22 Dekabr 2024, Bazar

Qadın ucalığın adıdır

1910-cu ildə qadınların Kopenhagendə keçirilən ikinci beynəlxalq konfransında 8 Mart – Beynəlxalq Qadınlar Günü təsis edilib. Bu bayram Azərbaycanda 1917-ci ildən qeyd olunur.
Azərbaycan qadınları bəşər mədəniyyətinin yaranmasında və təşəkkül tapmasında misilsiz xidmətlər göstərmiş, xalqımızın tarixində ucalığın rəmzinə çevrilmişlər. Ölkə­mizdə qadına həmişə böyük ehtiram, hörmət bəslənmiş, ana adı daim uca tutulmuş, müqəddəs sayılmışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlamış, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai-mədəni həyatda yeri və rolu daha da möhkəmlənmiş, qadın ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, xalqın inamını qazanan deputat, dövlət məmuru, sahibkar kimi də fəaliyyət göstərmişdir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür. Qadınların cəmiyyət həyatında yerini və rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir... Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər. Qadınlar dövlətimizin, dövlətçiliyimizin müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ümummilli liderimizin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu təsbit edilmişdir. Bu gün Azərbaycan qadınları cəmiyyətin və dövlətin ictimai-siyasi həyatında maneəsiz iştirak etmək, yaradıcılıq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi hüquqlara malikdirlər.

Azərbaycançılıq ideyası ətrafında sıx birləşən Azərbaycan qadını milli dövlət qurucu­luğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq, respublikamızın sosial-iqtisadi, elmi-mədəni potensialının artırılmasına əvəzsiz töhfələr vermişdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanı və Prezident İlham Əliyevin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi haqqında 10 oktyabr 2006-cı il tarixli Fərmanı ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Bu gün qadınlar xüsusən təhsil və səhiyyə sistemlərində dolğun fəaliyyəti ilə maarifpərvər qadın ziyalılarımızın ideyalarını müvəffəqiyyətlə həyata keçirirlər. Cəmiyyətimizdə qadının artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir həyatının güzgüsüdür. Müasir Azərbaycan qadını nəinki ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət quruculuğu və hərbi sahələrdə kişilərlə bərabər çalışır, eyni zamanda dünya miqyasında xalqımızı layiqincə təmsil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində deyildiyi kimi: “Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi, bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq, Vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir”.
Gender sahəsində milli fəaliyyət strategiyasının işlənib hazırlanması və reallaşdırılması məsələlərinə bu gün də böyük diqqət yetirilir. Gender probleminin diqqət mərkəzində saxlanılması və onun həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəliçəkilmə imkanlarının daha da genişləndirilməsi bu sahədə görüləcək işlərin prioritetləridir.
Dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan qadınlar yeni ictimai münasibətlər sisteminin, demokratiya və bazar iqtisadiyyatı, habelə sosial ədalət prinsiplərinin bərqərar olduğu cəmiyyətimizdə həm sosial varlıq, həm də vətəndaş kimi yüksək hüquq və azadlıqlara malikdirlər. Onlar öz bilik və bacarıqlarını yeni nəslin təlim-tərbiyəsinə, cəmiyyətin inkişafına sərf edirlər. Təhsildə, səhiyyədə, mədəniyyət sahəsində çalışan qadınların sayı kişiləri üstələmişdir. Yüksək ixtisaslı qadınlar tarixən kişi peşəsi hesab edilən hüquq-mühafizə, məhkəmə və digər orqanlarda xalqa ləyaqətlə xidmət edir, elm və texnika sahələrində fəaliyyət göstərir, nailiyyətlər qazanırlar. Uğurla həyata keçirilən dövlət qadın siyasətinin nəticəsidir ki, qadınlarımız istər icra, istərsə də qanunverici hakimiyyətdə geniş təmsil olunur, yüksək və məsul vəzifələrə irəli çəkilirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ölkəmizdə qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək demişdir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Qədim rəvayət və dastanlarımızda müdrik və gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Azərbaycan tarixinin bütün dövrlərində böyük fitri istedada, dərin zəkaya, möhkəm iradəyə malik şair, hökmdar, döyüşçü qadınlar fəaliyyət göstərmiş, elm xadimləri olan qadınlarımız Azərbaycan elmini dünyaya tanıtmışlar. Eyni zamanda Azərbaycan qadını dünyaya böyük siyasət və dövlət xadimlərini, ədəbi şəxsiyyətləri, tanınmış elm və sənət adamlarını bəxş etmişdir. Bugünkü həyatımızın hər hansı bir hissəsini qadınlarsız təsəvvür etmək mümkün deyil”.
Hazırda muxtar respublikamızda 427 min 228 nəfər əhali yaşayır ki, bunlardan da 214 min 696 nəfəri qadındır. Muxtar respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınların təhsili, onların sağlamlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların ictimai fəallığını yüksəltmək, onları öz hüquqları barədə məlumatlandırmaq məqsədilə müntəzəm olaraq maarifləndirmə tədbirləri keçirir. Muxtar respublikada 2012-ci ilin “Milli dəyərlər ili” elan edilməsi ilə əlaqədar ötən il istedadlı qadınların əl işlərinin satış-sərgisi təşkil olunmuş, mədəni-kütləvi tədbirlərdə yaradıcı qadınların sənət əsərləri nümayiş etdirilmişdir. Bu gün muxtar respublikanın ictimai-mədəni həyatında öz fəallıqları ilə seçilən qadınların əməyi də yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülür, ömrünün yüzüncü baharını yaşayan ahıl qadınların və ictimai işlərdə fəal iştirak edən qadınların yubileyləri qeyd olunur.

Dünyada qloballaşma prosesinin getdiyi bir vaxtda gənc nəslin tərbiyəsində, milli-mənəvi və ailə dəyərlərimizin qorunub saxlanmasında qadınlarımızın rolu müstəsna dərəcədə artmışdır. Naxçıvan qadınları bütün zamanlarda olduğu kimi, bundan sonra da adət-ənənələrimizi, ailə dəyərlərimizi yaşatmaq, ictimai fəaliyyətləri ilə muxtar respublikamızın inkişafına, onun çiçəklənməsinə öz töhfələrini vermək əzmindədirlər.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR