23 Dekabr 2024, Bazar ertəsi

(Əvvəli qəzetin 26 iyun 2015-ci il tarixli sayında)

“Şərq qapısı” qəzetinin tarixi ilə bağlı yazılarımızı davam etdiririk. Bugünkü yazıda qəzetin ötən əsrin 20-30-cu illərindəki fəaliyyətindən bəhs edəcəyik. Qısa zaman kəsiyində Naxçıvanda qəzetçilik ənənələrini formalaşdırmaq böyük zəhmət tələb edirdi. Belə ki, geniş oxucu kütləsinin rəğbətini qazanmaq üçün yüksəkkeyfiyyətli qəzet çıxarmaq lazım gəlirdi. Bunun üçün, ilk növbədə, qəzet tanıdılmalı idi. Ona görə də “Şərq qapısı” qəzetinin ilk vaxtlarda pulsuz olaraq camaata paylanması qərara alınır. Bir neçə ay belə davam edəndən sonra qəzet pulla satılmağa başlayır. Lakin qəzetə pul verənlər çox az olduğundan onun satışından əldə olunan vəsaitlə qəzeti idarə etmək çətinlik yaradırdı.

1923-cü ildə Bakı şəhərindən Naxçıvana gətirilən daha mükəmməl mətbəə avadanlıqları sayəsində fasilələrlə çıxan qəzet müntəzəm nəşr edilir. Əvvəllər 100-150 nüsxədən çox çıxmayan qəzet bu dövrdən 500-700 nüsxə tirajla çap olunmağa başlayır. Hətta yazıçı və müxbirlərə yazı haqqı da verilir. Redaksiya tərəfindən müxbirlərə şəxsiyyəti bildirən şəhadətnamələr də təqdim olunur. Lakin bununla belə, qəzetin vəziyyəti qənaətbəxş sayılmır.

Yaradıcılıq yoluna “Şərq qapısı” qəzetindən başlamış, qəzetin redaktorlarından olan, yazıçı-jurnalist Məmmədəli Tarverdiyev qəzetin 60 illik yubiley nömrəsindəki məqaləsində yazırdı: “Redaksiyanın və mətbəənin vəziyyəti ağır idi. Mətbəə avadanlığı çatışmır, işçi qüvvəsi azlıq edirdi. Qəzetin redaksiyası və mətbəəsi indi böyük ədibimiz Cəlil Məmmədquluzadənin abidəsi ucalan meydançanın qarşısındakı binada yerləşirdi. Redaksiya həmin binanın həyət eyvanının baş tərəfindəki kiçik otaqda, mətbəə isə zirzəmidə fəaliyyət göstərirdi. Redaksiyada cəmi beş nəfər – məsul redaktor, katib, müsəhhih, makinaçı və mühasib, mətbəədə isə üç nəfər – baş mürəttib, mürəttib və çapçı işləyirdi. Avadanlıq və kağız çatışmaması ucbatından qəzet həftədə bir dəfə vərəqə halında buraxılırdı. O, ayaqla işlədilən kiçik “Amerikanka” markalı maşında çap olunurdu. Qəzetdə dərc olunan məktubların əksəriyyəti, demək olar ki, redaksiya işçiləri tərəfindən hazırlanırdı. Çünki peşəkar və təcrübəli müxbirlər hələ yox idi. Qəzetin ümumi tirajı 400-500 nüsxədən artıq olmurdu. Qəzet hələ geniş oxucu kütləsini əhatə edə bilməmişdi. Lakin bütün bunlara baxmayaraq, qəzet ziyalılar tərəfindən izlənilir, onun hər yeni nömrəsi əldən-ələ gəzir, sevilə-sevilə oxunurdu”.
1924-cü ilin ortalarından mərkəzi hökumət tərəfindən qəzetə maddi vəsait ayrılmasından sonra redaksiyanın maddi-texniki bazası gücləndirilir. Keçən əsrin 20-ci illərinin ikinci yarısından qəzet Naxçıvan Kommunist Partiyası Vilayət Komitəsinin orqanı kimi çıxmağa başlayır.
1925-ci il mart ayının 31-də qəzetin 100-cü nömrəsi işıq üzü görür. Qəzetin bu yubiley nömrəsi böyük təntənə ilə qeyd edilir. Yubileylə əlaqədar qəzet 1000 nüsxə ilə buraxılır. Həmin nömrədə dərc olunan baş yazıda deyilir: “Əsrlərdən bəri maarif və mədəniyyətin parlaq ziyasından məhrum olaraq cəngavərlər, cəlladlar pəncəsində inləyən Naxçıvan tarixində bu gün göstərilməmiş bir bayram; gələcək nəslə şərəfli bir yadigar buraxacaq həman bu yadigar, Şərqin qapısında yaşayan Naxçıvan ölkəsinin türk əməkçiləri tərəfindən mövhumat və cəhalətə qarşı vurulan 100 ədəd maarif qurşunu və 100 nömrəyə varmış olan bir türk qəzetəsidir”.
Yubileylə bağlı “Şərq qapısı” qəzeti redaksiyasına Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi və Komissarlar Şurası tərəfindən təbrik məktubları göndərilir. Xalq Komissarlar Şurasının sədri Həmid Sultanovun və Mərkəzi İcraiyyə Komitəsinin katibi Əliəkbər Quliyevin imzaladığı məktubda deyilir: “Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi və Komissarlar Şurası tərəfindən qəzetin 100-cü nömrəsinin buraxılması münasibətilə əziz yubilyarı təbrik edirik. Mətbuat insanların həyatında həmişə böyük rol oynamışdır. Mətbuat zəhmətkeşlərin könlünü açmağa, onlara səadət yolunu göstərməyə çalışmaqdadır. Həqiqətdə “Şərq qapısı” qəzetəsi şurədar Şərqinin əhəmiyyətli qəzetlərindən olub, gələcəkdə bütün Şərq zəhmətkeşlərini öz tutduğu doğru yola cəlb edəcəyinə əminiz”.
Qəzetin bu sayında xatirələr, təbriklər və şəkillər dərc olunmuşdur. “Qəzetimizin rəhbərləri” başlığı altında Həmid Sultanovun və Əhməd Haşımovun şəkilləri verilmişdir. Qəzetin məsul redaktoru Həmid Mahmudov və onun müavini Abbas Gülməmmədovun, katib Mahmudovun şəkilləri isə sol aşağı hissədə yerləşdirilmişdir. Qəzetdə onunla əməkdaşlıq edən müxbir və yazıçıların, mürəttiblərin şəkilləri çap olunmuşdur. Dərc olunan yazılarda qəzetin keçdiyi keşməkeşli və mübariz yol əks olunmuşdur. Qəzetin ilk mühərrirlərindən, korrektorlarından biri olan Lətif Hüseynzadənin həmin nömrədə dərc olunan “Naxçıvan və mətbuat” adlı yazısında “Füqəra səsi”nin nəşrindəki çətinliklərdən danışılır.
“Şərq qapısı” qəzetinin ilk müxbirləri sırasında Əkbər Abbasov, Məmmədəli Əsədullazadə, Seyid Səbri, Nemət Hüseynov, Lətif Hüseynzadə, Hüseyn Əsədov (Naxçıvan), Həsən Əlizadə, Məmməd Rəsulov, Bağır Qazıbəyov (Şahtaxtı), Rəhim Babayev (Qarabağlar), Qədim Qədimov (Sədərək), İbnyəmin Əlverdiyev, Məmməd Axundovun (Ordubad) imzalarına rast gəlmək olar.
Müxbirlərin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək üçün müntəzəm olaraq tədbirlər keçirilirmiş. Bu mənada, müxbirlərin konfranslarının keçirilməsi ənənəyə çevrilmişdi.
Tiflisdə nəşr olunan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Şurasının gündəlik orqanı olan “Yeni fikir” qəzetində Naxçıvanda keçirilən müxbir müşavirəsi haqda belə məlumat verilir: “26-cı il 15 mayda Naxçıvan müxbirlərinin müşavirəsi oldu”.
Xəbərdə müşavirənin birinci məsələsi haqqında yoldaş Yusufovun məruzə etdiyi bildirilir və Naxçıvanda mətbuat tarixinə qısa nəzər salınaraq tarixi inkişaf yolu belə işıqlandırılır: “Naxçıvan ölkəsində ancaq şuralar hökuməti bərpa olunduqdan sonra birinci dəfə ölkədə “Kommunist” namında 21-ci ildə qəzetə çıxmışdır. Bir çox səbəblərdən bu qəzetə qapandı. 22-ci ildə Ölkə Firqə Komitəsinin çalışması sayəsində “Füqəra səsi” namında qəzetə nəşr edilməyə başlandı. Bir müddət sonra bu da qapandı. Nəhayət, “Şərq qapısı” namında qəzetə çıxmağa başladı ki, bu günə kimi davam edir”.
XX əsrin 20-ci illərinin ortalarından qəzetlə əməkdaşlıq edən müxbirlər, ziyalı və şairlərdən Məhəmməd Rəsizadə, Fəraməz Mahmudbəyov, Əli Həsənzadə, Xəlil Abbasov, Abbas Qasımov, Müzəffər Nəsirli, Əkbər Ənnağıyev, Əsgər Kəngərli, Bayram Mərdanlı, Əkbər Dadaşlı, Qurban Yusifzadə, Seyidtağı Seyidov, Xəlil Məhərrəmov, Hüseyn İsmayılov, Müseyib Mehdiyev, Qulam Babayev, Cabbar Haqverdiyev, Bəhlul Tarverdiyev, Nağı Novruzov, Hüseyn Vəkilov, İsmayıl Əylisli, Möhbalı Qasımov, Bünyamin Yusifzadə, hətta qadın müxbirlərdən Anna Xarlamova, Rübabə Sadiqova, Səkinə Rzalı, Xanım Mehdiyevanı misal göstərmək olar. Bütün bu imzalar və müxtəlif mövzulu məqalələr bir daha sübut edir ki, yaranmasından qısa zaman keçməsinə baxmayaraq, qəzet öz ətrafına yetərli yaradıcı heyət toplamış, gücünü səfərbər edə bilmişdir.
1931-ci ildə isə “Şərq qapısı” qəzeti özünün 10 illik yubileyini qeyd edir. Qəzetin 25 iyul 1931-ci il tarixli nömrəsi yubileyə həsr olunub. Bu münasibətlə Bakıda çıxan “Kommunist”, Tbilisidə çıxan “Zarya vostoka” qəzetləri, Gürcüstan K(b)P Mərkəzi Komitəsinin orqanı olan “Yeni kənd” qəzeti də “Şərq qapısı” qəzetinin 10 illik yubileyi münasibətilə təbrik məktubu göndərmiş və yaradıcı kollektivə uğurlar arzulamışlar.
1933-cü ilin 30 dekabr tarixi də qəzet üçün yaddaqalan günlərdən birinə çevrilir. Həmin gün qəzetin 1000-ci nömrəsi çapdan çıxır. Bu münasibətlə də yubiley nömrəsi nəşr olunur.
“Şərq qapısı” ilə bağlı öyrəniləsi, hələ də qaranlıq qalan məqamlardan biri də 1937-1938-ci illərlə bağlıdır. Bu dövrdə ölkədə tüğyan edən repressiyalar dalğası bu qəzetin redaksiyasından da yan ötməyib. Məsələn, 1937-ci il 19 fevral tarixindən ilin sonunadək qəzetə 5 nəfər redaktorluq edib: Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Musa İsmayılov, Xəlil Əminov.
“Şərq qapısı” qəzetinin əmrlər kitabında yazılmış 19 may 1937-ci il tarixli 24 №-li əmrdə deyilir: “Məsul redaktor Şirəli Şirəliyevin üzərində ləkələndirici material olduğundan Oblast Partiya Komitəsinin qərarı ilə redaktorluq vəzifəsindən azad edilsin. Həmin tarixdən redaktorluq vəzifəsi müvəqqəti Hüseyn Mahmudova tapşırılsın”.
Ə.Hacızadənin redaktorluq fəaliyyəti cəmi 13 gün çəkib. Xəlil Əminovun redaktorluq fəaliyyəti isə bir qədər uzun çəksə də, yaxşı sonluqla bitməyib. 1 dekabr 1938-ci il tarixdə o, Vilayət Partiya Komitəsinin qərarı ilə tutduğu vəzifədən azad olunub. Həmin tarixdən müvəqqəti redaktor təyin olunan Musa İsmayılov isə 1939-cu ilin 5 fevralında öz vəzifəsi ilə vidalaşıb. Bundan sonra redaktor təyin olunan Mustafa Quliyevin redaktorluğu 15 mart 1941-ci ilədək davam edib.
Göründüyü kimi, qəzet yalnız Naxçıvanda maarif və mədəniyyətin, elmin inkişafına xidmət etməmiş, eyni zamanda yaradıcı insanların üzə çıxmasında, jurnalistika üzrə kadrların hazırlanmasında fundamental baza rolunu oynamışdır.

(Ardı var)
Surə SEYİD
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR