Dünən Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Naxçıvan” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
Məşğələni giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açmışdır. Qeyd olunmuşdur ki, şəxsiyyətlərin və dövlət xadimlərinin keçdiyi şərəfli ömür yolu yeni nəsillərə daim örnək olmuşdur. Belə şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dahi rəhbər Naxçıvanın və naxçıvanlıların 90-cı illərdəki həyatında, o cümlədən doğma Azərbaycanımızın bütövlüyünün qorunub saxlanılmasında və inkişaf etməsində böyük uzaqgörənlik, sarsılmaz iradə nümayiş etdirməklə müasir gəncliyin qürur mənbəyinə çevrilmşdir. Rektor görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunda silsilə tədbirlərin keçiriləcəyini vurğulamışdır.
İnstitutun Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyev “Dahi rəhbər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı gərgin və yorulmaz fəaliyyəti Naxçıvanın erməni təcavüzündən qorunması, regionun blokadanın yaratdığı çətinliklərdən xilas edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərlə səciyyələnir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu müəssisədənkənar ərazi ilk təşkilatının sədri Tamara Baxşəliyeva “Naxçıvanın inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusundakı məruzəsində Naxçıvanın sosial-iqtisadi inkişafından, ulu öndərin siyasi kursunun uğurla həyata keçirilməsindən bəhs etmişdir.
Məşğələnin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Xəbərlər şöbəsi