23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında muxtar respublika mətbuatının inkişafında xidmətləri olan jurnalistlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
İyulun 3-də “Şərq qapısı” qəzetinin redaksiyasında muxtar respublika mətbuatının inkişafında xidmətləri olan jurnalistlərdən Prezident təqaüdçüsü Səxavət Kəngərli, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Cəfərqulu Paşayev və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcovla görüş keçirilmişdir.

Naxçıvan Mətbuat Şurası üzvlərinin, “Şərq qapısı”, şəhər və rayon qəzetləri əməkdaşlarının iştirak etdikləri tədbiri “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov açaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Naxçıvan mətbuatı dünən və bu gün” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı şərəfli inkişaf yolu keçmiş, milli şüurun və özünüdərkin formalaşmasında bütöv bir səhifə açmışdır. “Əkinçi”dən sonra fəaliyyətə başlayan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Həyat”, “Molla Nəsrəddin” və bu kimi başqa nəşrlər “Əkinçi”nin yaratdığı ənənələri davam etdirmişlər. Naxçıvanda sovet hakimiyyətinin qurulmasından sonra “Naxrespublika”, “Cavanlar həyatı”, daha sonra “Füqəra səsi” adı ilə həyata vəsiqə alan və regionumuzun güzgüsünə çevrilən “Şərq qapısı” qəzeti də dövrümüzün salnaməsinin yazılmasında mühüm rol oynamışdır.
Rövşən Hüseynov qeyd etmişdir ki, Azərbaycan mətbuatının əsl inkişafı ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-mətbuat münasibətlərinin əsası qoyulmuş, ölkəmizdə söz və fikir azadlığı təmin edilmiş, jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Bu gün ulu öndərin əsasını qoyduğu mətbuata qayğı siyasəti ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2000-ci il mart ayının 29-da imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamına əsasən muxtar respublikada fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilmiş, onların maddi-texniki bazaları gücləndirilmişdir. Bu gün “Şərq qapısı”, şəhər və rayon qəzetləri yüksək poliqrafik keyfiyyətdə nəşr olunur, mətbuat işçilərinin əməkhaqları artırılır, onların sosial-məişət şəraiti yaxşılaşdırılır.
“Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzimova çıxışında demişdir ki, Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində Naxçıvan mətbuatının inkişafında xidmətləri olan qocaman jurnalistlərlə görüşlərin keçirilməsinin mühüm əhəmiyyəti vardır. Çünki bu jurnalistlər müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmələrindən asılı olmayaraq, milli mətbuatın inkişafında əsl fədakarlıq nümayiş etdirmişlər. Həmin jurnalistlərin mətbuat sahəsindəki fəaliyyəti bugünkü gənclər üçün örnəkdir.
Görüşdə Səxavət Kəngərli, Cəfərqulu Paşayev və Fərəc Fərəcov çıxış edərək Azərbaycan milli mətbuatının keçdiyi yoldan danışmış, çalışdıqları dövrlə bu günü müqayisə edərək muxtar respublikada mətbuata göstərilən dövlət qayğısının nümunə gücündə olduğunu bildirmişlər. Qocaman jurnalistlər yaradılan şəraitdən səmərəli istifadə edilməsinin vacibliyini bildirmiş, gənc jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR