23 Dekabr 2024, Bazar ertəsi

İyulun 14-də Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin sədri Azad Cabbarov çıxış edərək bildirib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən başlanıb. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Qeyd olunub ki, respublikaya rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyev sağlam gənc­liyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsini diqqət mərkəzində saxlayıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran dahi şəxsiyyət gənclər siyasətini ölkədə həyata keçirilən ümumi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Məhz ulu öndərimizin müəyyənləşdirdiyi, ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz layiqli yerini tutur.

Ümummilli liderin təməlini qoyduğu dövlət gənclər siyasəti muxtar respublikamızda da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilərək yeni bir mərhələyə qədəm qoyub. Ali Məclis Sədrinin gənclərə göstərdiyi qayğının nəticəsidir ki, bu gün muxtar respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Naxçıvan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Son 20 ildə muxtar respublikamızda gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Muxtar respublikamızda gənclər mərkəzlərinin, kitabxanaların, mədəniyyət evlərinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, yeni məktəb binalarının, olimpiya-idman komplekslərinin tikilərək və yaxud yenidən qurularaq gənclərin istifadəsinə verilməsi regionumuzda gənc nəslin asudə vaxtının səmərəli təşkil olunması, bilikli və bacarıqlı yetişməsi, intellektual səviyyəsinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu işlərin görülməsində məqsəd ölkəmizdə, eləcə də muxtar respublikamızda sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşdırılmasıdır.
Vurğulanıb ki, gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənc­lərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Gənclər sahəsində atılan məqsədyönlü addımlar və qazanılan uğurlar onu deməyə əsas verir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda 2015-ci il gənclər və idman sahəsində müstəqillik dövrünün ən yaddaqalan illərindən biri olacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, əsası 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənc­lər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər görülüb.
Qeyd olunub ki, ümummilli liderimiz bu sahənin hüquqi bazasının yaradılması, gənc­lərlə işin daha da təkmilləşdirilməsi məsələlərini diqqət mərkəzində saxlayıb, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradıb. Bu gün dövlət gənclər siyasəti muxtar respublikamızda da uğurla həyata keçirilir. Məhz göstərilən qayğının nəticəsidir ki, hazırda muxtar respublikamızda məşğul əhalinin əksəriyyəti gənclərdən ibarətdir.
Məmməd Babayev deyib ki, bu gün Naxçıvanda gənclər savadlı, intellektli, dünyagörüşlü yetişdirilməklə yanaşı, həm də milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunurlar. Müasir Naxçıvan gənc­liyi vətənpərvərdir, ölkəsini inkişaf etdirmək, qorumaq əzmində olan gənclikdir.
Sonra muxtar respublikamızın ictimai həyatında və müxtəlif yaradıcılıq sahələrində fərqlənən gənc­lərə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin çıxışları alqış­larla qarşılanıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR