“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu vardır. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi ordumuzun istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Silahlı Qüvvələrimizin muxtar respublikada yerləşən hərbi hissələrində maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərin də böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınmasına şərait yaradıb.
Səxavət Salmanov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edib və əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə yaxından yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov, Ədliyyə nazirinin müavini Elnur İsmayılov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər. Çıxış edənlər Azərbaycan Ordusunun şanlı tarixindən, ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərdən söhbət açaraq bildiriblər ki, son illərdə ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilib. İndi bu ordu torpaqlarımızı düşməndən azad etməyə tam hazırdır.
Valideyn Fəxrəddin Vəliyev nəvəsinin hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Ülvi Xəlilzadə Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz verib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
* * *
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin ordu sıralarına yolasalma mərasimləri keçirilib.
Xəbərlər şöbəsi