22 Dekabr 2024, Bazar

İctimai sabitliyin keşiyində

1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların şəxsi heyəti ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə qoşulmuş, igidlik və qəhrəmanlıq nümunəsi göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyevin  1995-ci il 9 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladıqları gün – 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.

Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük bir inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas vəzifə və fəaliyyət prinsiplərini müəyyən etmişdir. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyini qeyd edən ulu öndərimiz deyirdi: “Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, dövlətinə, Azərbaycanın Ali Baş Komandanına yüksək sədaqət ruhu formalaşıb”.

2003-cü ildən etibarən Daxili Qoşunların inkişafı yeni bir mərhələyə yüksəlmişdir. “Azərbaycan dövləti, dövlətçiliyinin inkişafı və möhkəmlənməsi üçün Daxili Qoşunların xidməti yüksək səviyyədədir və məni qane edir”, – deyən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası getdikcə daha da gücləndirilir.
1995-ci il aprelin 10-da Daxili Qoşunların muxtar respublikada “N” hərbi hissəsi, 2002-ci il dekabrın 4-də isə hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı yaradılmışdır. Yarandığı dövrdən etibarən alay vətənə sədaqətlə xidmət etmiş, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə demişdir: “1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru mühüm təşkilatlanma mərhələsi keçmiş, inkişaf edərək tabordan alaya çevrilmişdir. Hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılmış, ən müasir infrastruktur yaradılmışdır. Ötən dövr ərzində maddi-texniki bazanın yaxşılaşdırılması sahəsində əhəmiyyətli dönüşə nail olunmuş, hərbi hissə ən müasir silah-sursat, hərbi texnika və radio-rabitə sistemləri ilə təmin olunmuşdur”.
Bu gün Daxili Qoşunların Naxçıvan Alayı müasir maddi-texniki bazaya malikdir. Alaya göstərilən diqqət və qayğı, burada həyata keçirilən quruculuq işləri nəticəsində hərbi hissə abad və müasir bir şəhərciyə çevrilmişdir. Son illər alayın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar və müasirtipli sosial məişət obyektləri inşa edilmişdir. Alayda quruculuq işləri haliyədə də davam etdirilir. Hazırda zabit-gizir ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri 5 mərtəbədən ibarət olan 60 və 45 mənzilli iki yaşayış binasının tikintisi aparılır.
Peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, nümunəvi nizam-intizama nail olunması və ictimai sabitliyin qorunması alayın qarşısında duran əsas vəzifələrdir. Eyni zamanda bu gün alayın müasir texnika, silah-sursat və avadanlıqla təchiz olunması istiqamətində də mühüm işlər görülür. Ötən dövr ərzində Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində Daxili Qoşunların Naxçıvan Alayına yeni artilleriya qurğuları və xüsusi təyinatlı xidməti avtomobillər verilmiş, onun maddi-texniki bazası xeyli gücləndirilmişdir.
Bu gün Daxili Qoşunların Naxçıvan Alayı qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadirdir. 2012-ci il iyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmə və hissələrinin birgə döyüş atışlı taktiki təlimində Daxili Qoşunların Naxçıvan Alayı da iştirak etmişdir. Təlimdə müasir texnikaların döyüş imkanları nümayiş etdirilmiş, müxtəlif çaplı silahlardan atəş açılmış, təyin olunmuş hədəflər dəqiqliklə məhv edilmişdir.
Daxili Qoşunların Naxçıvan Alayının zabitlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, hərbi hissənin 10 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu, sağlam münasibətlər olsun”. Daxili Qoşunların Naxçıvan Alayı öz fəaliyyətini bu istiqamətdə qurmağa, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə çalışır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR