22 Dekabr 2024, Bazar

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün açıq dərs keçilib. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə və Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar keçilən açıq dərsdən əvvəl tələbələr muzeydəki eksponatlarla tanış olublar.
“Heydər Əliyev və Azərbaycanda neft strategiyası” mövzusuna həsr edilən dərsdə kollecin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov çıxış edərək 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində sabitliyin bərqərar edildiyini, dövlətin malik olduğu təbii sərvətlərin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldildiyini bildirib. Xəzər Hüseynov deyib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanan Əsrin müqaviləsi Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoyub. Əsrin müqaviləsinin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyasının həyata keçirilməsinə başlanılıb. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına xarici investisiyalar cəlb edilib.

Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edib. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində, ilk növbədə, Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən qurulub. Sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verilib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi ulu öndərimizin neft strategiyasının qələbəsidir. 
Naxçıvan Dövlət Texniki Kollecinin tarix müəllimi Sürəyya Ələkbərova açıq dərs zamanı dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yarandığını vurğulayıb. O qeyd edib ki, son illər ərzində həyata keçirilən Dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkəmizdə müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli istiqamətində mühüm işlər görülür, əhalinin rifah halı günü-gündən yaxşılaşır. Ölkənin artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Eyni zamanda neftdən əldə edilən gəlirlər hesabına bu gün ordumuzun inkişafı, ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Neft strategiyasının uğurlarının nəticəsi olaraq, Azərbaycan regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilib.
Həmin gün Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri də muzeydə olaraq açıq dərslərdə iştirak ediblər. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin və Naxçıvan Türk Liseyinin şagirdlərinin isə muzeyə ekskursiyaları təşkil edilib.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR