“Elektron hökumət” anlayışı nədir? Qeyd etmək lazımdır ki, Azərbaycan dilində işlənən “elektron hökumət” termini ingilis dilində olan “Elektronic government (e_government)” termininin tam, dolğun tərcüməsi deyil. İngilis dilində “government” sözü bütövlükdə, dövlət məfhumunu bildirir. Beləliklə, e_government daha çox “elektron dövlət hakimiyyəti” anlamına uyğun gəlir. “Elektron hökumət” və “elektron dövlət” anlayışları bir-birindən fərqlənsə də, əsas üstünlük “elektron dövlət” anlayışına verilir. Çünki bu anlayış dünyada qəbul edilmiş beynəlmiləl terminologiyaya daha uyğundur. Lakin məhz icra hakimiyyəti orqanlarında formalaşan bu rəsmi anlayışın “elektron hökumət” sözü ilə ifadə olunması daha məqsədəuyğundur.
“Elektron dövlət” (e_dövlət) dövlətin vətəndaşlar qarşısında vəzifə və xidmətlərinin elektron rabitə vasitəsilə rahat və təhlükəsiz bir şəraitdə həyata keçirilməsidir. E_dövlət eyni zamanda dövlət və vətəndaş münasibətlərinin sürətli, asan, ucuz və təhlükəsiz şəraitdə tənzimlənməsidir.
Dünya təcrübəsi sübut edir ki, “Elektron dövlət”in və ya “Elektron hökumət”in yaradılması, yəni dövlət idarəçiliyinin keyfiyyətini informasiyalaşdırma vasitəsilə yaxşılaşdırmaq üçün bir sıra amillərin mövcud olması vacibdir:
● inkişaf etmiş texnoloji infrastrukturun (kompyuterlərin, şəbəkələrin və onlardan istifadə vərdişlərinin) mövcud olması;
● uçot və qarşılıqlı təsirin elektron formalarının hüquqi qüvvəyə malik olması, onların etibarlılığını təmin edən təşkilati və texnoloji mexanizmlərin olması;
● dövlət aparatında və inzibati proseslərdə dəyişikliklərin aparılmasında siyasi iradənin nümayiş etdirilməsi;
● dövlət idarəetməsində bütün sahələrin, o cümlədən icra hakimiyyəti, parlament və məhkəmələrin informasiyalaşdırma proseslərinə qoşulması.
Hazırda ölkəmizdə informasiya-kommunikasiya infrastrukturu yaradılır, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir.
“Elektron hökumət” artıq günün reallığı kimi XXI əsrdə dünya dövlətlərinin fəaliyyətini təmin edən, səmərəliliyi artıran mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində “Elektron hökumət” artıq qurulmuşdur. Mərkəzi Avropa ölkələrində, “Asiya pələngləri” kimi tanınan ölkələrdə (Cənubi Koreya, Yaponiya, Tailand, Sinqapur, İndoneziya və sair) hökumətlər bu istiqamətdə uğurla fəaliyyət göstərirlər. Keçmiş postsovet ölkələrində isə hal-hazırda “Elektron hökumət”in əsasını təşkil edəcək layihələr reallaşdırılır.
“Elektron hökumət” konsepsiyasının həyata keçirilməsi təkcə dövlət aparatının işinin səmərəliliyini artırmır, mahiyyət etibarilə, prinsipial yeni demokratiya modelinin – rəqəmsal demokratiyanın formalaşmasına şərait yaradır. Bu isə o deməkdir ki, vətəndaşlar dövlətin idarə edilməsində, müxtəlif məsələlərin həllində birbaşa, yəni onlayn səsvermə yolu ilə iştirak edirlər. “Elektron hökumət” vətəndaşların dövlətin idarə edilməsindəki rolunu məhdudlaşdırmır, əksinə, dövlət idarəçiliyinin səmərəliliyini daha da artırır.
Elektron idarəetmə ölkə vətəndaşlarının dövlətin idarə edilməsində iştirakını təmin edir. Artıq yeni cəmiyyət tipi – informasiya cəmiyyəti, yeni idarəçilik tərzi – “Elektron hökumət” formalaşır.
Elektron idarəetmə dövlətdə şəffaflığı artırmağa, qərar qəbul edən icraedici və qanunverici dövlət orqanlarında vətəndaşların aktiv iştirakına imkan yaradacaq demokratik prosesləri inkişaf etdirməyə imkan verir.
“Elektron hökumət” quruculuğu sahəsində uğur qazanmış ölkələr sırasında Kanada, ABŞ, Sinqapur, Böyük Britaniya, Finlandiya, İrlandiya, Estoniya, Almaniya, Türkiyə, Danimarka, Tayvan, Cənubi Koreya xüsusilə seçilirlər.
Dünya təcrübəsində dövlət orqanlarının qarşılıqlı əlaqəsini yaratmaq məqsədilə “pəncərə” sxemindən istifadə olunur. Bunun üçün hal-hazırda “Elektron hökumət”in dörd modelindən istifadə edilir:
1. Dövlət təşkilatları ilə vətəndaşlar (fiziki şəxslər) arasında
2. Dövlət təşkilatları ilə sahibkarlar (hüquqi şəxslər) arasında
3. Müxtəlif dövlət orqanları arasında
4. Dövlət təşkilatları ilə onların qulluqçuları (məmurlar) arasında.
Bu modellər praktik olaraq ABŞ, Avropa, Asiya (Sakit okean hövzəsi) ölkələrində tətbiq olunmaqdadır.
Qeyd edək ki, son dövrlər ölkəmizdə də bu sahədə Dövlət proqramları və Milli Strategiya qəbul olunub. Məhz bu proqramlar “Elektron hökumət”in qurulmasına və inkişafına xidmət edir. Məsələn, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) ölkədə informasiya cəmiyyətinin qurulmasına yönəldilmiş inkişaf proqramıdır. Bu proqram hüquqi normativ bazanın təkmilləşdirilməsinə, İKT-nin geniş tətbiqinə imkan yaradan konsepsiyadır.
“Elektron dövlət” üçün ən mühüm texnologiyalardan olan e_imza (elektron imza) və e_sənədin (elektron sənəd) xüsusiyyətləri və üstünlükləri imkan verir ki, həm məmurlar, həm də vətəndaşlar bu texnologiyalara yaxından bələd olsunlar, informasiyanın mühafizəsi və təhlükəsizliyi məsələlərini mənimsəsinlər. Dövlət hakimiyyət orqanlarının kommunikasiya-şəbəkə infrastrukturunun inkişaf etdirilməsi, dövlət orqanlarının internet adreslərinin (saytların) yaradılması, e_dövlətin normativ hüquqi bazasının formalaşdırılması, təhsil sisteminin müxtəlif pillələrində “informatika” fənninin tədrisi, vətəndaşlar haqqında fərdi və biometrik məlumatların “Əhalinin reyestri” sistemində saxlanılması və sair ilə bağlı bu gün ölkəmizdə mühüm işlər görülür.
E_hökumətin qurulmasında əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın, informasiya azadlığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, demokratiyanın inkişafı və insan hüquqlarının təmin olunması, vətəndaşların fiziki imkanlarından asılı olmayaraq, dövlətin idarə olunmasında yaxından iştirakı, onlayn mühitdə dövlət xidmətlərinin göstərilməsidir.
E_hökumətin qurulması üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq təqdirəlayiqdir. Bu istiqamətdə kompleks problemlərin (texnoloji, normativ hüquqi baza, kadrların təhsili və sair) həlli zəruridir. E_hökumətin kommunikasiya-şəbəkə infrastrukturunun yaradılmasında e_hökumətin tərkibinə daxil olan hər bir qurumun bu istiqamətdə fəaliyyət planı olmalı, bu prosesin menecmenti həyata keçirilməli, eyni zamanda e_hökumətin baza və spesifik indikatorlar sistemi işlənilməlidir.
Əhalinin kompyuter biliklərinə yiyələnməsi (e_vətəndaş) e_hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə dünyada mövcud olan müxtəlif təcrübələrdən istifadə edərək yeni tədris mexanizmlərinin işlənilməsi zəruridir.
Bəs “Elektron hökumət”in qurulması sahəsində ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hansı tədbirlər həyata keçirilir?
Azərbaycan Respublikası e_dövlətin həyata keçirilməsinə görə 133 ölkə arasında 78-ci yerdədir. Bu vəziyyəti yaxşılaşdırmaq üçün respublikamızda ciddi addımlar atılır. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, ölkəmizdə informasiya texnologiyalarının inkişafına, informasiya cəmiyyəti və onun elementlərinin formalaşmasına cavabdeh olan dövlət strukturları yaradılmışdır. İKT-nin inkişafının Milli Strategiyası, bir çox sahələri əhatə edən “Elektron Azərbaycan” Dövlət Proqramı, İKT sektorunun inkişafını tənzimləyən bir sıra qanunlar, o cümlədən “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar qəbul edilmişdir.
İnformasiya texnologiyaları sektoru iqtisadiyyatımızın ən perspektivli və dinamik inkişafda olan sektorudur. Lakin cəmiyyət bu tərəqqini tam mənimsəyə bilməmişdir və ona görə də rəqəmsal cəmiyyətə keçid prosesi ləng gedir. Ölkədə fundamental elmi və sosioloji tədqiqatlar, demək olar ki, aparılmır. Bu isə məcbur edir ki, xarici ölkələrin təcrübəsinə müraciət edilsin. Bu günə olan vəziyyət onu deməyə əsas verir ki, bir sıra qanunlar, məsələn, “Elektron ticarət haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar hələ ki çox zəif işləyir. Dövlət qulluqçularının peşə ixtisaslarının artırılması üçün xüsusi kursların açılması, İKT-nin tətbiqinin hüquqi tənzimlənməsi, vətəndaşların dövlət orqanlarının informasiya resurslarına müraciəti, infrastrukturun inkişafı e_hökumət quruculuğunun vacib məsələlərindəndir.
“Elektron hökumət”lə bağlı muxtar respublikada da müəyyən işlər görülmüşdür. Ötən il dekabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Elektron hökumət” layihəsinin həyata keçirilməsi və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən Ali Məclisin Sədri cənab Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanını xatırladaraq qeyd etmişdir ki, keçən dövr ərzində bu sahədə bəzi işlər görülmüşdür. “Elektron hökumət” portalının struktur layihəsi hazırlanmış, 73 dövlət orqanının internet səhifəsi yaradılmış, onlara domen adları, elektron poçt ünvanları verilmiş və bu saytlar şəbəkədə yerləşdirilmiş, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi üçün fiberoptik kommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilmişdir.
Ali Məclisin Sədri müşavirədə görülən işlərlə yanaşı, hələ çox işlərin görülməli olduğunu vurğulamış və tapşırıqlar vermişdir.
Dövlət orqanlarının, eləcə də “Elektron imza” xidmətindən istifadə məqsədilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsinin təşkili barədə tapşırıqlar verən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bunun üçün lazım olan avadanlıqları 2013-cü ilin birinci yarısında alıb istifadəyə verməli, “Elektron hökumət”ə keçid növbəti ildə tam başa çatdırılmalıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü ili ölkəmizdə “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan etməsi onu deməyə əsas verir ki, ümumiyyətlə, İKT-nin dövlət idarəçiliyində tətbiq edilməsi ölkədə iqtisadi inkişafı sürətləndirəcək, vətəndaşların və təşkilatların işinin səmərəliliyini yüksəldəcəkdir.
Nazim ƏHMƏDOV
iqtisad elmləri doktoru, professor