Heydər Əliyev Muzeyində keçirilən konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafına daim böyük önəm verdiyini bildirib, ümummilli liderimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi XX əsrin 70-ci illərinin əvvəllərindən başlayıb. Həmin dövrdə geniş mədəniyyət müəssisələri şəbəkəsinin formalaşdırılması, mədəniyyət sarayları və mədəniyyət evləri, kitabxanalar və klublar, muzeylər və musiqi məktəbləri üçün möhtəşəm binaların tikdirilməsi ənənəsi də məhz ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan mədəniyyətinin davamlı inkişafı müstəsna yer tutub. Ulu öndərimiz bütün həyat fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, Azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanıdılmasına həsr edib. Dahi rəhbər siyasi dövlətçilik fəaliyyətində Azərbaycanda digər sahələrlə yanaşı, mədəniyyət və incəsənətin də davamlı tərəqqisi yolunda böyük və əvəzsiz tarixi xidmətlər göstərib.
Qeyd edilib ki, Azərbaycan mədəniyyət və incəsənətinin inkişafında müstəsna rol oynayan ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu 34 il müddətində milli dəyərlərimizə xüsusi önəm verərək onu dünyaya tanıdıb. Bu mədəniyyət Azərbaycan tarixini özündə yaşadır. Görkəmli dövlət xadimi Heydər Əliyev məhz bu prizmadan mədəniyyətimizə yanaşaraq, onun coğrafi sferasının genişliyinə diqqət ayırıb. Bu gün dünyada Azərbaycan mədəniyyətinin əks-sədası xalqımızın böyük oğlu Heydər Əliyevin bu sahədə qoyduğu təməlin bəhrəsidir.
Sonra Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin “Heydər Əliyev və muzeylərimiz”, Cəmşid Naxçıvanskinin ev-muzeyinin baş elmi işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzularında məruzələri olub.
Sonda tədbir iştirakçıları “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” adlı sənədli filmə baxıblar.
Səbuhi HÜSEYNOV