23 Dekabr 2024, Bazar ertəsi

Cəmiyyətin inkişafında sürət və yeniləşmə müasir dövrün ən əsas tələblərindəndir. Bu tələbatı ödəyə bilmək üçün isə yeni texnologiyaların imkanlarından idarəetmə proseslərində və informasiya mübadiləsində istifadə olunması, informasiya cəmiyyəti quruculuğunda mühüm mərhələ olan “Elektron hökumət” layihəsinin başa çatdırılması böyük əhəmiyyət kəsb edir. 

Demokratik dəyərlərə üstünlük verildiyi, insan amilinin önə çəkildiyi bir ölkə kimi Azərbaycan Respublikasında və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyalarının cəmiyyət idarəetməsinin bütün sahələrində sürətli tətbiqi bir inkişaf indeksi kimi artıq dünyanın diqqətini çəkməkdədir.
Ölkəmizin müasir sürətli inkişafı, xalqımızın müstəqil dövlət quruculuğunun müxtəlif pillələrində əldə etdiyi nailiyyətlər, hər şeydən əvvəl, Azərbaycan vətəndaşlarının rifahı naminə aparılan düzgün iqtisadi siyasətin nəticəsidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hələ keçən əsrin 70-ci illərindən başlayan hərtərəfli inkişafın ümumi mənzərəsinə baxdıqda görürük ki, bu gün haqqında danışdığımız bir çox məsələlər hələ o zamanlar böyük uzaqgörənliklə doğma Azərbaycanın gələcəyi naminə planlaşdırılmışdır. Bu siyasət həmçinin həmin dövrdə sözügedən sahənin – cəmiyyətin inkişafının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi istiqamətində də özünü göstərirdi. O zamanlar ulu öndər respublikamız üçün məhz elmtutumlu, dövrünə görə qabaqcıl hesab edilən texnologiyalara əsaslanan sahələrin yaradılmasına ciddi diqqət yetirir, Azərbaycanın ali təhsil ocaqlarında, habelə xaricdə və ittifaqın digər mərkəzi şəhərlərində elektronika, avtomatika və hesablama texnikası üzrə mütəxəssislər yetişdirilməsinə xüsusi fikir verir, elektron avadanlıq istehsal edən bir çox müəssisələrin yaradılmasına çalışırdı.

Bu addımlar müstəqillik illərində daha da qüvvətləndi. Yeniləşən Azərbaycanda cəmiyyətin lazımi informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur, İKT-nin inkişafının elm iqtisadiyyatında yeri aydın görünür. Ona görə də ölkəmizdə neft sahəsinə alternativ olan kənd təsərrüfatı və turizm ilə bərabər, İKT sektorunun da inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən biridir.
Bu məqsədlərə çatmaq üçün ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” qəbul olunmuş, daha sonra Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” təsdiq edilmişdir. Məhz bundan sonra ölkəmizdə və muxtar respublikamızda “Elektron hökumət”in yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş və artıq cəmiyyət həyatının mühüm sahələrində qarşıya çıxan yüzlərlə sayda müxtəlif idarəetmə məsələlərində ənənəvi qaydadan imtina edilərək elektron zəminə keçid təmin olunmuşdur.
Bəs “Elektron hökumət” çərçivəsində təklif olunan bu qədər xidmətlərin cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir? Müasir dövrdə elektron informasiya resurslarına olan tələbat inkişafın elə bir mərhələsində başlayır ki, bu zaman insanlar təkcə qloballaşmanın yaratdığı iqtisadi, sosial, mədəni tələbatların ödənilməsi üçün deyil, eyni zamanda yaşadığı ölkənin əksər idarəetmə institutları ilə yaranan qarşılıqlı məsələlərin, öz gündəlik həyatlarının və ya fərdi sahibkarlıq qayğılarının həlli zamanı bu imkanlardan istifadə edə bilmə zərurəti duyurlar. Şübhəsiz, burada informasiya-kommunikasiya texnologiyalarının özünün çox sürətli inkişafı və onların müxtəlif sahələrdə tətbiq imkanlarının genişlənməsi də mühüm rol oynayır.
Bu gün Naxçıvan Muxtar Respublikasında müxtəlif idarəetmə qurumlarının 276 adda elektron xidmətləri təklif olunmaqdadır. İndi vətəndaşlar Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına (http://e-hokumet.nmr.az) daxil olmaqla müxtəlif dövlət qurumlarına birbaşa elektron müraciət yollaya, öz şəxsi, vətəndaşlıq və biznes məsələlərinin həlli üzrə həmin təşkilatların internet vasitəsilə göstərdiyi xidmətlərdən saniyələr içində yararlana bilərlər. Bu gün muxtar respublika sakinləri bank hesabının açılmasını, müxtəlif fəaliyyət növləri üçün lisenziyanın alınmasını, müxtəlif xidməthaqlarının onlayn ödənilməsini, əmtəə nişanının qeydiyyatdan keçirilməsini, pensiyaçılara məlumatların verilməsini internet üzərindən reallaşdırırlar. Bundan başqa, insanlar hərbi xidmətkeçmə haqqında arayışın, arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, abituriyentlərin ərizələrinin onlayn qəbulu, sürücülük vəsiqəsinin verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu, elektron vergi bəyannaməsinin qəbulu kimi çox sayda elektron xidmətlərdən istifadə edə bilirlər. Nəticə isə vətəndaşın və eləcə də dövlət qurumunda çalışan məmurların vaxtına qənaət olunması, uyğun əməliyyatları daha operativ, daha az xərclə reallaşdırmaq imkanının qazanılmasıdır. Bu isə modern cəmiyyət quruculuğunun və çevik idarəetmənin təmin edilməsinə, işin səmərəli təşkilinə öz müsbət təsirini göstərir.
Hər birimiz vaxt itkisinə yol vermədən lazımi məsələlərin tam, təhlükəsiz və qüsursuz həll olunmasına çalışırıq. Bunun üçün elektron informasiya mübadiləsi imkanlarını artıran infrastrukturun yaradılması və ona çıxışın təmin olunması daim dövlətin diqqət mərkəzindədir. Muxtar respublikamızda bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanının, 2012-ci il dekabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirənin mühüm əhəmiyyəti olmuşdur. Naxçıvan Muxtar Respublikasında elektron xidmətlərin təşkili, dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutan internet saytlarının yaradılması indi qarşıya qoyulmuş mühüm vəzifələrdəndir. Muxtar respublikamızda “Elektron hökumət” layihəsi infrastrukturu üzrə görülən işlərin həcmi, bütün yaşayış məntəqələrində internetə çıxışın təmin olunması, dövlət idarələrinin, təhsil müəssisələrinin yeni nəsil kompüter avadanlıqları ilə təchiz edilməsi, əhalinin kütləvi şəkildə elektron xidmətlərdən istifadə etməsinə yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsi qarşıya qoyulmuş bu məqsədlərə çatmaq üçün çox mühüm əhəmiyyət daşıyır. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında distant təhsil infrastrukturunun yaradılması, muzeylərlə təhsil müəssisələri arasında onlayn dərslərin təşkili bu sahədə yüksək inkişaf mərhələsi keçdiyimizdən xəbər verir.
Naxçıvanda artıq ənənə halını almış “Elektron Naxçıvan” konfranslarının keçirilməsi, bu vacib sahədə işlərin daha da təkmilləşdirilməsi dünya təcrübəsinin tətbiqi baxımından mühüm tədbirlərdəndir. Nəticədə, muxtar respublikamızda “Elektron hökumət” layihəsi üzrə görülmüş işlərin bəhrəsi artıq göz qabağındadır. Belə ki, təkcə Naxçıvanda keçirilən mühüm beynəlxalq tədbirlərin internetlə dünyanın istənilən yerindən canlı olaraq izlənilməsi bunun, bir növ, dünyaya nümayişidir.
Elektron texnologiyanın imkanları sonsuz olduğu kimi, “elektron cəmiyyət” quruculuğunda da perspektivlər genişdir. Buna nail ola bilmək üçün isə önümüzdə geniş fürsətlər, tətbiqini gözləyən çoxlu sahələr vardır. Şübhə yoxdur ki, yaradılmış şəraitdən və elektron resurslardan maksimum səmərə ilə istifadə edə biləcək kadrlarımızın hazırlanması və onların qüvvəsindən istifadə olunması ilə cəmiyyətin tam informasiyalaşdırılmasını uğurla başa çatdıracağıq. İndi buna bizim hər cür imkanımız vardır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR