdi Mətin Qasımov II, Culfa şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Arzu Fətəliyeva üçüncü yerlərə layiq görülüblər. Dizə kənd tam orta məktəbinin X sinif şagirdi Pəri Hüseynovanın yazı işi həvəsləndirici yerlə qiymətləndirilib.
I-III yerlərin sahiblərinə Təhsil Şöbəsi tərəfindən diplomlar verilib. Onlar muxtar respublika turuna vəsiqə qazanıblar.
Xəbərlər şöbəsi