Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu var. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmışdır. Buna görə də ümummilli liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə aktualdır. Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü də xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət neçə illərin sükunətini hərəkətə gətirmiş, milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi potensial yaratmışdır.
Xalqımızın böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynamışdır. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Bakıda M.C.Bağırovun mühakiməsindən sonra milli kadrlar artıq heç nəyi həll etmirdilər, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Həmin planlardan birincisi xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi.
Bəlkə də buna görə bir sıra tarixçilər və siyasətşünaslar haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının iyirminci əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. Çünki həmin tarixdə siyasi hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev, sözün həqiqi mənasında, xalqın həyatında möhtəşəm dəyişikliyə və misilsiz inkişafa nail oldu.
Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.
Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.
1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, Böyük Vətən müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Bu məqamdan məharətlə istifadə edən ulu öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin dövrdə görülən işləri xarakterizə edərək demişdir: “Tarixlik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu”.
Ulu öndər Heydər Əliyev ana dilinin inkişafını da xüsusi diqqət mərkəzində saxlamış, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirmişdir. Dahi rəhbər Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Hər an ulu öndərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmamış, Onun ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələmişdi.
Ulu öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmış, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmiş, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapmışdır. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycanın Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.
1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmış, 100-ə qədər yeni ixtisasın hazırlığına başlanmışdı. Həmin illərdə ölkədə 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdı. Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə sisteminin müasirləşdirilməsi, ölkənin yol infrastrukturunun daha da yaxşılaşdırılması, eləcə də ulu öndər tərəfindən reallaşdırılan bütün tədbirlər müstəqil Azərbaycan Respublikası naminə həyata keçirilirdi.
Ötən əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikası da sürətlə inkişaf etməyə başlamışdır. Reallıq budur ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu olmuşdur. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdir. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmişdir.
Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artmışdır. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır.
Ulu öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Azərbaycanı həmin illərdə də diqqətdən kənarda qoymayan ümummilli liderimiz bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəltmişdi. Nəticədə, Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində ittifaq dövlətləri Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi.
1990-1993-cü illərdə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludların aldığı bir vaxtda ulu öndər Heydər Əliyev doğma Naxçıvana qayıtmışdır. 1990-cı il iyulun 22-də şəhərin mərkəzi meydanına toplaşan 80 min insan məhz belə bir taleyüklü məqamda Vətəninə qayıdan xilaskarını böyük coşqu ilə qarşıladı. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mühüm rol oynayan qərarların qəbul edilməsinə nail oldu.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. Ulu öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanının da adı dəyişdirilmiş, muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirilmişdir.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi muxtar respublikanı real işğaldan və qaçqın həyatı yaşamaq təhlükəsindən xilas etdi.
1993-cü ilin yayında ölkədə qardaş qanı tökülmüş, milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən dahi rəhbər 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya getdi. Ulu öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur.
Əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. 2003-cü ilin prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyev yolunun davamına səs vermişdir. Dövlət başçısı cənab İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır.
Ümummilli liderimiz Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövləti yaratmayıb. O həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını da müəyyənləşdirmişdir. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklərboyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ulu öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Ümummilli liderimizin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Gələcəkdə Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını Heydər Əliyev quruculuq xəttinin daha böyük uğurları, nailiyyətləri gözləyir.
“Şərq qapısı”