(Əvvəli qəzetin 9 iyul 2015-ci il tarixli sayında)
“Şərq qapısı” qəzetinin həyatında 1970-ci ildən sonra yeni mərhələ başlanır. Keçən əsrin 70-80-ci illərində respublikamızın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərilmiş, məhz bu dövrdə mətbuat işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ötən əsrin 70-ci illərinin əvvəllərində Naxçıvanda redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə qəzet muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, Naxçıvanın iqtisadi potensialının dirçəlişində və tərənnümündə mühüm rol oynamışdır. XX əsrin 70-80-ci illərində qəzetdə millilik prioritetləri önə çəkilmiş, dil, ədəbiyyat, mədəniyyət və tarixə həsr olunmuş, Azərbaycançılıq ideologiyasına xidmət edən yazılar da dərc edilmişdir.
1971-ci ilin noyabr ayında Bakıda Azərbaycan jurnalistlərinin IV qurultayı keçirilmişdir. Qurultayda Azərbaycanın müxtəlif bölgələri ilə bərabər, Naxçıvanın mətbuat sahəsindəki vəziyyəti də təhlil süzgəcindən keçirilmişdir. Qurultayın gedişindən xəbər verən “Şərq qapısı” qəzetində oxuyuruq: “Muxtar respublikada bir vilayət, dörd rayon qəzeti nəşr olunur. Qəzet, radio və televiziya redaksiyalarında ixtisaslı və bacarıqlı jurnalistlər azdır”.
Azərbaycan jurnalistlərinin IV qurultayındakı tənqiddən sonra Naxçıvan mətbuatı nöqsanların təshihi üzərində işləməklə daha çox ədəbi və tənqidi yazılara öz səhifələrində yer ayırmağa başlamışdır. Qurultay ərəfəsində və sonra “Şərq qapısı” qəzetinin ayda bir dəfə olmaqla son səhifəsində “Mozalan” satirik buraxılışı işıq üzü görmüşdür. Maraqlı məqamlardan biri odur ki, tərif və mədhiyyəçilik üzərində qurulan totalitar sovet rejiminin aparıcı qüvvəsi olan məmurlar və cəmiyyət həyatındakı nöqsanlar sərbəst və açıq şəkildə satirik qələmin qüdrətilə ciddi şəkildə tənqid hədəfinə çevrilmişdir. Satirik gülüş felyeton, tapmaca, şeir, satirik monoloq və dialoqlar, izahlı lüğət, fotoreportajlar şəklində rəngarəng formada oxucuya təqdim olunurdu.
Naxçıvanda sovet hakimiyyətinin qurulmasının 50 illiyi mətbuatın yaranması ilə üst-üstə düşdüyündən həmin ildə “Şərq qapısı” qəzeti də 50-ci ildönümünü böyük təntənə ilə qeyd etmişdir.
Belə ki, qəzetin 1 yanvar 1972-ci il tarixli sayının ilk səhifəsində “Şərq qapısı” Naxçıvan Respublika qəzetinin “Şərəf Nişanı” ordeni ilə təltif edilməsi haqqında” 30 dekabr 1971-ci il tarixli fərman dərc olunmuşdur. Bu fərman 50 illik fəaliyyəti dövründə qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət idi. Qeyd edək ki, “Şərq qapısı” qəzetinin 50 illik yubileyində ən yüksək dövlət mükafatı ilə qiymətləndirilməsi, qəzet əməkdaşlarının yüksək fəxri adlar alması məhz həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin qayğısı sayəsində mümkün olmuşdur.
“Şərq qapısı” qəzetinin 14 yanvar 1972-ci il tarixli 50 illik yubiley nömrəsi nəfis tərtibatı və rəngarəng informasiya zənginliyi ilə seçilir. Qəzetin ilk səhifəsində SSRİ Jurnalistlər İttifaqının və “Kommunist” qəzetinin idarə heyətlərinin təbrik məktublarının verilməsi “Şərq qapısı” qəzetinin ümumittifaq səviyyədə yüksək nüfuzundan xəbər verir.
“Şərq qapısı” qəzetinin 50 illik yubiley nömrəsində təqdim olunan “Danışır “Şərq qapısı”nın keçmiş redaktorları” bölməsi, ümumiyyətlə, qəzetin nəşri tarixinin araşdırıcıları üçün ən böyük mənbədir.
“Şərq qapısı” qəzetinə 1935-36-cı illərdə redaktorluq etmiş ilk qadın redaktor Məsudə Nuriyeva “Məsul vəzifə” başlıqlı məqaləsində redaktorluq vəzifəsinin məsuliyyətindən, o dövrdə redaksiyada və mətbəədə ixtisaslı kadrların və şəraitin olmadığı vaxtlarda əl naborundan istifadə etməklə kiçik formatda buraxılan qəzetin keçdiyi yüksək inkişaf yolundan bəhs edir. Maraqlı faktlardan biri Azərbaycanın tanınmış ziyalılarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Belə ziyalılardan Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Həsən Abdullayevin “Ordenli diyarın ordenli qəzeti”, Xalq yazıçısı Mirzə İbrahimovun “Nurlu mayak”, Əziz Şərifin “Gözünüz aydın”, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Məmmədcəfər Cəfərovun “Doğma qəzet”, Məmmədhüseyn Təhmasibin “Qədim diyarın səsi”, Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın “Gözünüz nurlu olsun, dostlar!”, respublikanın Xalq rəssamı Tahir Salahovun “Əməyin güzgüsü”, şair İslam Səfərlinin “İlk şeir beşiyim” başlıqlı təbrik məktubları qəzetdə dərc olunmuşdur. Azərbaycan Respublikasının Xalq rəssamı Tahir Salahov təbrik məktubunu belə yekunlaşdırmışdır: “Qoy, “Şərq qapısı”nın fəaliyyəti rəssam palitrası kimi əlvan boyalarla, şair ilhamlı nadir sözlərlə, bəstəkar royalı kimi nikbin və coşqun nəğmələrlə zəngin olsun”.
Muxtar respublikanın ayrı-ayrı rayonlarında dərc edilən “İşıqlı yol” (Şərur), “Yeni Ordubad” (Ordubad), “Zəfər” (Culfa) və “Qabaqcıl” (Şahbuz) qəzetləri adından “Şərq qapısı” qəzetinə ünvanlanan geniş təbrik məktubu da son səhifədə dərc edilmişdir. “Şərq qapısı” qəzetinin növbəti sayında Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin qəzetin 50 illiyi münasibətilə təbrik məktubu çap olunmuşdur. Məktubda deyilir: “Şərq qapısı”nın səsi muxtar respublikamızın hüdudlarını aşmışdır. Qoy Naxçıvanda ilk Azərbaycan sovet mətbuatının təməlini qoymuş bu qəzetin səsi daha uzaqlardan gəlsin”.
Həmin nömrədə “Şərq qapısı” qəzetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaq haqda məlumat verilir. Məqalədən aydın olur ki, 14 yanvar 1972-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında təntənəli yığıncaq keçirilmişdir.
Yubiley mərasimində muxtar respublika ictimaiyyətinin nümayəndələri, mətbuat, televiziya və radio işçiləri, Bakı, Dağıstan və Dağlıq Qarabağdan gəlmiş qonaqlar iştirak etmişlər.
Ümumiyyətlə, hər nömrəsi ensiklopedik xarakter daşıyan “Şərq qapısı” qəzetinin 50 illik yubileyi nəinki qəzet əməkdaşlarının, eyni zamanda muxtar respublikanın bütün yaradıcı insanlarının bayramına çevrilmiş, mətbuat tarixində böyük əhəmiyyəti ilə yadda qalmışdır.
XX əsrin 70-ci illərində “Şərq qapısı” öz rəngarəngliyi, böyük formatda nəşri ilə diqqəti cəlb edir.
Böyük inkişaf yolu keçən qəzetin tarixində 1980-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzetə “Sovet Naxçıvanı” adı verilir. 30 oktyabr 1979-cu ildən isə Azərbaycan KP MK-nın 19 №li büro protokoluna əsasən, Mərkəzi Komitənin Azərbaycanda və Özbəkistanda çıxan yerli qəzetlərin yanvar ayından rus dilində dublikatının çıxarılması barədə qərarını əsas tutaraq “Sovet Naxçıvanı” qəzetinin rus dilində 5000 tirajla “Sovetskaya Naxiçevan” başlıqlı dublikatı çıxmağa başlayır.
1981-ci ilin dekabrında “Şərq qapısı” qəzeti özünün 60 illik yubileyini qeyd edir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1981-ci il 25 dekabr tarixli fərmanla birinci nömrəsinin çapdan çıxmasının 60 illiyi ilə əlaqədar olaraq “Sovet Naxçıvanı” vilayət qəzetini Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edir.
Qəzetin 26 dekabr 1981-ci il tarixli yubiley nömrəsi rəngli və nəfis tərtibatı ilə seçilir. Qəzetin ilk səhifəsində Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi, Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti və Naxçıvan MSSR Nazirlər Sovetinin təbrik məktubu dərc edilmişdir.
Qəzetdə diqqətçəkən məqamlardan biri də SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Rəşid Behbudovun təbrikidir: “Dünyanın hansı ölkəsində olsam, harda çıxış etsəm, qəlbim Azərbaycandan ayrılmır. İlhamım və həvəsim buradan çağlayıb gəlir. Onun hər guşəsi, xüsusilə qədim Naxçıvan torpağı şirin bir nəğmə kimi qəlbimin tellərində səslənir. Bu yerin qədirbilən, sənətsevər adamları qədim Naxçıvana əbədi gənclik və gözəllik bəxş etmişlər. Bu gün Naxçıvan torpağının 60 yaşlı qəzetini ürəkdən təbrik etməklə deyirəm: gözəl muxtar respublikanın üç ordenli bayrağı daha yüksək zirvələrdə dalğalansın. Mən harda olsam, hara getsəm səninlə fəxr edəcəyəm, doğma Naxçıvanım”.
Yubileylə bağlı Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov, filologiya elmləri namizədi, dosent Lətif Hüseynzadə, professor Əziz Şərif, yazıçı-jurnalist Qulam Məmmədli, Xalq yazıçısı Əli Vəliyev qəzetə təbrik məktubları ünvanlamışlar.
1989-cu il oktyabrın 24-dən qəzetin əvvəlki tarixi adı –“Şərq qapısı” özünə qaytarılır. “Şərq qapısı” qəzeti Sovet İttifaqının dağılması ilə öz tarixində yeni mərhələyə qədəm qoyur.
(Ardı var)
Surə Seyid
filologiya üzrə fəlsəfə doktoru