23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev universitetinin 198-ci məşğələsi keçirilib.
“Tərəqqi, yüksəliş və intibahın başlanğıc günü” mövzusundakı məşğələni giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ümummilli lider Heydər Əliyevin istər totalitar sovet rejimi, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.
Qeyd olunub ki, 1969-cu il iyul ayının 14-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra keçmiş ittifaqın tənəzzül etməkdə olan bu respublikası inkişaf yoluna qədəm qoydu. Azərbaycan qısa bir zamanda aqrar ölkədən sənaye ölkəsinə çevrildi. Burada bir sıra ittifaq əhəmiyyətli sənaye müəssisələri salındı, əhalinin maddi-rifah halı yaxşılaşdırıldı, yeni iş yerləri açıldı. Azərbaycan tarixinin, mədəniyyətinin qorunması və təbliği, Azərbaycan dilinin dövlət dili statusu qazanması, milli elm və təhsilin, səhiyyənin inkişafı istiqamətində mühüm işlər görüldü. Müstəqillik illərində Azərbaycanda xarici və daxili siyasətin düzgün müəyyənləşdirilməsi, dinamik inkişafa və ərazi toxunulmazlığına nail olunması məhz ümummilli liderin çoxillik siyasi səriştəsinin nəticəsidir.

Məşğələdə universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev ümummilli liderin sovet hakimiyyəti illərindəki fəaliyyəti dövründə Azərbaycanı müstəqil gələcəyə aparan məqsədyönlü siyasət yürütməsindən danışıb. Bildirilib ki, 1969-1982-ci illərdə xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə kənd təsərrüfatının və sənayenin ən müxtəlif sahələri inkişaf etdi, ölkədə 250 yeni müəssisə yaradıldı. Yeni-yeni orta və ali ixtisas məktəbləri açıldı, gənc­lərimizin digər respublikalarda ali təhsil almaları təmin olundu. Azərbaycan SSRİ-nin ən qabaqcıl müttəfiq respublikasına çevrildi, öz güclü iqtisadi potensialını, intellektual bazasını yaratmış oldu. Ümummilli lider bu illərdə milli təfəkkür və milli şüur səviyyəsini inkişaf etdirməklə, doğma dilimizi, tariximizi, ədəbiyyatımızı sevdirməklə milli ideologiyanın formalaşmasında da mühüm rol oynadı. Ulu öndərin hər iki hakimiyyəti dövründəki siyasi fəaliyyəti dünya diplomatiyasına qızıl hərflərlə yazılacaq bir məktəbdir. Təsadüfi deyil ki, bugünkü Azərbaycan məhz bu sağlam bünövrə üzərində, ümummilli liderin ideyalarını sədaqətlə davam etdirmək yolu ilə dünyanın inkişaf etmiş, beynəlxalq nüfuz qazanmış, tərəqqipərvər bir ölkə­sinə çevrilib.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru Mübariz Nuriyev ümummilli lider Heydər Əliyevin ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycana rəhbər seçildikdən sonra ölkənin qazandığı iqtisadi, siyasi uğurlardan danışıb.

*  *  *

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında da ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 46-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirib ki, Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə minilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran dahi şəxsiyyət Heydər Əliyev keçmiş SSRİ dövlətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də doğma Azərbaycanın inkişafı və çiçəklənməsinə, əhalinin rifah halının daha da yüksəldilməsinə çalışıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü fəlakətlər girdabından xilas edən ümummilli liderimizin səyi nəticəsində dövlət müstəqilliyimiz əbədi, dönməz xarakter alıb.
Vurğulanıb ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Bunu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar. Ulu öndərimizin ideyalarının sədaqətlə həyata keçirildiyi bu qədim diyar özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Naxçıvanın sosial-iqtisadi uğurları günü-gündən artmaqdadır. Qazanılmış uğurlar və bugünkü Azərbaycan reallıqları ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının nə dərəcədə mükəmməl olduğunu sübuta yetirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının fəalları Emin Mehbalıyev, Elvin Məmmədov, Könül İsmayılova və başqaları çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, ümummilli liderimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu da görkəmli dövlət xadiminin qayğısından xeyli bəhrələnib. Ordubad şəhərinin qoruq şəhərə çevrilməsi, rayonda muzeylər şəbəkəsinin genişləndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, Gəmiqayada arxeoloji tədqiqatlar aparılması ulu öndərin bu bölgəyə böyük diqqətinin ifadəsi kimi tarixə yazılıb. Ötən dövrdə rayon mərkəzi və kənd yaşayış məntəqələrində genişhəcmli kompleks quruculuq tədbirləri həyata keçirilib. Ən ucqar və sərhəd dağ kəndləri belə, müasirliyə qovuşub. Əhalinin məşğulluğu diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə 1969-cu ilin 14 iyulundan başlanan Heydər Əliyev siyasətinin təntənəsidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR