22 Dekabr 2024, Bazar

Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda açıq dərs keçilib. Liseyin tarix müəllimi Natiq Əhmədov bildirib ki, 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan elə müstəqilliyinin ilk günlərindən mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Bu, ordu siyasəti sahəsində də özünü göstərdi. Səriştəsiz rəhbərlərin bacarıqsızlığı ucbatından silahlı birləşmələr daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ulu öndər ordu qurucu­luğuna hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən başlamışdı.

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması diqqətdə saxlanıldı. 
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ordu quruculuğu sahəsində həyata keçirilən ciddi və məqsədyönlü tədbirlər nəticəsində, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hərbi hissələr üçün onlarla yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəliftəyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hissələrin silah-sursatla təminatı da qat-qat yaxşılaşdırılıb.
Vurğulanıb ki, bu gün müstəqilliyimizin, dövlətçiliyimizin qarantı təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzdur. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun qüdrətini günü-gündən artırır.
Sonda kursantlar Heydər Əliyev Muzeyindəki eksponatlara baxıblar.
Həmin gün Naxçıvan Tibb və Musiqi kolleclərinin tələbələri, Babək rayonunun Qahab və Sirab kənd tam orta məktəblərinin şagirdləri üçün də muzeydə açıq dərslər keçilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR