23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən, 9 iyul Azərbaycan Diplomatlarının Peşə Bayramı Günü elan edilmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də mühüm uğurlar əldə olunmuşdur. Ümummilli liderin rəhbərliyi ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olmuş, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar qəbul edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin xarici siyasətinin mahiyyət və vəzifələrini müəyyənləşdirərək demişdir: “Xarici siyasət, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”.

Yeni siyasi kursun uğurla həyata keçirilməsi tezliklə öz bəhrəsini vermiş, dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər yaradılmış, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bu dövrdən etibarən Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili aparılmış və buna uyğun olaraq xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edilmişdir. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, xarici ölkələrlə əlaqələrinin yaxın dövr üçün prioritetləri, əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə ötən illər ərzində bütün sahələrdə olduğu kimi, milli diplomatiya sahəsində də ciddi və əhəmiyyətli uğurlara imza atılmışdır. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol oynamışdır.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün diqqət mərkəzindədir. Ermənistanın işğalçılıq siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələdir. Dövlət başçısı bu məsələnin vacibliyinə diqqət çəkərək demişdir: “Hesab edirəm ki, diplomatların fəaliyyəti, ilk növbədə, bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq”. Bu gün Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın geri qayıtması üçün zəruri diplomatik və hüquqi əsaslar yaradılır. Son illər Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması və siyasi qiymət verilməsi istiqamətində də mühüm işlər görülür. Artıq Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentləri, Amerika Birləşmiş Ştatlarının 15 ştatı, Sudan Respublikasının parlamenti Xocalı soyqırımını tanımışdır. Həmçinin ötən il yanvarın 24-də Honduras Respublikasının Prezidenti və Xarici İşlər naziri tərəfindən Xocalı soyqırımının tanınması barəsində qərar təsdiq edilmişdir. Bütün bunlar Azərbaycan dövlətinin düzgün xarici siyasəti nəticəsində mümkün olmuşdur.
Ölkəmizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsidir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə səfərlərinin asanlaşdırılması və konsulluq sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində işlər davam etdirilir. Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 58 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndə­liyi, 9 baş konsulluğu, 9 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da tarixən diplomatik əlaqələrin mühüm ənənələri formalaşdırılmışdır. X əsrdə Naxçıvan şahlığının, XII əsrdə qüdrətli Atabəylər dövlətinin, XVIII əsrdə Naxçıvan xanlığının, 1918-ci ildə Araz-Türk Respublikasının paytaxtı olmuş beş minillik şəhər mədəniyyətinə malik Naxçıvan Azərbaycan dövlətçiliyinin, siyasi və diplomatik münasibətlər sisteminin formalaşmasına böyük töhfələr vermişdir. Naxçıvan xanlarından Heydərqulu xan, Abbasqulu xan və Cəfərqulu xan xanlığın xarici siyasətinə bilavasitə rəhbərlik etmiş, Kalbalı xan isə XVIII əsrin nüfuzlu siyasi lideri və diplomatı kimi məşhurlaşmışdır. Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün böyük səylər göstərən Araz-Türk Respublikasının Xarici İşlər naziri Bəhram xan Naxçıvanski, Naxçıvan SSR-in Təbrizdəki ilk konsulu – mühacir diplomat İsmayıl bəy Camalbəyov, mahir diplomat bacarığı ilə Moskva və Qars müqavilələrinin xalqımızın milli maraqlarına uyğun şəkildə bağlanmasında mühüm xidmətləri olan Behbud ağa Şahtaxtinski, İbrahim Əbil­ov və Rza Təhmasib kimi görkəmli diplomatlar Naxçıvanın diplomatiya tarixində silinməz izlər buraxmış şəxslərdir.
Naxçıvan Muxtar Respublikasına səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır, həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə və onların muxtar qurumlarına nümunə kimi göstərilir. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün, 2012-ci ildə Azərbaycan, Türkiyə və İran Xarici İşlər nazirlərinin, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin, 2014-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşlərinin Naxçıvanda keçirilməsi muxtar respublikanın xarici siyasət müstəvisindəki əhəmiyyətinin mühüm göstəricisi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Gürcüstanın Acarıstan Muxtar Respublikasına, İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətlərinə rəsmi və işgüzar səfərləri Azərbaycan Respublikasının bu ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfələr vermişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası özünün muxtar dövlət statusuna əsasən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində və Avropa Birliyinin Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətləri Konfransında (CORLEAP) da uğurla təmsil olunur. Bu qurumlar vasitəsilə qitənin ayrı-ayrı regionları, muxtariyyətləri və federal subyektləri ilə birbaşa əlaqələr yaradan və səmərəli əməkdaşlıq edən Naxçıvan Muxtar Respublikası həm də Avropa siyasətinin formalaşması və həyata keçirilməsi prosesində yaxından iştirak edir. 2012-ci ildə Fransanın Strasburq şəhərində Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının statusunu və sərhədlərini müəyyən edən Moskva və Qars müqavilələri beynəlxalq təşkilatların sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır. İdarə yarandığı gündən öz səlahiyyətləri daxilində Naxçıvan Muxtar Respublikasını xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə layiqincə təmsil edir. Naxçıvan Muxtar Respublikasında dövlət protokolunun həyata keçirilməsini təmin edən idarə muxtar respublikada fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, eləcə də Naxçıvana səfər edən xarici nümayəndə heyətlərinin dövlət hakimiyyəti orqanları ilə münasibətlərini və fəaliyyətlərini əlaqələndirir, bu əlaqələrdə daim iştirak edir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin işinin səmərəli təşkili üçün kadrların seçilməsi və onların peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir. İdarədə fəaliyyət göstərən diplomatlar mütəmadi olaraq Azərbaycan Diplomatik Akademiyasında və bir çox xarici ölkələrdə təşkil olunmuş diplomatik kurslarda iştirak edir, təcrübə, bilik və bacarıqlarını artırırlar. Təkcə 2015-ci ildə əməkdaşlardan 7-si Azərbaycan Diplomatik Akademiyasının təlim kurslarında, 1-i Pakistan Diplomatik Akademiyasının, 1-i isə Çin Xalq Respublikasının Pekin Beynəlxalq İnstitutunun ixtisasartırma kursunda iştirak etmişdir. Ötən dövr ərzində idarədən Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə 15 əməkdaş ezam olunmuşdur. Hazırda onlar ölkəmizin Bolqarıstan, Malayziya, Özbəkistan, Meksika, Türkiyə, Hindistandakı səfirliklərində, eləcə də Təbriz, Qars və İstanbul şəhərlərindəki Baş konsulluqlarında Azərbaycan Respublikasının maraqlarını layiqincə müdafiə edirlər. Bundan başqa, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Sədərək, Culfa və Şahtaxtıdakı, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanının sərhəd-nəzarət buraxılış məntəqələrində viza sektorları fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri cənab Vasif Talıbov demişdir: “Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar...” Bu fikirləri əldə rəhbər tutan idarənin kollektivi bundan sonra da peşəkar kadr kimi yetişəcək, ölkəmizin milli və siyasi maraqlarının qorunmasında yorulmadan fəaliyyət göstərəcəkdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar
Respublikasındakı İdarəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR