Dünən Şərur rayonunda “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov açaraq rayondakı bələdiyyələrə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd edilmişdir ki, rayonda bələdiyyələrin normal fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmış, bu qurumların əksəriyyəti yeni binalarda yerləşdirilmişdir. Bunun müqabilində bələdiyyə üzvləri fəaliyyətlərini daha da yaxşılaşdırmalıdırlar.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanovun “Yerli özünüidarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru”, Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun “Bələdiyyə iclasının çağırılması və əhali ilə görüşün təşkili qaydalarının tənzimlənməsi”, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Bələdiyyə fəaliyyətinin təşkilində kargüzarlığın rolu və bu sahəni tənzimləyən qanunvericilik” mövzularında məruzələri dinlənilmişdir.
Seminar-müşavirədə vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə “Bələdiyyələrin Nümunəvi Reqlamenti” təsdiq edilmişdir. Bu reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydaları və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir. Bələdiyyə orqanları həmin reqlamentin tətbiqini diqqət mərkəzində saxlamalıdırlar.
Tədbirdə yerli özünüidarəetmənin digər aktual məsələlərinə də toxunulmuş, bələdiyyə qərarlarının qəbul edilməsi prosedurunun düzgün həyata keçirilməsi, yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsaitlərinin istifadəsi və sair məsələlərin həlli istiqamətində görüləsi işlərin vacibliyi diqqətə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Cəfər ƏLİYEV