23 Dekabr 2024, Bazar ertəsi

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya hazırlanmış, müəllifi olduğum “Qurtuluş dastanı” adlı əsərimin premyerasında iştirak etmək üçün aldığım dəvətə əsasən 14-16 iyun 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasına getdim.
Hava limanına düşdüyüm andan gördüyüm mənzərə məni valeh etdi. Sanki nağıllar aləmindəydim. Çıxışda dayanıb ətrafı xeyli seyr etmək məcburiyyətində qaldım. İnsan əli ilə yaradılan, ətrafı qoynuna almış yamyaşıl qazonlar və gül-çiçəklə əhatə olunmuş təbiət gözəlliyi içində nizamla cərgələnmiş taksilər, uniforma geyinmiş taksi sürücülərinin son dərəcə kübar davranışları, qarşılayanların ruha rahatlıq gətirən təbəssümləri, gözoxşayan səliqə-sahman və sair ürəkaçan bir ovqat yaradırdı.
Heç bir mübaliğəsiz demək olar ki, sezilən hər şey könül oxşayırdı.
İrəliləyən anlarda müşahidə etdiyim, aydınca görünməyə başlayan muxtar respublikada yaradılan nümunəvi idarəçilik, hər tərəfdə qanunların aliliyinə hörmətlə yanaşma, sakit və firavan həyat tərzi insanda yüksək təəssürat yaradırdı.
Ekoloji təmizliyi, ciyərlərə məlhəm olan tərtəmiz havanı, ətrafı ağuşuna almış yaşıllığı, küçələrboyu gözoxşayan gözəlliyi, yaraşıqlı binaları, yaşamaq üçün rahat və sakit mühiti, müsbət auranı, istər Naxçıvana gələn qonaqlarla, istərsə də yerli insanların bir-biri ilə son dərəcə mehriban davranışı, isti və gülərüz münasibəti gördükdə düşünürsən ki, müstəqilliyimizin bizə bəxş etdiyi, ölçü­lərə sığmayan nə qədər böyük uğurlara nail olmuşuq. Bu uğurların Naxçıvan modeli nümunə üçün istənilən inkişaf etmiş ölkələrə nümayiş etdirilə bilər. Bütün bunlar, həqiqətən də, heyranedici, qürurvericidir və heç şübhəsiz ki, heç vaxt mənim yaddaşımdan silinməyəcəkdir!..

15 İyun Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun tamaşaya baxarkən, ünsiyyət üçün yaratdığı zaman kəsiyində dəyərli söhbətindən gəldiyim qənaət, mənə rastlaşdığım bütün ruh oxşayan mənzərənin qaynağını aydın etdi. Allahın böyüklüyü, xalqına, dövlətinə sədaqət və məhəbbət haqqında hörmətli Sədrin söylədiyi fikirlərin könlümdə yaratdığı yüksək hislər toplusu ürək dolu çırpıntılarla yaddaşımda özünə mötəbər yer tutdu.
Tamaşa öncəsi və tamaşadan sonra təbrik üçün aktyorlarla pərdəarxası görüşü zamanı bildirdiyi fikirlər isə əsl teatrşünas rəyinə bərabər idi. Hörmətli Vasif müəllimin söylədiyi dəyərli fikirlərin bir neçəsini vurğulamaq istəyirəm: – “...Təbrik edirəm!.. Hamınızı – müəllifi də, rejissoru da, musiqi tərtibatçısını da, aktyorları da... böyük zəhmət çəkilib... Əsər mükəmməldir, həqiqəti tərənnüm edir... Ədəbi əsərlər tarixi tarixi sənədlərdən daha yaxşı yaşada bilir... Bu bədii əsərdə də tarix olduğu kimi öz əksini tapıb... Ancaq onu da demək lazımdır ki, əsər mükəmməl ola bilər, lakin rejissor yozumu, aktyor oyunu qənaətbəxş olmasa, əsər də zəif görünər. Bu əsər yüksək bədii keyfiyyətə malik olduğu kimi, rejissor işi və aktyorların oyunu da peşəkarlıqla təqdim olunur... Müəllifin uğuru bir də ondadır ki, əsərə çox gərəkli epiloq vermişdir. Bu epiloq əsərin mahiyyətini tam ifadə edir...” Hörmətli Vasif Talıbovun dəyərli fikirləri müəllif olaraq məni də, teatrın yaradıcı heyətini də, ümumən teatrın kollektivini də hədsiz dərəcədə sevindirdi. Epiloqla bağlı söylədiyi fikir isə həqiqətən də, tamaşanın mahiyyətini tam ifadə edən, adi bir tamaşaçının görə bilməyəcəyi müəllif yanaşmasına aydınlıq gətirən, ədəbiyyatı və teatrı dərindən bilən mütəxəssis təhlili idi.
Naxçıvan rəhbərliyinin teatr sənətinə, onun yaradıcılarına belə yüksək münasibəti bir mədəniyyət xadimi kimi məndə böyük qürur hissi yaratdı.
Naxçıvanda olduğum müddət ərzində müxtəlif yerlərin gəzintisində oldum. Gəzinti zamanı diqqətimi çəkən muzeylər şəbəkəsi məni heyran etdi. Dünyanın heç bir ölkəsinin muzeylərində görmədiyim mənzərə ilə Naxçıvan muzeylərində rastlaşdım. Deməliyəm ki, Naxçıvanın özü, bütövlükdə, açıq səma altında zövqlə yaradılmış unikal bir muzeydir. “Naxçıvan qalası” isə tariximizin parlaq səhifələrindən biri kimi Naxçıvanın, naxçıvanlıların və ümumən Azərbaycanın qürur mənbəyi kimi çox qiymətlidir. Odur ki, diqqətimi həddindən artıq cəlb edən Naxçıvan muzeyləri barədə bir qədər geniş şəkildə söz açmaq istəyirəm.
Öncə ulu öndər Heydər Əliyevin 80-ci illərdə Naxçıvanda ucaldılmış əzəmətli büstünü, daha sonra isə o böyük şəxsiyyətin həyat və fəaliyyətini özündə yaşadan muzeyi ziyarət etdim. Heç şübhəsiz ki, büstün ziyarəti zamanı, 80-ci illərin ikinci yarısında Naxçıvana Akademik Milli Dram Teatrının heyəti ilə qastrol səfərinə getdiyim illərdə dəfələrlə büstü ziyarət etdiyimiz anları xatırladım. Muzeydə isə şahid olduğum mənzərə bu oldu ki, 10 may 1999-cu ildən fəaliyyət göstərən bu muzey şəxsi sənəd və materiallar baxımından zənginliyinə görə Heydər Əliyevə aid olan heç bir muzeylə müqayisə edilə bilməz. Muzeydə “Xalqımla həmrəyəm”, “Qayıdış”, “Naxçıvan yaşayır və döyüşür” bölmələri xüsusi diqqət çəkir. Eksponatlarla tanış olarkən bələdçiyə Bakıya döndükdən sonra 2000-ci ildə, Tiflis Azərbaycan Dövlət Dram Teatrının Bərpa rəhbəri olduğum müddətdə ulu öndərlə Tiflis şəhərində çəkilmiş tarixi şəkli və həmişəyaşar ümummilli liderimizin əbədiyyətə qovuşduğu gün, ürəyimin səsi, könlümün diktəsi və ruhumun sevgisi ilə yazdığım və 2003-cü ilin 17 dekabr tarixində qəzet səhifələrində çap olunmuş “Xalq atası Heydər Əliyevin işıqlı ruhuna ehtiramla” adlı məqaləmi muzeyə hədiyyə edəcəyimə söz verdim.
Burada belə bir məlumat öyrəndim ki, Naxçıvanda, istər mərkəzdə, istərsə də bölgələrdə dövlət orqanlarında çalışan bütün əməkdaşlar hər həftənin şənbə günü kollektiv şəkildə müxtəlif məzmunlu muzeyləri ziyarət edirlər. Bu haqda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xüsusi sərəncamı mövcuddur. Bu sərəncam çox səmərəli bir mahiyyətə malikdir. Biz böyük siyasi məktəb yaratmış Heydər Əliyev dühasından həmişə öyrənməli və onun xalqımıza miras qoyduğu işıqlı yolun səmtini heç vaxt dəyişməməliyik və xalqımızın mütləq qüdrəti yalnız və yalnız bu hikmətə bağlıdır. Xalq öz tarixini mükəmməl öyrənmək üçün muzeylərimizi dönə-dönə ziyarət etməli, hər dəfə ziyarət edərkən muzey eksponatları vasitəsi ilə tariximizə aid olan yeni-yeni ilmələr, çalarlar haqqında dərin məlumat toplamaq imkanı qazanmalıdır. Heç şübhəsiz ki, belə əhəmiyyətli sərəncamın icra edilməsi məndə də bir vətəndaş olaraq qürur hissi yaradır.
1924-cü ildə təşkil olunmuş, 1968-ci ildə dövlət statusu verilmiş Naxçıvan Dövlət Tarix Muzeyi 48 mindən artıq eksponatın mühafizə olunduğu muzeydir. Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi-mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və sair nümayiş etdirilir. Həmçinin muzeydə elmi-tədqiqat işləri aparılır.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmış Xatirə Muzeyində Naxçıvan şəhidlərinin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanları və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət 1800-dən artıq eksponat qorunub saxlanılır və nümayiş etdirilir.
1998-ci ilin aprelində təşkil olunmuş, Azərbaycanın bütün xalça növlərinin, xalça məmulatlarının, məişət əşyaları – mis məcməyilər, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimlərinin nümayiş etdirildiyi Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. 2013-cü ildə isə yenidənqurmadan sonra muzeyin ekspozisiyası zənginləşdirilmiş və internet saytı hazırlanmışdır.
2002-ci ildə Naxçıvan şəhərindəki “Əcəmi seyrəngahı”nda təşkil olunmuş Açıq Səma Altında Muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sənduqələrdən ibarət 450 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir.
Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri hesab olunan Möminə xatın türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə misilsiz abidədir. Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatın türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.
Bu abidələr təkcə varlığımızı və dövlətçi­liyimizi yaşatmırlar, onlar həm də zaman-zaman ölkəmizin iqtisadi qüdrətini özlərində təcəssüm etdirirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev də dönə-dönə deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər...”
Muzey kolleksiyası sırasında muxtar respublikada Naxçıvan torpağında doğulmuş Azərbaycanın böyük şəxsiyyətlərindən yazıçı C.Məmmədquluzadə və M.S.Ordubadinin, şair və dramaturq H.Cavidin, akademik Y.Məmmədəliyevin, hərbi xadim C.Naxçıvanskinin və rəssam B.Kəngərlinin ev-muzeyləri də fəaliyyət göstərir.
Mənə Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin əzəmətli məqbərəsini də ziyarət etmək nəsib oldu. Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə inşa edilmiş məqbərəni ziyarət edərkən istər-istəməz həmişə qürurla adını uca tutduğum sevimli müəlliməm, mərhum Turan xanımı xatırladım. Mənim üçün böyük Hüseyn Cavidin ömür yoldaşı Müşgünaz xanım və sevimli qızı Turan xanım Azərbaycanın ideal qadınlarının nümunə rəmzləri sırasındadırlar.
Azərbaycanın ayrılmaz bir parçası olan bu diyar bəşər sivilizasiyasının, mədəniyyətinin başlanğıc nöqtələrindən biridir. Bu qədim və keşməkeşli tarixi isə sübut edən mənbələr, amillər də çoxdur: ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daşdan qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan memarlıq inciləri və sair.
Məlumdur ki, Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Muxtar respublika Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan diki” deyilən ərazidə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. İndiyədək “Xan evi” kimi tanınan sarayda böyük həcmdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Maraqlı olan cəhət bundan ibarətdir ki, Naxçıvanda bütün muzeylərə olan qayğı və diqqət yüksək səviyyədə öz həllini tapmışdır.
Naxçıvanın simvollarından biri də “Duzdağ”dır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınıb. Deyilənə görə, hələ 6 min il əvvəl – Nuh-Nəbi dövründən buradan duz çıxarılıb. Şöhrəti dünyaya səs salan “İpək yolu”ndan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınıb. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan “Duzdağ”ın hər bir qarışında sirli-sehrli tarixin izləri gizlənib. Nə xoş ki, mənə də “Duzdağ”ın əfsunlu möcüzəsini öz gözlərimlə görmək qisməti nəsib oldu.
Deməliyəm ki, mən bu gün də bütün bu gəzintilərin, ziyarətlərin təsiri altındayam və inanıram ki, bu xoş xatirələr, təəssüratlar ömrüm boyu unudulmayacaqdır.
15 iyun tarixində, axşam Milli Qurtuluş Günü münasibətilə təşkil olunmuş bayram konsertində iştirakım zamanı isə daha könül­açan bir mənzərənin – rəhbərliklə xalq arasındakı sevgi dolu bağlılığın şahidi oldum. Cənab Sədrin tribunada deyil, xalqın arasında yer tutaraq böyük zövqlə konserti seyr etməsi, sevincini xalq sevincinə qatması, zənnimcə, yalnız və yalnız könlündə həmişə xalq sevgisi yaşatmış Heydər Əliyev siyasi məktəbinin layiqli nümayəndəsinin səmimiyyətinin təzahürü kimi dəyərləndirilməlidir.
Anlaşılan odur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalq sevgisi, xalq məhəbbəti, Azərbaycançılıq məfkurəsi Naxçıvanda bütün dolğunluğu ilə ifadə olunmaqdadır!
Naxçıvan baxılan bütün nöqtələrdən o qədər cazibədardır ki, insan orada yaşamaq həvəsinə gəlir!..
Heç şübhə etmirəm ki, gördüklərim mütləq gələcək yaradıcılığımda öz əksini bütün dolğunluğu ilə tapacaqdır.
Naxçıvan təəssüratlarımı əziz oxucularla bölüşərkən onu da qeyd etməliyəm ki, “Qurtuluş dastanı” əsərim Naxçıvanda tamaşaya hazırlanmadan öncə Naxçıvan Muxtar Respublikası rəhbərliyinin diqqət və qayğısı ilə “Əcəmi” nəşriyyatı tərəfindən kitab şəklində iki formada çap olunmuşdur. Əsərimin kitab şəklində çapına, Naxçıvan teatrının da səhnəsində özünə yer tutmasına və uğurla tamaşaçılara təqdim olunmasına, müəllif olaraq premyerada iştirakıma yaradılan yüksək şəraitə və göstərilən böyük qayğıya görə sevimli naxçıvanlılara, xüsusən Naxçıvan rəhbərliyinə dərin minnətdarlığımı oxucularla bölüşməkdən qürur duyur, Naxçıvandan aldığım təəssüratların poetik təcəssümünü belə ifadə edirəm:

Dünya dəyişdikcə dəyişdi zaman,
Al-əlvan geyindi hər tərəf, hər yan.
Nurlu insanların memarlığıyla,
Dünyaya yenidən doğdu Naxçıvan!


525-ci qəzet,
30 iyun 2015-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR