22 Dekabr 2024, Bazar

Dünən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” restoranında bayram tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri Turqayə Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva və Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poli­klinikasının baş həkimi Xuraman Hacıyeva çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda qadınlara göstərilən dövlət qayğısından danışmışlar.

Qeyd olunmuşdur ki, dünya qadınları arasında öz layiqli yerini tutan Azərbaycan qadını böyük inkişaf yolu keçmişdir. Azərbaycan qadınları yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fə­dakarcasına xidmət edirlər. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınlarımızın rolunu daha da artırmışdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, qadınların orada iştirakı təmin olunmasın. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün muxtar respublikamızda qadınlarımız müxtəlif dövlət orqanlarında çalışırlar. Bildirilmişdir ki, muxtar respublika əhalisinin 50,25 faizini, yəni 427 min 228 nəfərdən 214 min 696 nəfərini qadınlar təşkil edir, bunlardan 69 min 347-si 18 yaşınadək olan, 145 min 349-u isə 18 yaşından yuxarı olan, 2560-ı qaçqın və məcburi köçkün qadın, 197-si şəhid ailəsi sayılan qadın, 475-i isə ahıl qadınlardır. Bu qadınlar blokadanın çətinliklərinə baxmayaraq, bütün sahələrdə təmsil olunmaları üçün yaradılmış lazımi şəraitdən istifadə edərək regionumuzun inkişafı üçün səylə çalışırlar. 

Naxçıvan Dövlət Filarmoniyası solistlərinin, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin nəzdində fəaliyyət göstərən “Ozan” Yaradıcılıq Studiyasının sazçı qızlar ansamblının, Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasının balaca fidanlarının ifa etdiyi mahnı və rəqslər tədbirə xoş ovqat bəxş etmişdir.
Sonda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlara diplomlar və hədiyyələr verilmişdir.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikamızın bütün rayonlarında tədbirlər keçirilmiş, qadınlara hədiyyələr təqdim olunmuşdur.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR