Naxçıvan Dövlət Universitetində “Biz Heydər Əliyev irsindən öyrənirik” mövzusunda elmi konfrans keçirilmişdir. Universitetin Gənclər Təşkilatının və Magistratura üzrə dekanlığının birgə təşkil etdiyi konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, ölkəmizin müasir dinamik inkişafında, taleyüklü məsələlərin həllindəki misilsiz xidmətlərindən bəhs etmişdir.
Magistratura üzrə Tələbə Gənclər Təşkilatının sədri, magistrant Lamiyyə Əliyeva “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzə edərək xalqımızın böyük oğlu Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Magistrant Püstə Əhmədova “Heydər Əliyev və Naxçıvan” adlı məruzəsində bildirmişdir ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən blokada şəraitində olan Naxçıvanı erməni qəsbkarlarının hücumlarından, işğaldan qorumuş, Azərbaycanın gələcək müqəddəratı ilə bağlı mühüm tarixi siyasi qərarlar qəbul etmişdir. Ümummilli lider Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra da Naxçıvanın sosial-iqtisadi, elmi, mədəni tərəqqisini daim diqqət mərkəzində saxlamışdır. Ölkə başçısı və muxtar respublika rəhbəri tərəfindən Heydər Əliyev ideyalarının layiqincə davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan özünün əsl intibah dövrünü yaşayır.
Magistrant Səadət Əliyeva “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusuna həsr olunmuş məruzəsində ümummilli liderin Azərbaycanda milli jurnalistikanın demokratik prinsiplər əsasında inkişafı, söz, mətbuat azadlığının, plüralizmin təmin olunması istiqamətində qəbul etdiyi qərarlar barədə məlumat vermişdir.
Konfransda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd və “Tarixin Heydər Əliyev zirvəsi” adlı sənədli film nümayiş etdirilmişdir.
Mehriban SULTAN