23 Dekabr 2024, Bazar ertəsi

Bu mövzuda AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planına əsasən, dünən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mətbuat Şurasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda mətbuatın inkişafı” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan mətbuatının inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi mətbuatın inkişafı ilə bağlı onlarla fərman və sərəncam imzalamış, mətbuat işçilərinin normal fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmasını diqqətdə saxlamışdır. Ulu öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Konfransda Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovun “Ümummilli lider Heydər Əliyev söz, fikir və mətbuat azadlığının təminatçısıdır”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Azərbaycan milli mətbuatının yaranması və inkişafı”, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərovun “Naxçıvanda mətbuatın inkişafı: 1990-1993-cü illər”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayevin “Milli mətbuat tarixinin bəzi məsələləri”, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanın “Naxçıvan Muxtar Respublikasında jurnalist ixtisası üzrə kadr hazırlığının mövcud vəziyyəti”, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Şərqi-Rus” qəzeti ilə əlaqədar yeni araşdırmalar” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə qeyd olunmuşdur ki, mətbuat bütün zamanlarda xalqın maariflənməsində, insanlar arasında ziya nurunun yayılmasında dəyərli vasitə olmuşdur. Məhz bu səbəbdəndir ki, milli mətbuatımızın yubileylərinin yüksək səviyyədə keçirilməsi dövlətimizin daim diqqət mərkəzindədir.
Bildirilmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunverici­lik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratmışdır. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsep­siyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlət başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davamıdır.
Qeyd olunmuşdur ki, müstəqillik illərinin əvvəllərindən başlayaraq bu günümüzə qədər mətbuatın inkişafı ilə bağlı Naxçıvanda həyata keçirilən tədbirlərə nəzər salsaq, görərik ki, bu istiqamətdə mühüm addımlar atılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 29 mart 2000-ci il tarixli Sərəncamından sonra kütləvi informasiya vasitələrinə göstərilən qayğı daha da artırılmışdır. Muxtar respublikamızda fəaliyyət göstərən şəhər və rayon qəzetləri müasir tələblərə cavab verən binalarda yerləşdirilmiş, “Şərq qapısı” qəzetinin həftədə 5, şəhər və rayon qəzetlərinin isə həftədə bir dəfə nəşrinə nail olunmuşdur.
Muxtar respublika mətbuatında çalışanların əməyi daim yüksək qiymətləndirilir. Onlardan 2-si Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, onlarla mətbuat işçisi müxtəlif orden və medallara layiq görülmüş, 36 nəfər isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur. Muxtar respublikada jurnalistlərin bir araya gəlməsi və əlbir işi, səmərəli fəaliyyəti üçün 2005-ci ilin oktyabr ayında Naxçıvan Mətbuat Şurası təsis edilmişdir. Bu, regionda mətbuata göstərilən diqqət və qayğının, azad sözə verilən qiymətin bariz nümunəsidir.
Muxtar respublikamızda mətbuata qayğı ardıcıl şəkildə davam etdirilmiş, 2010-cu ildə yeni redaksiya-nəşriyyat kompleksi yaradılmış, qəzetlərin keyfiyyətli rəngli nəşri təmin olunmuşdur.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikanın mətbuat işçilərini 140 illik yubiley münasibətilə təbrik edərək konfransa yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR