İyulun 8-də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2015-ci il tarixli Sərəncamına əsasən, hərbi xidmətə çağırılan gənclərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə idarənin Çağırış bölməsinin rəisi, mayor Mirzə Rəhimov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək bildiriblər ki, Milli Ordumuzda xidmət etmək Vətənə xidmətdir. Milli Ordumuz Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur. Buna görə də bugünkü gənclərimiz daha yaxşı xidmət etməli, xidmət dövrü hərbi texnikanın sirlərinə daha yaxşı yiyələnməli və Ali Baş Komandanın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.
Valideyn Talıb Babayev övladını hərbi xidmətə yola salması ilə fəxr etdiyini bildirib, çağırışçı gənclərə uğurlar arzulayıb.
Çağırışçılar adından çıxış edən Vüsal Məmmədov Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev ordumuza göstərilən dövlət qayğısından danışıb, hərbi xidmətə yola salınan bütün çağırışçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün Babək rayonunda da çağırışçıların hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Xəbərlər şöbəsi