(Əvvəli qəzetin 15 iyul 2015-ci il tarixli sayında )
1990-cı ilin əvvəllərindən baş verən qarışıq siyasi hadisələr burulğanı ilin ortalarına doğru daha da güclənmişdi. Ən çətin gündə xalqı ilə bərabər olmaq üçün ümummilli lider Heydər Əliyev Moskvadan Naxçıvana qayıtmışdı.
Doğma vətəninə qayıdışından sonra 22 iyul 1990-cı ildə Naxçıvan şəhərindəki Azadlıq meydanında xalq qarşısında ilk tarixi çıxışını edən ulu öndər Heydər Əliyev siyasi hadisələr fonunda mətbuatımızı da unutmamış, ilk müsahibəsini “Şərq qapısı” qəzetinə vermişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana tarixi qayıdışından sonra bütün dünyanın nəzərlərini mətbuatın gücü ilə Naxçıvana yönəltməyə nail olmuşdur. Bu haqda “Şərq qapısı” qəzetinin 75 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qəzet redaksiyasına göndərdiyi təbrik məktubunda deyilir: “1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynamışdır...
Möhtərəm Heydər Əliyevin Naxçıvanın erməni təcavüzündən qorunması, muxtar respublikanın statusunun möhkəmləndirilməsi, sərt blokada və ağır iqtisadi şəraitdə yaşayan əhalinin soyuqdan və aclıqdan xilas edilməsi ilə əlaqədar qonşu İran və Türkiyə respublikaları ilə apardığı danışıqların, imzaladığı protokolların səmərəli nəticələri barədəki həqiqətlər qəzetin nəşr etdiyi xüsusi bülletenlər vasitəsilə Azərbaycan Respublikasının digər bölgələrindəki əhaliyə çatdırılırdı”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə tarixi qayıdışını zəruriləşdirən, onu doğuran məqamlardan biri də Azərbaycan ziyalılarının “Şərq qapısı” qəzeti vasitəsilə xalqa etdikləri müraciətlər olmuşdur.
“Şərq qapısı” qəzetinin 9 may 1992-ci il tarixli sayında Zeynal Vəfanın qələmə aldığı “Şəxsiyyət” adlı məqaləsi dediklərimizə əyani sübutdur. Müəllif öz məqaləsində Azərbaycanın düşdüyü ağır böhranı təsvir etməklə Heydər Əliyev fenomeninin aydın təsvirini verir. Müəllif Azərbaycanı çətin vəziyyətdən qurtara biləcək şəxsiyyəti belə təsvir edir: “Əgər o şəxs faciələrimizi doğuran səbəbləri aşkarlayıb bizi boğazadək batdığımız böhran bataqlığından çəkib çıxara biləcəksə, öz polad yumruğunu günahsız xalqımızı qızıl xəzinələri üstə dilənçi kökünə salmış acgöz Azərbaycan mafiyasının təpəsində Koroğlu kürzünə çevirə biləcəksə, buyursun... Bunun üçün qüdrətli şəxsiyyət olmaq gərəkdir. Belə bir şəxsiyyət isə 7 milyonun içində hələlik bir nəfərdir, təkcə bir nəfər: Heydər Əliyev”.
“Şərq qapısı” qəzetinin 14 noyabr 1992-ci il tarixli sayında respublika ziyalılarının xalqımızın böyük oğlu Heydər Əliyevə müraciəti dərc olunmuşdur. “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı tarixi müraciət Azərbaycan siyasi fikir tarixində xüsusi yer tutmaqla Heydər Əliyev şəxsiyyətinin dərkinə yönəlmiş əvəzsiz siyasi sənəddir. Müraciətdə deyilir: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs sizsiniz!.. Yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə şəxs Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütlələrini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər”.
Elə həmin nömrədə müraciətə cavab olaraq ümummilli lider Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı məktubu Onun siyasi fəaliyyətində dönüş nöqtəsi və Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı sayıla bilər. Bu tarixi gediş düşünülmüş siyasi uzaqgörənliklə yeni, müstəqil Azərbaycanın xilası demək idi.
1995-ci ilin axırlarında Azərbaycan Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdən sonra muxtar respublika ali qanunverici orqanının yeni tərkibdə fəaliyyətə başlaması yeni həyat quruculuğu sahəsində geniş imkanlar açmışdır. Bu səbəbdən 1996-cı ilin əvvəlindən qəzetin fəaliyyətində də canlanma yaranmış, onun üzləşdiyi maliyyə problemləri birdəfəlik həllini taparaq həftədə iki dəfə işıq üzü görməsi təmin edilmişdir.
Müstəqillik dövründə qəzetin ilk yubileyi 1996-cı ildə keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Şərq qapısı”nın Onun həyatında oynadığı rolu qiymətləndirərək qəzetin 75 illik yubileyini unutmamış, ölkə rəhbəri kimi qəzet redaksiyasına təbrik məktubu ünvanlamışdır. Qəzetin 26 noyabr 1996-cı il tarixli sayında dərc olunan təbrik Naxçıvan mətbuat tarixində ölkə başçısı tərəfindən qəzet redaksiyasına ünvanlanan ilk məktub idi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Onun həyat və fəaliyyətində mühüm rol oynamış doğma qəzetinə təbrik məktubu göndərməsi qəzetin respublika səviyyəli nüfuzunu artırmışdır. Dahi rəhbər təbrik məktubunda redaksiya əməkdaşlarının əməyini yüksək qiymətləndirərək onların gələcək fəaliyyət istiqamətini də göstərirdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələri səfərbər etmək, hər oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” 27 mart 2000-ci il tarixli Fərmanını rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 29 mart 2000-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncamda muxtar respublikanın aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, şəhər və rayon icra hakimiyyətlərinin orqanları olan qəzetlərin də problemlərinin həlli istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.
“Şərq qapısı” qəzetinin xərclərinin azaldılması üçün redaksiyanın yerləşdiyi binanın Dövlət Mətbuat Komitəsinin balansına verilməsi və əsaslı təmiri də sərəncamda nəzərdə tutulan müddəalardan idi. 5 iyul 2000-ci ildə qəzetin yerləşdiyi redaksiya binası əsaslı təmirdən sonra istifadəyə verilir. Redaksiya binasının ən son texnoloji avadanlıqlarla təmin olunması və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin ofset üsulu ilə qəzet nəşrinə başlamasından sonra qəzetdə daha yüksək keyfiyyət dəyişiklikləri müşahidə edilməyə başlayır.
2001-ci ildə “Şərq qapısı” qəzetinin 80 illik yubileyi təntənə ilə qeyd edilir. Qəzetin 24 noyabr 2001-ci il tarixli nömrəsi 80 illik tarixi yola həsr olunmuşdur. Yubiley münasibətilə Xalq şairi Məmməd Araz, akademik İsa Həbibbəyli, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas və digər tanınmış simalar qəzetə təbrik məktubları ünvanlamışlar.
2004-cü ildə “Şərq qapısı” qəzetinə rəqəmli fotoaparat, müasir səsyazma avadanlıqları və digər texniki avadanlıqlar verilmişdir.
2006-cı ilin noyabrında “Şərq qapısı” qəzetinin 85 illiyi təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə qəzetin 4 noyabr 2006-cı il tarixli sayı 85 illik tarixi yola həsr olunmuşdur. Baş redaktor Məmməd Məmmədovun “Naxçıvanın 85 illik söz tribunası” başlıqlı məqaləsi mərhələli şəkildə qəzetin inkişaf tarixini özündə əks etdirir. Akademik İsa Həbibbəylinin “Şərq qapısı” məktəbi” adlı genişhəcmli məqaləsi “Şərq qapısı”nın tarixi və metodoloji mənzərəsini aydın canlandırır.
“Şərq qapısı” qəzetinin növbəti sayında verilmiş xəbərdən məlum olur ki, 85 illik yubileylə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qəzetin yaradıcı heyəti ilə görüşmüşdür. Qəzetlə bağlı fikirlərini bildirən Ali Məclisin Sədri müasir dövrdə qəzetçilik peşəsinin məsuliyyətindən, mətbuatın bir universitet və məktəb qədər cəmiyyət həyatı üçün əhəmiyyətindən söz açmışdır. Öz fəaliyyəti dövründə bütöv bir jurnalistlər nəsli yetişdirən “Şərq qapısı”nın həyat proseslərinin güzgüsünə çevrilməsi üçün yaradıcı heyətin çalışmalı və yaradıcılıq vərdişlərini artırmalı olduqlarını qeyd edən Ali Məclisin Sədri öz tövsiyələrini də vermişdir.
Azərbaycan mətbuatının 130 illik yubiley tədbirləri muxtar respublikada böyük təntənə ilə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmişdir. Yeni mətbəədə Almaniya istehsalı olan birinci çap qülləsində çevirmə sistemi ilə təchiz edilmiş beşrəngli B2 formatlı ofset çap maşını, Almaniya və Yaponiya istehsalı olan müasir kağızdoğrayıcı, kəsici, qatlayıcı, cildləyici, dəstələyici və nömrəvuran avadanlıqlar quraşdırılmışdır.
Elə həmin gün Ali Məclis Sədrinin iştirakı ilə ən müasir texnoloji avadanlıqlarla təmin olunan mətbəədə “Şərq qapısı” qəzetinin ilk rəngli nüsxəsi çap olunmuşdur.
2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illik yubileyi qeyd edilmişdir. Yubiley münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qəzetin kollektivi ilə görüşmüş və bu görüşdə uğurlu fəaliyyətinə görə “Şərq qapısı” qəzeti muxtar respublika Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Hazırda öz fəaliyyət tarixinin intibah dövrünü yaşayan qəzet dövlətin ardıcıl diqqət və qayğısı ilə nəşrini davam etdirir. Muxtar respublika rəhbərinin mətbuatın inkişafına göstərdiyi yüksək diqqət və qayğının müqabilində jurnalistlərimizdən yalnız öz əməli fəaliyyətləri, iti və kəsərli qələmi, operativliyi ilə onlara göstərilən inamı doğrultmaları tələb olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxışlarından birində demişdir: “Muxtar respublikada kütləvi informasiya vasitələri hər cür dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə bir şəraitdə jurnalistlərimiz öz üzərlərinə düşən tapşırıqları layiqincə yerinə yetirməli, dövlətçilik və ümummilli prinsipləri uca tutmalı, günün tarixini yazmalıdırlar”.
Ümid edirik ki, müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, insanları maarifləndirmə kimi nəcib təşəbbüslərə xidmət edən “Şərq qapısı” qəzeti bundan sonra öz inkişafının daha böyük zirvələrini fəth edəcəkdir.
Surə SEYİD
filologiya üzrə fəlsəfə doktoru