Azərbaycanda kənd təsərrüfatının inkişafının əsası ötən əsrin 70-80-ci illərində qoyulub
Yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olan, respublika əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını, insanların maddi rifahının yaxşılaşdırılmasını, respublikanın itirilmiş imicinin özünə qaytarılmasını, hər cür neqativ hallara son qoyulmasını, çoxsaylı məsələlərin həllini qarşısına məqsəd qoyan ulu öndərimiz Heydər Əliyevin 1969-cu ilin iyulunda respublika rəhbərliyinə gəlişindən dərhal sonra kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə misilsiz iqtisadi, siyasi, təşkilati və quruculuq işləri həyata keçirilmişdir.
Ümummilli liderimizin məqsədyönlü, qətiyyətli, prinsipial və gərgin əməyinin, yaradıcı fəaliyyətinin nəticəsi olaraq, 1969-1982-ci illərdə respublikanın kənd təsərrüfatında uzun illər davam edən tənəzzülə və böhrana birdəfəlik son qoyulmuş, onun dinamik inkişafı təmin edilmişdir.
Təbiətin Azərbaycana bəxş etdiyi zəngin təbii-iqlim şəraitindən ötən əsrin 70-ci illərinin əvvəllərində, yəni ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illərdə daha geniş, düzgün və səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər həyata keçirilmiş, gələcək uğurların möhkəm təməli qoyulmuşdur.
Bu bir təkzibedilməz həqiqətdir ki, 60-cı illərin axırlarınadək respublikamızın təbii sərvətlərindən lazımınca istifadə edilmir, ondan demək olar ki, heç bir fayda götürülmürdü. Respublika iqtisadiyyatı və onun əsas sahələrindən biri olan kənd təsərrüfatı uzun sürən böhran və tənəzzül vəziyyətində idi. Azərbaycan əsas əkinçilik və heyvandarlıq məhsulları istehsalı və dövlətə satışı üzrə hətta azaldılmış planları belə, ödəyə bilmirdi. Bunun nəticəsində istehsalın həcmi və artım sürəti üzrə səkkizinci beşilliyin plan tapşırıqları yerinə yetirilməmişdi.
Azərbaycan kənd təsərrüfatının bütün əsas göstəriciləri üzrə, yəni istehsal planlarının yerinə yetirilməsi, bitkilərin və mal-qaranın məhsuldarlığı, texnikadan və suvarılan torpaqlardan istifadə edilməsi, əmək məhsuldarlığı və rentabellik üzrə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. Kənd təsərrüfatının ümumi məhsulunun orta illik artım sürəti digər respublikalardan geri qalırdı. Belə ki, 1966-1969-cu illərdə nəzərdə tutulduğundan 653 min ton az taxıl, 22 min ton az pambıq, 260 min ton az tərəvəz, 17 min ton az üzüm istehsal edilmişdi. Əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı getdikcə aşağı düşürdü. Bu illərdə, yəni 1966-1969-cu illərdə hər hektardan orta hesabla 10,7 sentner dənli bitkilər, 15,7 sentner pambıq, 119 sentner tərəvəz, 39,4 sentner üzüm, 13,8 sentner meyvə, 15,4 sentner tütün istehsal olunmuşdu. İctimai heyvandarlıqda vəziyyət daha acınacaqlı idi. Kolxoz və sovxozlarda mal-qaranın sayı ildən-ilə azalır, məhsuldarlığı aşağı düşür, məhsulların maya dəyəri isə artırdı.
Respublikanın kolxoz və sovxozlarında hər il çoxlu sayda mal-qara tələf olurdu. Təkcə 1968-ci ildə heyvandarlıq məhsulu satışından dəyən zərər kolxozlarda 22,7 milyon manat, sovxozlarda isə 4,8 milyon manat olmuşdu.
Kənd təsərrüfatının əsas sahələrinin suvarılan əkinçilik sisteminə əsaslanmasına baxmayaraq, geniş meliorasiya işləri aparılmır, torpaqların yararlı hala salınmasına lazımi diqqət yetirilmir, kolxoz və sovxozların maddi-texniki bazasını möhkəmləndirmək üçün heç bir tədbir həyata keçirilmirdi. Aqrar problemlərin həllində elmin nailiyyətlərindən zəif istifadə edilirdi. Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, demək olar ki, unudulmuşdu.
Respublikanın belə ağır dövründə – 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumu çağırılmış və görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikanın düşmüş olduğu vəziyyət tezliklə dərindən təhlil edilmiş, daxili ehtiyat mənbələri aşkara çıxarılmış, ondan düzgün istifadə yolları müəyyənləşdirilmiş və ölkəni böhran vəziyyətindən xilas etmək üçün ilk günlərdən cəsarətli addımlar atılmış, qəti tədbirlər həyata keçirilməyə başlanmışdır. Yeganə çıxış yolunu, bütünlükdə, Azərbaycanın iqtisadiyyatını sağlamlaşdırmaqda, kənd təsərrüfatını inkişaf etdirməkdə görən müdrik rəhbər aqrar sahənin vəziyyətini dərindən təhlil edib konkret vəzifələr müəyyən etmişdir.
Azərbaycanda kənd təsərrüfatının, əsasən, suvarılan əkinçilik sisteminə əsaslandığı nəzərə alınaraq, irriqasiya-meliorasiya qurğuları tikintisinin genişləndirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması işlərinin sürətləndirilməsi ön plana çəkilmişdir.
Kənd təsərrüfatının maddi-texniki təchizatını gücləndirmək, istehsal proseslərini kompleks mexanikləşdirmək və əməyin təşkilini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görülmüşdür. Pambıqçılıq, üzümçülük, meyvəçilik, çayçılıq və heyvandarlıq sahələrinin daha da inkişaf etdirilməsi üçün kompleks inkişaf proqramı hazırlanmışdır. Ən başlıcası, respublikanın ayrı-ayrı regionları üzrə əkinçiliyin və heyvandarlığın ixtisaslaşdırılmış sahələrinin yaradılmasının əsası qoyulmuşdur.
Kənd təsərrüfatını böhrandan çıxarmağın əsas yolunu aqrar elmin nailiyyətlərindən istifadə etməkdə görən xalqımızın böyük oğlu Heydər Əliyev yüksək məhsuldarlığa malik, xəstəliklərə davamlı yeni toxum sortlarının yaradılması və toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və yeni cins mal-qara yetişdirilməsi, taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, meyvəçilik sahələrində mütərəqqi texnologiyaların işlənib hazırlanması ilə əlaqədar respublikanın aqrar elmi qarşısında mühüm vəzifələr qoymuşdur.
Çoxdan bəri SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlanmış və 1970-ci ilin iyul ayının 23-də Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” xüsusi qərarı qəbul olunmuşdur. Həmin qərar respublikamızın kənd təsərrüfatının konkret vəzifələrini müəyyən edən əməli fəaliyyət proqramı idi. Bu mühüm qərardan irəli gələn vəzifələr 1970-ci il avqust ayının 11-də Azərbaycan KP MK-nın plenumunda geniş müzakirə edilmişdir.
Azərbaycanın tarixinə kənd təsərrüfatının inkişafının əsaslı dönüş dövrü kimi daxil olan 1971-1975-ci illərdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən 1390,0 milyon manat vəsait ayrılmışdır. Bu məbləğin təxminən yarısını torpaqların əkinçilik üçün yararlılaşdırılması, şoranlıqların yuyulması, meliorasiya və su qurğularının tikilməsinə sərf etmək nəzərdə tutulurdu. 234 min hektar sahədə torpaqların meliorasiyası aparılmalı, 3 min hektarda suvarma şəbəkəsi yenidən qurulmalı idi. Göründüyü kimi, artıq istər əkinçiliyi, istərsə də heyvandarlığı inkişaf etdirmək üçün real imkan və şərait yaradılırdı. Qısa müddət ərzində respublikanın kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaranmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişi təmin olunmuşdur. Bütün kənd təsərrüfatı məhsullarının istehsalına və tədarükünə dair beşillik planlar vaxtından əvvəl, artıqlaması ilə yerinə yetirilmişdir. Beş il ərzində taxıl və tütün təhvili üzrə 7 ilin planı, pambıq və meyvə üzrə 6 ilin planı ödənilmişdir. Kənd təsərrüfatının ümumi məhsulu 1969-cu ildəki 999 milyon manat əvəzinə 1975-ci ildə 1 milyard 573 milyon manat olmuşdur. 1970-1975-ci illərdə Azərbaycanda kənd təsərrüfatı istehsalının artım sürəti nəzərdə tutulan 30 faiz və ittifaqda orta hesabla əldə edilmiş 13 faiz əvəzinə 34 faizə çatmışdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, bu artım, əsasən, keyfiyyət amilləri sayəsində bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığın yüksəldilməsi hesabına əldə edilmişdir. 1969-cu ildəkinə nisbətən 1975-ci ildə kolxozçuların orta aylıq əməkhaqqı 47 faiz, sovxoz işçilərinin orta aylıq əməkhaqqı 38 faiz artmışdı.
Respublikanın kənd təsərrüfatının daimi inkişafı haqqında düşünən xalqımızın böyük oğlu Heydər Əliyev illər ərzində əldə edilən təcrübəni və yeni imkanları təhlil edərək, onuncu beşillik üçün daha mürəkkəb vəzifə – intensiv amillərin tətbiqinin genişləndirilməsi və məhsuldarlığın yüksəldilməsi hesabına kənd təsərrüfatının sürətli inkişafına nail olmaq vəzifəsini irəli sürmüş, ittifaq rəhbərliyinə konkret təkliflər vermişdir. 1975-ci il iyul ayının 9-da Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” ikinci qərarı qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi, gündəlik qayğısı və nəzarəti altında təsərrüfatlararası kooperasiya və aqrar-sənaye inteqrasiyası əsasında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılmasını və təmərküzləşdirilməsini daha da inkişaf etdirmək üçün xeyli iş görülmüşdür. Artıq 70-ci illərin ikinci yarısından bu istiqamətdə aparılan aqrar siyasət respublikada pambıq, taxıl, tərəvəz, üzüm, meyvə, kartof, yaşıl çay yarpağı, tütün istehsalı və qismən də heyvandarlıq məhsulları istehsal etmək üçün zonalar və rayonlar müəyyən edilmiş, bu sahələrin inzibati-təsərrüfat cəhətdən idarə edilməsində yeni formalar yaradılmışdır.
O vaxtlar irimiqyaslı irriqasiya və meliorasiya işlərinin həyata keçirilməsi respublikanın kənd təsərrüfatında baş verən inqilabi dəyişikliklərin əsas amillərindən biri idi. Artıq 10 il ərzində – 1970-1980-ci illərdə respublikada 96 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 343 min hektar suvarılan torpaqların meliorasiya vəziyyəti yaxşılaşdırılmış, 610 min hektar sahədə suvarma şəbəkəsi yenidən qurulmuş, 294 min hektar torpaq hamarlanmış, 544 min hektar qış otlaqlarına su çıxarılmışdı. Həmin dövr ərzində magistral su kanallarının uzunluğu 250 kilometrdən çox olan yeni iri dəryaçalar və su tutumu 2 milyard kubmetr olan su təsərrüfatı obyektləri tikilmişdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin tükənməz enerjisi, yüksək təşkilatçılığı və siyasi fəaliyyəti bütün kənd təsərrüfatı işçilərində əzmlə, fədakarlıqla çalışmağa həvəs oyadır və bunun nəticəsində də respublikada planlar, yüksək öhdəliklər artıqlaması ilə yerinə yetirilir, kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü durmadan artırdı. Planların və öhdəliklərin yerinə yetirilməsi respublikada ənənə xarakteri almış, inkişafımızın çox böyük mənəvi və maddi qüvvəsinə çevrilmişdi. Azərbaycan dalbadal on iki il ümumittifaq yarışında qalib çıxaraq ölkənin Qırmızı bayraqları ilə təltif edilmişdi.
1978-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1969-cu ildəkindən 2 dəfə, 1971-1975-ci illərin orta göstəricisindən isə 44 faiz çox olmuşdu.
Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında toplanmış zəngin təcrübə və aşkara çıxarılan yeni ehtiyat mənbələri əsasında kənd təsərrüfatını daha da inkişaf etdirmək yolları müəyyən edilmiş və konkret təkliflər işlənib hazırlanmışdır. Belə bir nəticə çıxarılmışdır ki, respublikamızın torpaq-iqlim şəraiti və əldə edilmiş müvəffəqiyyətlər kənd təsərrüfatını daha dərindən ixtisaslaşdırmağa, bütün kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmağa imkan verir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və tələbi ilə ölkə rəhbərliyi SSRİ Dövlət Plan Komitəsinə, SSRİ Kənd Təsərrüfatı Nazirliyinə, SSRİ Yeyinti Məhsulları Sənayesi Nazirliyinə tapşırıq vermişdir ki, həmin təkliflər diqqətlə öyrənilsin. Böyük hazırlıq işi nəticəsində 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin üçüncü qərarı qəbul edilmişdir. Həmin qərar 2000-ci ilədək dövr üçün Azərbaycanda kənd təsərrüfatının inkişafının başlıca istiqamətlərini müəyyən edir, respublikanın sosial-iqtisadi inkişafını sürətləndirməyə yeni imkanlar açırdı.
Yuxarıda qeyd edildiyi kimi, yalnız intensiv amillər, yəni kənd təsərrüfatı bitkilərinin və mal-qaranın məhsuldarlığının yüksəldilməsi kənd təsərrüfatının sürətli inkişafı üçün həlledici şərt olmuşdur.
1969-cu ildəkinə nisbətən 1981-ci ildə dənli bitkilərin məhsuldarlığı 2,6 dəfə artmış və hər hektardan 24,4 sentner, pambığın məhsuldarlığı 2,4 dəfə artmış və hər hektardan 36 sentner, üzümün məhsuldarlığı 2,3 dəfə artmış və hər hektardan 102 sentner məhsul toplanmışdır.
1982-ci ildə 1969-cu ilə nisbətən taxıl istehsalı 2,1 dəfə, pambıq istehsalı 1,9 dəfə, tütün istehsalı 2,3 dəfə, kartof istehsalı 1,6 dəfə, tərəvəz istehsalı 2,5 dəfə, bostan məhsulları istehsalı 1,9 dəfə, meyvə və giləmeyvə istehsalı 6,6 dəfə, üzüm istehsalı 6,6 dəfə, çay istehsalı 2,8 dəfə artmışdı.
Kənd təsərrüfatı istehsalının daim yüksək sürətlə artması respublikanın bütün iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərmiş, əhalinin maddi rifahı xeyli yüksəlmişdir. Göründüyü kimi, 1969-1982-ci illərdə Azərbaycan Respublikasının kənd təsərrüfatında uzun illər davam edən tənəzzülə və böhrana birdəfəlik son qoyulmuş, onun dinamik və sabit şəkildə inkişafı təmin edilmişdir. Əlbəttə, bu müvəffəqiyyətlər ulu öndər Heydər Əliyevin məqsədyönlü, qətiyyətli, prinsipial və gərgin əməyinin, yaradıcı fəaliyyətinin nəticəsində əldə edilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində 1969-1982-ci illərdə respublikada mənəvi-siyasi iqlim saflaşmış, fəhlələrin, kəndlilərin və ziyalıların qurub-yaratmaları üçün hər cür şərait yaranmışdır. Həmin dövr Azərbaycanda kənd təsərrüfatının yüksələn xətlə inkişafı dövrü kimi səciyyələndirilir. Azərbaycan iqtisadiyyatının 70-80-ci illərdəki misilsiz yüksəlişi istehsalın bir-biri ilə qarşılıqlı sıx əlaqəsi olan bütün sahələrinin həmahəng uzlaşdırılaraq inkişaf etdirilməsi nəticəsində baş vermişdi.
(ardı var)
Elnur BAĞIROV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri