23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında nəzərdə tutulmuş “Mətbuat: tarix və müasirlik” mövzusunda növbəti dəyirmi masa Şərur rayonunda keçirilib.
Naxçıvan Mətbuat Şurası üzvlərinin, şəhər və rayon qəzetləri redaktorlarının, “Şərurun səsi” qəzeti əməkdaşlarının iştirak etdiyi tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açaraq mətbuat işçilərini qarşıdan gələn yubiley münasibətilə təbrik edib.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Azərbaycan milli mətbuatının keçdiyi yol”, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov “Mətbuat: tarix və müasirlik” və “Şərurun səsi” qəzetinin redaktoru Elman Məmmədov “Muxtar respublikada mətbuata dövlət qayğısı” mövzularında çıxış ediblər.

Çıxışlarda bildirilib ki, dövrünün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci il iyul ayının 22-də nəşrə başlayan və bugünkü mətbuat orqanlarının sələfi olan “Əkinçi” qəzetində qısa bir zaman kəsiyində güclü mətbuat ənənələri yaradılıb, bu mətbuat orqanı Azərbaycanın ictimai-siyasi fikir tarixində, elmin, mədəniyyətin in­kişafında böyük rol oynayıb. “Əkinçi”dən sonra fəaliyyətə başlayan digər mətbuat orqanları yaradılmış ənənələrdən yararlanaraq xalqın maariflənməsi yolunda səy və bacarıqlarını əsirgəməyiblər.
“Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş maarifləşmə, müasirləşmə, məfkurə saflığı kimi prinsiplərin mətbuatımızın inkişafında mühüm rol oynadığını deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Əkinçi” qəzetinin fəaliyyətinə yüksək qiymət verib, ölkəmizə rəhbərliyi dövründə mətbuat orqanlarının inkişafını diqqət mərkəzində saxlayıb.
Vurğulanıb ki, azadlıq ideyalarının carçısına çevrilən, xalqın ülvi arzularının reallaşmasına öz töhfəsini verən söz tribunamız müstəqillik illərində yenə də məhz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Görkəmli dövlət xadimi bu istiqamətdə onlarla fərman və sərəncam imzalayıb, mətbuat üzərində olan senzuranın aradan qaldırılmasını təmin edib. Milli mətbuatın yubileylərinin keçirilməsini, jurnalistlərin mükafatlandırılmasını diqqət mərkəzində saxlayıb. Ümummilli liderin bu siyasətini ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Bildirilib ki, mətbuata göstərilən dövlət qayğısından “Şərurun səsi” qəzeti də yararlanıb, son illərdə qəzet redaksiyasında maddi-texniki baza yenilənib, qəzet əməkdaşlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Bu imkanlardan istifadə edən qəzet əməkdaşları rayon həyatının salnaməsini yaratmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.
“Şərurun səsi” qəzetinin keçmiş əməkdaşlarından Mirhüseyn Seyidov, Yusif İbrahimov, uzun illərdir ki, qəzetlə sıx əməkdaşlıq edən İbrahim Yusifoğlu, Fəxrəddin Kərimov və başqaları çıxış edərək mətbuatımızın keçdiyi yoldan, fəaliyyət göstərdikləri dövrdə mətbuatın yaşadığı problemlərdən danışıblar. Qeyd edilib ki, dünənlə bu günü müqayisə­edilməz olan Azərbaycan mətbuatı öz inkişafının yeni müstəvisindədir. Hərtərəfli qayğı ilə əhatə olunan mətbuat işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bu günün salnaməsini yaradır, mətbuatın inkişafına çalışırlar.
Dəyirmi masa iştirakçıları muxtar respublikamızda mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, “Şərurun səsi” qəzetində yaradıcılıq axtarışlarının artırılması və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR