Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin “1969-cu ildən başlanan zəfər yolu” adlı məruzəsi dinlənilmiş, məruzə ətrafında müzakirələrdə Yengicə və Maxta kənd tam orta məktəblərindəki ilk partiya təşkilatlarının sədrləri Elmira Rzayeva və Musa Şirəliyev, partiya fəalı Teymur Abbasov və digərləri çıxışlar etmişlər.
Qeyd edilmişdir ki, ötən əsrin altmışıncı illərinin sonunda Azərbaycandakı vəziyyət o həddə çatmışdı ki, ciddi dəyişikliklərə zəruri ehtiyac yaranmışdı. Əks təqdirdə, respublika daha dərin uçuruma düşə bilərdi. 1969-cu il iyul ayının 14-də xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublika özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
O vaxtlar Moskvanın Azərbaycana açıq-aşkar ögey münasibətinə baxmayaraq, Heydər Əliyev bütün maneələri böyük məharətlə aradan qaldıra bildi. Nəticədə, baş alıb gedən tənəzzülün qarşısı alındı, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində inkişaf dövrü başlandı. Həmin dövrdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Şəhər və rayonlarda böyük emal və istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, istirahət parkları, mehmanxanalar tikildi. Kənd təsərrüfatı gəlirli sahəyə çevrildi, heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirildi. Nəhəng meliorativ qurğular yaradıldı.
Respublika az vaxt ərzində aparılan ciddi islahatlar, həyata keçirilən təşkilati tədbirlər nəticəsində sənaye ölkəsinə çevrildi, metallurgiya, maşınqayırma, energetika, elektronika, kimya və neft-kimya sənayesi sahələri yaradıldı. Beləliklə, Azərbaycan inkişafın sürətinə görə SSRİ-də ən qabaqcıl müttəfiq respublikaya çevrildi. Bunun üçün görkəmli dövlət xadimi Heydər Əliyev qarşısına, ilk növbədə, Azərbaycan xalqının mənəviyyatının, milli-mənəvi dəyərlərinin, respublikanın mənəvi-psixoloji mühitinin ciddi şəkildə dəyişdirilməsi vəzifəsini qoymuşdu və gənc, qətiyyətli, enerjili lider bu istəyinə çatdı. O, son dərəcə işgüzar və ziyalı bir rəhbər kimi zəifləmiş iqtisadiyyata yeni nəfəs gətirə bildi, Azərbaycanın nüfuzunu yüksəltməyə nail oldu. Respublikamızda dirçəlişin, tərəqqinin, milli-mədəni intibahın əsası qoyuldu.
Qeyd olunmuşdur ki, Heydər Əliyev fenomeninə hansı prizmadan yanaşırsan yanaş, nəticə həmişə eyni olacaq: dahi şəxsiyyətin bütün fəaliyyəti yalnız milli intibaha, böyük, müstəqil Azərbaycan Respublikasına aparan yolun ən vacib mərhələləridir. Hazırkı zaman zirvəsindən baxanda 14 iyul gününün tarixi əhəmiyyəti daha aydın görünür. İqtisadiyyatın, sosial həyatın, elmin, mədəniyyətin inkişaf etdirilməsini, əhalinin həyat tərzinin yaxşılaşdırılmasını, mövcud olan neqativ halların aradan qaldırılmasını qarşısına məqsəd qoyan ulu öndər bu yolda xalqına arxalanırdı. Heydər Əliyev-Azərbaycan, Azərbaycan-Heydər Əliyev vəhdəti də məhz o illərdə yaranmışdır.
Sonda vurğulanmışdır ki, görkəmli siyasi xadimin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin edildi. Bu uzaqgörən siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi nəticəsində respublikamız öz mövqelərini və müstəqilliyini günü-gündən daha da möhkəmləndirir. İllər ötdükcə, zaman dəyişdikcə Heydər Əliyev siyasətinin Azərbaycanımızın dünəni, bu günü və sabahı üçün necə böyük imkanlar açdığını, necə əzəmətli uğurlar üçün təməl yaratdığını işıqlı və parlaq günlərimizdə daha aydın görürük.
Elman MƏMMƏDOV
* * *
İyulun 10-da Naxçıvan Dövlət Texniki Kollecində “1969-cu ilin 14 iyulu: Azərbaycanın Azərbaycana qayıtdığı gün” mövzusunda konfrans keçirilib.
Konfransda Naxçıvan Dövlət Texniki Kollecinin direktor əvəzi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Asəf Ruşanovun, kollecin müəllimlərindən Sürəyya Ələkbərovanın, Allahverdi Cabbarovun, Xəzər Hüseynovun məruzələri dinlənilib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının, soy-kökə qayıdışın başlanğıc dövrüdür. Görkəmli dövlət xadiminin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hislərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirilən tədbirləri belə xarakterizə etmişdir: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.
Qeyd olunub ki, 1969-cu ildən başlanan kompleks quruculuq işləri Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdi. Muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdi. Naxçıvan şəhərində şüşə və alüminium qablar zavodları, alt trikotaj fabriki, tütün-fermentasiya və ət-süd kombinatları, Ordubad və Şərur rayonlarında konserv zavodları tikilərək istismara verilmişdi. Ümumilikdə, regionun inkişaf perspektivlərini artırmaq məqsədilə 250-dən çox müxtəlif təyinatlı müəssisələr yaradılmış, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olunmuş, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində 35 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Muxtar respublikanın şəhər, rayon və kəndlərində məktəb binaları, xəstəxanalar, suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə 20-dən artıq su anbarı tikilmişdir. Əgər o illərdə muxtar respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmasaydı, Ermənistanla sərhəddə yerləşən bu ərazi zaman-zaman boşaldılacaq və ermənilərin işğalına məruz qalacaqdı. Ümummilli liderimiz bu məkrli planın qarşısını məharətlə almışdı.
Məruzələrin slaydlarla müşayiət olunduğu konfransda məruzələr ətrafında çıxışlar olub.
Səbuhi HÜSEYNOV