23 Dekabr 2024, Bazar ertəsi

Cəsarəti, prinsipial qərarları, ən çətin şəraitdə çıxış yolu tapmaq məharəti ilə seçilən ümummilli liderimiz Heydər Əliyev xalqı və dövləti qarşısındakı müqayisəyəgəlməz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf yolunun müəllifidir.
Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, taleyi respublikanın yarım əsrə bərabər tərəqqi və yüksəliş dövrü ilə ayrılmaz surətdə bağlıdır. Onun xalqımıza miras qoyduğu bu müqəddəs yol bundan sonra onilliklər boyunca da Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirəcək, ölkəmizin dünya sivilizasiyasına dəyərli töhfələr verməsinə, regional və qlobal məsələlərdə aparıcı mövqedə olmasına, fəallığını qoruyub saxlamasına rəvac verəcəkdir.
Dahi rəhbər Heydər Əliyev böyük uzaqgörənliklə hələ keçmiş Sovet İttifaqı dönəmində Azərbaycanın müstəqilliyinə etibarlı zəmin yaratmaq üçün konkret addımlar atmışdı. Təsadüfi deyil ki, ümummilli liderimizin birinci hakimiyyəti dövründə Azərbaycan qısa müddətdə Rusiya və Ukrayna kimi özünü iqtisadi cəhətdən təmin etməyə qadir bir respublikaya çevrildi. Həmin dövrdə bu 3 respublikadan başqa, digərləri bu səviyyəyə yüksələ bilməmişdilər.

Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini həm də onun iqtisadi azadlığı şərtləndirir. Ona görə də dahi şəxsiyyət Azərbaycanın xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Onun səyləri nəticəsində 1969-1982-ci illərdə Bakıda, Naxçıvanda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə yaradılan yeni müəssisələr bu gün də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına əsaslı zəmin yaradır. Yəni dahi şəxsiyyətin həmin dövrdə gördüyü işlər müstəqil dövlətin qurulmasına aparan yolun məhəkdaşını təşkil edirdi.
Əbədiyaşar lider Heydər Əliyev məsələnin mahiyyətini belə izah edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
Ulu öndər keçmiş sovet ideologiyasının hakim olduğu bir dövrdə milli şüurun formalaşması istiqamətində də lazımi tədbirlər həyata keçirirdi. Onun cəsarətli addımları sayəsində mərkəz Moskvanın ciddi etirazlarına baxmayaraq, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, xalqımızda milli düşüncə tərzinin formalaşdırılması istiqamətində konkret addımlar atılırdı. Milli kadrların hazırlanmasını, onların yüksək vəzifələrə təyin olunmasını və bu kimi digər mühüm məsələləri diqqətdə saxlayan ümummilli lider Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması üçün zəruri olan hər bir şeyi dəqiqliklə həyata keçirirdi. Bu tədbirlər məhz ölkəmizi müstəqilliyə aparan Heydər Əliyev yolu idi.
Ümummilli liderin həyatı və fəaliyyətinin Naxçıvan dövrü də faktiki olaraq Azərbaycanın dövlət müstəqilliyinin siyasi-ideoloji əsaslarının qoyulduğu, varisliyə əsaslanan dövlətçilik prinsiplərinin bərpa olunduğu, müstəqil dövlətçilik konsepsiyasının ideya əsaslarının hazır­landığı dövr idi. Digər tərəfdən, dahi liderin Naxçıvandakı fəaliyyəti həm də muxtar respublikanın xilası ilə nəticələnmişdir.
Respublikamızın müstəqilliyinin ilk illərində ölkəmizi hökm sürən gərgin ictimai-siyasi vəziyyətdən, xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan yenə ulu öndər Heydər Əliyev və onun müəyyənləşdirdiyi işıqlı yol xilas etdi. Müdrik xalqımız belə bir ağır gündə ümummilli liderə üz tutaraq onu təkidlə hakimiyyətə dəvət etməsəydi, Türk dünyasının böyük oğlunun ətrafında sıx birləşməsəydi, Onun yoluna sədaqətli qalmasaydı, yəqin ki, bu gün Azərbaycan adlı bir ölkə də olmayacaqdı.
Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf və yüksəliş yolu nəticəsində qısa müddətdə ölkə müstəqilliyin itirilməsi təhlükəsindən xilas oldu, cəbhədəki özbaşınalığa son qoyuldu, mərkəzi hakimiyyət gücləndirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, bütün sahələrdə dinamik inkişafa səbəb olan mühüm islahatlar, o cümlədən gələcəyə hesablanmış neft strategiyası həyata keçirilməyə başlanıldı... Və Heydər Əliyev yolu uçurumun kənarında olan bir respublikanı Cənubi Qafqazın lider dövlətinə, iqtisadi, siyasi və informasiya mərkəzinə çevirdi.
Azadlıq, müstəqillik yanğısıyla alışıb-yanan Azərbaycan xalqı özünün yüzillik arzusuna çatdı: müstəqil, hüquqi, demokratik, dünyəvi və qüdrətli Azərbaycan Respublikası yaradıldı.
Bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir. Heydər Əliyev siyasəti, ulu öndərimizin işıqlı yolu bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında çox böyük məhəbbətlə, uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”
Ümummilli liderimizin Vətənimiz qarşısında göstərdiyi ən böyük xidmətlərdən biri də ölkəmizə, xalqımıza, dövlətə, dövlətçiliyə sədaqətli kadrlar yetişdirməsidir. Bu gün Heydər Əliyev siyasi məktəbinin yetirmələri olan həmin kadrlar cəmiyyətə düzgün yolu göstərir, ölkəmizin inkişafında fədakarlıqla çalışır, ən çətin şəraitdə belə, çox mühüm nailiyyətlər əldə etməyi bizə öyrədirlər. Onlar Heydər Əliyev yolu ilə inamla irəliləyir, ölkə­mizi işıqlı gələcəyə aparırlar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR