23 Dekabr 2024, Bazar ertəsi

Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələri, ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir

Ötən ay ölkəmizdə və onun Naxçıvan Mux­tar Respublikasında 15 İyun – Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olundu. Milli Qurtuluş Günü ölkəmizin bəlalardan xilas olduğu, vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulduğu, milli dövlətçiliyimizin gələcəyinin qorunduğu gün kimi daim xatırlanır.

Azərbaycanın xilası məhz ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə mümkün oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Tarixinin çiçəklənmə, intibah dövrünü yaşayan Naxçıvanın 20 illik inkişaf tarixi Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində şərəfli salnaməyə çevrilib.

Ümummilli lider mədəniyyətin, incəsənətin inkişafına da xüsusi diqqət yetirir, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşır, onlara, sözün əsl mənasında, hamilik edirdi. “Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar”, – deyən ulu öndər xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verir, onun inkişafı üçün əlindən gələni əsirgəmirdi. Heydər Əliyev yolunun davamçıları son 20 ildə muxtar respublikada həm də teatr sənətinin davamlı inkişafını təmin etdilər. Ötən müddət ərzində teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Bu gün Naxçıvan teatrları dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnələşdirir, milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də tariximizin yaşadılması sahəsində şərəfli vəzifəni layiqincə yerinə yetirirlər. İyunun 15-də – Milli Qurtuluş Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşanın yüksək səviyyədə təqdim olunması da bunun bariz nümunəsidir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.
İyunun 15-də Naxçıvan şəhərindəki muxtar respublika stadionunda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunmuşdu. Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də bayram konsertləri oldu, el şənlikləri keçirildi. Yüksək bayram əhval-ruhiyyəsində keçən bu tədbirlər naxçıvanlıların ölkəmizin xilaskarı ulu öndər Heydər Əliyevə sonsuz sevgisinin növbəti təzahürü idi.
Ümummilli lider ölkəmizə qonşu olan dövlətlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. Bu mənada qədim tarixə malik olan Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafı da dahi şəxsiyyətin adı ilə bağlıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlıq bu əlaqələrə öz töhfəsini verir. İqtisadi-ticarət, kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələrin mühüm əhəmiyyəti vardır. Son illər həyata keçirilən qarşılıqlı səfərlər isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş perspektivlər açıb. Bu sahədə görülən işlərin davamı olaraq, Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadənin dəvəti ilə iyunun 9-da İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinə səfər edib.
Səfər çərçivəsində Ali Məclisin Sədri Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə, Şərqi Azərbaycan Vilayətinin sərhəd qüvvələri komandiri Seyid Müctəba Musəvi ilə görüşüb, Təbriz Universitetinə və Təbriz Tibb Universitetinə gedərək hər iki ali təhsil müəssisəsinin tədris imkanları ilə maraqlanıb. Ali Məclis Sədrinin səfəri zamanı “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum” imzalanıb. Ali Məclisin Sədri Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna ge­dib, konsulluğun əməkdaşları ilə görüşüb və onların iş şəraiti ilə maraqlanıb.
Tarixin bütün dövrlərində ölkə­lərin hərbi müdafiə sistemini möhkəmləndirməsi mühüm əhəmiyyət kəsb edib. İstənilən ordunun qüdrəti isə iki halda meydana çıxır. Birincisi, döyüşlərdə, ikincisi isə hərbi təlimlərdə. İyunun 10-da Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində taktiki təlimi keçirilib. Təlimə 600-dən çox şəxsi heyət, 110 döyüş və müxtəlif təyinatlı texnikalar, 25 reaktiv və artilleriya qurğusu, 2 döyüş vertolyotu, 4 zenit-raket qurğusu və 4 mühəndis texnikası cəlb olunub. Təlimin nəticəsi bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti dağlarda müxtəlif gecə döyüş əməliyyatları həyata keçirməyə qadirdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hərbi təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Ordunun döyüş qabiliyyətinin artırılmasında və hərbçilərin döyüşçü kimi yetişməsində təlimlərin mühüm rolu vardır. Keçirilən hər bir hərbi təlim şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması yolunda atılan növbəti addımdır. Bu gün torpaqlarımız işğal altındadır, ölkəmiz isə müharibə şəraitində yaşayır. Bu da ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə hərbi təlimlərin mütəmadi keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zəruri edir. Ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır. Bugünkü hərbi təlimdə iştirak edən əsgər və zabitlərin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsi də onların döyüş hazırlığı ilə yanaşı, həm də ruh yüksəkliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdi”.
Bu gün regionda və dünyada yaranmış ümumi vəziyyət ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamağı, dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazır­lanmasına diqqətin artırılma­sını tələb edir. Bu mənada Heydər Əliyev adına Hərbi Lisey respublika səviyyəsində xüsusilə seçilir. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə Hərbi Lisey qısa zamanda böyük inkişaf yolu keçib. Bu gün burada nümunəvi hərbi tədris şəhərciyi yaradılıb, kursantların təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülüb. Hərbi Lisey ötən dövrdə tədris və tərbiyə sahəsində mühüm nailiyyətlər əldə edib. Bu gün fəxrlə deyə bilərik ki, təhsil ocağı qısa zaman ərzində Azərbaycan, hətta Cənubi Qafqaz regionu səviyyəsində çox böyük uğurlara imza atıb. İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2015-ci il buraxılışı münasibətilə keçirilən tədbirdə qeyd olunan faktlar da belə deməyə əsas verir.
Fəaliyyətə 56 kursantla başlayan lisey bu gün gəncləri öz ətrafında birləşdirən mötəbər hərbi tədris müəssisəsidir. Ötən dövrdə Hərbi Liseyi bitirən kursantlardan 2072-si ali hərbi məktəblərə qəbul olunub. Liseyin minə yaxın məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətlərini uğurla davam etdirir.
Bu gün enerji təhlükəsizliyinin tam təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. 24 ildir, blokada vəziyyətində saxlanılan muxtar respublikamızda bu məsələ öz həllini tapıb. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin balansında olan 7 elektrik stansiyasından 6-sı son 20 ildə istismara verilib.
Muxtar respublikada bu istiqamətdə işlər davam etdirilir. İyunun 19-da müasir texniki imkanlara malik Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və “Qıvraq” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə danışaraq deyib: “...Bu gün muxtar respublikada istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Vaxtilə muxtar respublikada elektrik enerjisinin paylanması fasilələrlə həyata keçirilirdi. Lakin bu gün bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Muxtar respublikada il ərzində istehsal olunan elektrik enerjisinin çox hissəsi bərpa olunan enerji mənbələri, yəni su elektrik stansiyaları hesabına ödənilir. Bu da elektroenergetikanın inkişafı sahəsində qazanılan ən mühüm nailiyyətlərdən biridir. Hazırda yeni Günəş elektrik stansiyası qurulur. Bütün bunlar muxtar respublikada gələcək tələbat da nəzərə alınmaqla uzun müddət elektrik enerjisi təminatının daxili istehsal hesabına ödənilməsinə imkan verəcəkdir”.
Qıvraq qəsəbəsində elektrik enerjisinin verilişi vaxtilə ərazidəki nasos stansiyaları üçün qurulan yarımstansiya vasitəsilə həyata keçirilirdi. Bu yarımstansiyadakı yüksəkgərginlikli transformatorlardan istifadə elektrik enerjisinin paylanmasında israfçılığa səbəb olurdu. Rayonda elektrik enerjisinə olan maksimum tələbat 4-5 meqavatdır. Eyni zamanda ərazidə pərakəndə formada çəkilən elektrik xətləri də enerjinin paylanmasında itkilərə yol verirdi. Bütün bu amillər nəzərə alınaraq ərazidə yeni yarımstansiyanın qurulmasına başlanılıb, elektrik verilişi xətləri dəyişdirilib, 25 və 10 meqavatlıq 2 transformator quraşdırılıb. Bu da Kəngərli rayonunun ərazisində elektrik enerjisi verilişinin keyfiyyətlə həyata keçirilməsinə imkan verəcəkdir.
Enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, muxtar respublikamızda strateji məhsul sayılan taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə də kompleks tədbirlər həyata keçirilir. “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada aqrar sahədə görülən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilib. Yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il bir öncəki ilə görə daha çox taxıl məhsulu əldə olunur. Bu il də əsas ərzaq məhsulu olan taxıl əkini sahələrinin artırılması istiqamətində işlər aparılıb, 2015-ci ilin məhsulu üçün 36 min hektardan artıq sahədə taxıl əkilib. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilib, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülüb. Hazırda muxtar respublikada taxıl biçini həyata keçirilir.
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Bərəkət” Toxumçuluq Təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
Bu gün sənayedə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların tətbiqinin təşviq edilməsi əsas vəzifə kimi qarşımızda dayanır. Suvarma və əkin üsullarının, qabaqcıl təcrübənin kənd təsərrüfatında tətbiqinə diqqət göstərilməsi ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının payının artırılmasına əsaslı təsir göstərir. Böyükdüz kəndi ərazisində yeni suvarma sistemlərinin qurulması və ərazidə meliorativ tədbirlərin görülməsi də bu amala xidmət edir. Bunun hesabına uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılıb.
Muxtar respublikada torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və rentabelli suvarma şəbəkələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsi bərpa olunur. İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yeraltı suvarma şəbəkəsinə baxıb.
Bu gün muxtar respublikamızda gələcəyimiz olan uşaqlar diqqət və qayğı ilə əhatə olunublar. Bunun nəticəsidir ki, muxtar respublikada yerləşən uşaq bağçaları müasir binalarda fəaliyyət göstərir. Uşaq bağçaları isə təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun şəkildə, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Bu baxımdan Şahbuz Şəhər Uşaq bağçası üçün yeni bina inşa olunması bağçanın barı olan uşaqların gələcəyinin təmini baxımından əhəmiyyətlidir.
İyunun 25-də açılışı olan Şahbuz Şəhər Uşaq bağçası son illər muxtar respublikada istifadəyə verilən 17-ci məktəbəqədər təhsil müəssisəsidir. Burada 13 qrupda 242 uşaq təlim-tərbiyə alır. Bu da uşaqların gələcək məktəb illərində çətinlik çəkmədən təhsillərini davam etdirməsinə imkan verəcəkdir.
Dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağına ölkəmizdə və muxtar respublikada xüsusi ehtiramla yanaşılır. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur. İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Bayraq Meydanının inşa olunacağı əraziyə baxıb.

Şahbuz şəhərində dalğalanacaq üçrəngli bayrağımız milli vəhdətimizin rəmzi, müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi daim parlayacaq, intibahın Naxçıvan nümunəsinin növbəti əsəri kimi gələcək nəsillərə ərməğan qalacaqdır.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR