23 Dekabr 2024, Bazar ertəsi

Tarix dəfələrlə sübut etmişdir ki, yalnız milyonlarla insanı bir məqsəd ətrafında sıx birləşdirən rəhbər öz millətini irəli apara bilər. Azərbaycanın mübarizələrlə dolu qədim tarixinə baxdıqda, hələ ötən əsrin 70-ci illərindən bu günədək milli özünüdərk istiqamətində Heydər Əliyev şəxsiyyətinin açdığı yol açıq görünməkdədir.

Bir ölkənin gücü onun iqtisadiyyatı ilə ölçülür. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz onun iqtisadiyyatının verdiyi güclə müstəqil siyasət yeridə bilməklə qazanılmışdır. Bu uğurların əsası xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Bu, həmin dövr idi ki, Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi taleyin ümidinə buraxılmışdı. Belə ki, o dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev respublika rəhbərliyinə seçiləndə Azərbaycanın iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsi keçirirdi. Həyatın bütün sahələrində sosial-iqtisadi inkişafın geriliyi açıq-aydın görünürdü. Bir çox sahələrdə – milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə Azərbaycan ittifaq göstəricilərindən geridə qalırdı. 1969-cu ildə Azərbaycan SSR təkcə milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə geri qalırdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcəkdə Azərbaycanın müstəqilliyinin təmin olunması üçün zəmin hazır­lamışdır. Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin tikilib istifadəyə verilməsi ilə sosial-iqtisadi tərəqqi yüksək mərhələsinə çatmışdır. Məhz böyük dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə ucqar rayon mərkəzlərində, müxtəlif bölgələrdə respublika əhəmiyyətli obyektlər tikilir, yeni iş yerləri açılırdı. Bunun nəticəsində Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə edilməsi təmin edilirdi. Beləliklə, o dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev bu fəaliyyəti ilə bugünkü müstəqil Azərbaycan dövlətinin inkişafının təməlini qoymuşdur.
1969-cu ildən sonra başlayan intibah dalğası Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafında dərin izlərlə yadda qalmışdır. Vətən sevgisi amalını hər şeydən üstün hesab edən, öz xalqına, millətinə xidmət etməyi ən böyük xoşbəxtlik sayan ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Naxçıvanın da dirçəlişinin başlanğıcı idi. 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geri qalırdı. Bunun aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu olmuşdur. Naxçıvanlılar ilk dəfə olaraq regionda yaradılmış irihəcmli istehsal müəssisələri hesabına rahat iş tapmaq imkanı əldə etmişlər. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə yüksəlmişdir. Naxçıvanda 1985-ci ilədək müxtəlif sahələr üzrə yaradılmış iri sənaye müəssisələrində trikotaj məmulatlarından tutmuş elektrotexnika avadanlıqlarınadək geniş çeşiddə məhsullar istehsal olunurdu. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullar respublikanın və keçmiş ittifaqın müxtəlif yerlərinə göndərilir, muxtar respublikanın geniş torpaqları əkin dövriyyəsinə cəlb olunur, bu yerlərin torpaqlarına uyğun olan ənənəvi bağçılıq, meyvəçilik istiqamətində mühüm işlər aparılırdı. Bu dövrdə əhalinin rifah halının yüksəlməsi onların istehlak xərclərinin artması, rabitə, nəqliyyat xidmətlərindən geniş istifadə olunması ilə müşayiət olunur, Bakı və Naxçıvan arasında hava nəqliyyatı əlaqələri yaradılırdı. 1969-1982-ci illərdə bir çoxları indi də Naxçıvanda fəaliyyət göstərən mədəniyyət müəssi­sələri və muzeylər, məktəblər və xəstəxanalar inşa olunmuş, köhnə Naxçıvanın qoynunda müasir, yeni Naxçıvan yaradılmışdır. Həmin dövrdə muxtar respublikada aqrar bölmənin maddi-texniki bazası möhkəmləndirilmiş, ət-süd kombinatları, taxıl və üzüm emalı müəssisələri, yeni heyvandarlıq və südçülük kompleksləri, quşçuluq-broyler fabrikləri istifadəyə verilmişdir. İrimiqyaslı meliorasiya tədbirləri həyata keçirilmiş, istifadəyə verilən 20 yeni su anbarı hesabına 55 min hektara yaxın torpaq sahəsinin suvarılması təmin olunmuş, əkin dövriyyəsinə yeni torpaqlar əlavə edilmişdir. Mürəkkəb relyefə malik dağlıq ərazi ilə Naxçıvana təbii qaz xəttinin çəkilməsi ötən əsrin 70-80-ci illərinin inanılmaz nailiyyətlərindən biri idi. Bu gün xalqımızın böyük oğlunun adını daşıyan Heydər Əliyev Sarayı məhz görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin birinci dövründə tikilmiş, Naxçıvanın minlərlə hektar ərazisini suvarmağa imkan verən Heydər Əliyev Su Anbarının təməli o dövrdə qoyulmuşdur. Bunlarla yanaşı, Araz Su Elektrik Stan­siyasının, Şərurda Arpaçay Su Anbarının istifadəyə verilməsi Naxçıvanda torpaqların suvarılması ilə yanaşı, muxtar respublikanın gələcəkdə enerji təhlükəsizliyinin də əsasının qoyulması demək idi. 1990-cı illərin əvvəllərində Naxçıvan düşmən blokadasına alınarkən məhz həmin enerji mənbələri hesabına muxtar respublikanın enerjiyə olan tələbatı az da olsa ödənilirdi. 1978-ci ildə yaradılmış Babək rayonu, Naxçıvan şəhərində salınmış yeni mikrorayonlar, Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksi, həmin dövrdə istifadəyə verilən “Təbriz” mehmanxanası ümummilli liderimizin yadigarlarıdır.
Beləliklə, bu gün hara baxsaq, izləri görünən və ötən əsrin 70-ci illərində ulu öndər tərəfindən müəyyənləşdirilən inkişaf və dirçəliş xətti nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. O dövrün Naxçıvanı öz tarixində bu qədər ciddi dəyişikliklər görməmişdi. Muxtar respublikanın sənaye potensialını artıran, minlərlə gəncə yeni iş yerləri qazandıran bu siyasət, əslində, Naxçıvanın muxtariyyətinin etibarlı zəmanətinə çevrilmişdir.
Ulu öndərin muxtar respublikanın ən ucqar bölgəsində insanları yaşadığı torpağa bağlayan bu əvəzsiz töhfələri illər keçdikcə dərin yurd sevgisi ilə möhkəmlənərək Naxçıvanı alınmaz bir qalaya çevirəcəkdi. Bu, taleyin Naxçıvana ən böyük hədiyyəsi idi.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR